Şriftin ölçüsü :

Saytın rəngi :

İnfrastruktur

2022-ci ilin I rübü ərzində Quba rayonunun sosial-iqtisadi

inkişafı ilə əlaqədar görülən işlər

 

Ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da 2022-ci ilin birinci rübündə xeyli işlər görülmüş və qarşıya qoyulmuş vəzifələrin maksimum həllinə səy göstərilmişdir. Quba rayonunun 2022-ci ilin üç ayı üzrə cəmi gəlirləri 5757.7 min manat proqnoza qarşı 6276.3 min manat 109.0% və ya 518.6 min manat artıqlaması ilə yerinə yetirilmişdir. O cümlədən fiziki şəxslərdən gəlir vergisi 1836.5 min manata qarşı 2251.9 min manat və ya 122.6%, mənfəət vergisi 522.0 min manata qarşı 600.0 min manat və ya 114.9 %, əmlak vergisi 370.2 min manata qarşı 206.6 min manat və ya 55.8 %, əlavə dəyər vergisi 2461.1 min manata qarşı 2494.0 min manat və ya 101.3 %, cərimə və sanksiyalar 33.2 min manata qarşı 72.6 min manat və ya 218.6%, mədən vergisi 14.6 min manata qarşı 14.7 min manat və ya 100.7%, %, sadələşdirilmiş vergi 200.8 min manata qarşı 275.1 min manat, və ya 137.0%, aksiz vergisi 14.0 min manata qarşı 8.0 min manat və ya 57.1%, dövlət rüsumu 231.5 min manata qarşı 327.0 min manat və ya 141.3%, hüquqi şəxslərdən torpaq vergisi 41.8 min manata qarşı 0.4 min manat, və ya 1.0%, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən icarə haqqı 31.8 min manata qarşı 25.9 min manat və ya 81.5 % icra edilmişdir.

Rayonun 2022- ci ilin üç ayı üzrə yerli xərcləri 1148.5 min manat üç aylıq təyinata qarşı 771.5 min manat və ya 67.2 % və ya 377.0 min manat kəsirlə icra edilmişdir. Xərc edilmiş vəsaitin 511.5 min manatı və ya 66.3 %-i əmək haqqı və ona bərabər tutulan xərclərin ödənilməsinə yönəldilmişdir.

Rayonun bütün ərazisində təmizlik və abadlıq işləri aparılmış, səliqə-səhman yaradılmışdır.
            Bu ilin birinci rübü ərzində rayonda əhalinin fasiləsiz olaraq təbii qaz, elektrik enerjisi və içməli su ilə təmin edilməsi məqsədilə lazımi işlər görülmüşdür.
            2022-ci ilin ötən dövrü ərzində Quba rayonunun müxtəlif ünvanlarında qaz xətlərində 465 metr təmir bərpa işləri aparılmışdır, 512 metr uzunluğunda istismarı dayandırılmış qaz xətləri demontaj olunmuşdur.

            Rüb ərzində Quba rayonunun müxtəlif ünvanlarında 1070 metr uzunluğunda daşıyıcı qaz xətləri boyanmış, Xidmət sahəsinin ərazisində quraşdırılmış  8 ədəd qaz tənzimləyici şkafın oturacağı üçün meydança hazırlanmış və betonlanmış, müxtəlif diametrli qaz xətlərində aşkar olunmuş 132 ədəd qaz sızması qaynaq vasitəsilə ləğv olunmuşdur.

            Qazi və şəhid ailələrinin təbii qazla təmin olunması məqsədilə Birinci Nügədi kəndində D/57 mm-lik 97,32 metr uzunluqda  yeni qaz xətti çəkilmiş, Ağbil, Birinci Nügədi və İkinci Nügədi kəndlərində qazi ailələrinə məxsus fərdi yaşayış evləri qazlaşdırılmışdır.

            Rüb ərzində qəza dispetçer xidmətinə abonentlər tərəfindən qaz sayğaclarında, fərdi qaz tənzimləyicilərdə, məişət qaz cihazlarında baş verən sızma və nasazlıqlarla əlaqədar daxil olmuş 369 ədəd sifariş icra olunmuşdur.

            1-ci rüb ərzində “Təmiz Qaz” QSC tərəfindən 714 ədəd qaz sızması və 63 ədəd neqativ hal aradan qaldırılmışdır.

2022-ci ilin ötən dövrü ərzində Quba şəhərində və rayonun digər yaşayış məntəqələrində elektrik enerjisi sisteminin dayanıqlığını artırmaq məqsədilə ümumilikdə 0,4-6-10 kV-luq elektrik veriliş xətlərində 41 ədəd istismara yararsız dayaqlar yeni dayaqlarla əvəz olunmuş, 119 ədəd izolyator dəyişdirilmiş, 2,3 km yararsız naqil yeni AS-50 və AS-35 markalı naqillə əvəz olunmuş, 36 ədəd əyilmiş dayaq düzləndirilmiş, 17,5 km məsafədə sallaq naqillər taramlanmış və xəttə maneə törədən ağaclarda budama işləri aparılmışdır.

Bundan əlavə 6-10/0,4 kV-luq  KTM-lərdə 2 ədəd 0,4 kV-luq ayırıcı quraşdırılmış və 13 ədəd KTM-in ətrafı alaq otlarından təmizlənmiş və profilaktik təmir işləri aparılmışdır.

6-10/0,4 kV-luq 3 ədəd KTM-də  zədələnmiş transformatorlar yeni daha güclü transformatorlarla əvəz olunmuşdur. 5 ədəd KTM-də çəpərlənmə yenidən qurulmuş, təhlükəsizlizlik plakatları  asılmış KTM rənglənərək və dispetçer yazıları yazılmışdır.

ASAN xidmətlə bağlı ümumilikdə 13 ədəd ÖİN dayaq quraşdırılmış, 496 metr müxtəlif ölçülü ÖİN markalı kabel çəkilmişdir. Həmçinin 10 kV-luq Bələdiyyə HX-də 2 ədəd dayağın yeri dəyişdirilmiş və 100 metr məsafədə sallaq naqillər taramlanmışdır.

Enerji satış sahəsi tərəfindən keçirilən reydlər zamanı EEİQ-in tələblərini kobud şəkildə pozmuş əhali abonentlətindən 65 ədəd və q/əhali abonentlərindən 7 ədəd akt tərtib olunmuş və 93945 kvt/s yəni 9412 manat itirilmiş enerji bərpa edilmişdir.

Laboratoriya şöbəsi tərəfindən 34 ədəd sayğac SMART kart tipli, 1610 ədəd sayğac elektron tipli sayğacla əvəz olunmuş və 103 ədəd yeni abonent üçün sayğac quraşdırılmışdır.

Həyətlərdə olan 16 ədəd sayğac çölə çıxarılmış və bu zaman 200 metr 2x10 markalı kabel istifadə olunmuşdur.

Hesabat dövründə rayonun içməli su təchizatı və kanalizasiya xidməti, eyni zamanda əhaliyə göstərilən rabitə xidmətinin yaxşılaşdırılması və internet texnologiyalarının tətbiqi istiqamətində də müəyyən işlər görülmüşdür.

Cari ilin ötən dövrü ərzində Quba şəhərinin Dəvədabanı yaşayış massivində, 32-33 kvartalda, Vaqif küçəsində, köhnə avtovoqzal ərazisində yeni GPON texnologoyası tətbiqi ilə əlaqədar paylayıcı xətt şəbəkəsinin tikinti işləri aparılmışdır. Rayonun Vladimirovka, Qəçrəş, Xnalıq kəndlərinin hər birində tutumu 1024 N olan OLT avadanlıqları montaj olunaraq istifadəyə verilmişdir.   

Cari ilin hesabat dövrü ərzində Quba Regional Təlim Mərkəzinə kənd təsərrüfatının müxtəlif sahələri üzrə 45  fermer müraciət etmiş və həmin fermerlərin qeydiyyatı aparılaraq aidiyyatı üzrə məsləhətlər verilmişdir. 7 nəfər fermerə texniki yardım (bağsalma, budama, tinglikdə aparılan aqrotexniki xidmətlər və s.) göstərilmişdir.

         Aqrar Məsləhət Xidmətinin Gücləndirilməsi Layihəsi çərçivəsində Erkən xəbərdarlıq sistemi vasitəsilə əldə olunmuş məlumatların fermerlərə ötürülməsi üçün sistemin qurulması məqsədilə FAO əməkdaşları ilə razılıq əldə olunmuşdur.

         Gilas bitkisinin respublikamız üçün yeni olan telli tərbiyə sistemində becərilməsinin fermerlərə nümayiş etdirilməsi üçün tərəfimizdən FAO-ya müraciət edilmiş və Aqrar Məsləhət Xidmətinin Gücləndirilməsi Layihəsi çərçivəsində 0,5 ha ərazidə superintensiv tipli gilas bağının salınmasına razılıq əldə edilmişdir. Fermerlərə nümayiş etdirmək məqsədilə Təlim  Mərkəzinin həyətyanı ərazisində əkilmiş 100-ə yaxın yeni introduksiya olunmuş meyvə sortlarına aqrotexniki qulluq işləri göstərilmişdir. Fermerlərə nümayiş etdirmək məqsədilə kiçik ərazidə modern meyvə tingliyi yaradılmışdır.

DSMF 1 saylı Quba – Xaçmaz regional filialı üzrə «Dövlət sosial sığorta sistemində Fərdi uçot haqqında» Azərbaycan Respublikası Qanununun və Respublika Dövlət Sosial Müdafiə Fondunun müvafiq hüquqi – normativ sənədlərinin tələblərinə uyğun olaraq 2022-ci ilin 3 ayı ərzində fərdi uçot sistemi üzrə sığortaolunanların uçot-qeydiyyat işləri, müvafiq hesabatların qəbulu, onların nəzarət qaydasında yoxlanılaraq emal edilməklə mərkəzi bazada fərdi hesablara köçürülməsi,sığortaolunanların 01 yanvar 2006-cı ilədək qazanılmış iş stajlarının əmək kitabçalarına əsasən elektron məlumatlarının qeydə alınması və digər müvafiq istiqamətlərdə fəaliyyətimiz üzrə işlərin icrası davam etdirilmişdir.

DSMF 1 saylı Quba – Xaçmaz regional filialında Quba rayonu üzrə funksional vəzifə fəaliyyətinin digər mühüm sahəsi də əhaliyə pensiya təminatı xidmətidir. Hazırda filialın Quba rayonu  üzrə 14675 nəfər pensiyaçı qeydiyyatdadır. Bunlardan 13041  işləməyən, 1634 nəfəri isə işləyən pensiyaçılardır.

Filialda Quba rayon üzrə sosial müavinətlərin təyin edilib ödənilməsi istiqamətində də tədbirlər həyata keçirməkdədir. Hazırda rayon üzrə 3713 nəfər yaşa görə, 638 nəfərə 402 ailə üzvünə ailə başçısını itirdiyinə görə, 1694 nəfər fiziki qüsuruna görə müavinət alanlardır. Onlardan 523 nəfəri I qrup, 1109 nəfəri II qrup, 1070 nəfəri III qrup, 680 nəfər isə 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar təşkil edir. Bununla yanaşı 70 nəfər 20 Yanvar, 247 nəfər şəhid ailə üzvünə 32 nəfər fəxri ada layiq olanlar, 4828 nəfər Prezident təqaüdü, beşdən çox uşağı olan qadınların18 yaşına çatmamış 174 nəfər uşağına (55 ailəyə hər birinə 70 manat) sosial müavinət, Çernobıl qəzası nəticələrinin aradan qaldırılmasında iştirak etmiş və əlil olmuş 22 nəfərin müalicə xərcləri və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin adaptasiyası”haqqında Qanuna müvafiq olaraq 12 nəfərə birdəfəlik maddi yardım verilmişdir.

            9 saylı Ərazi Məşğulluq filialı 2022-ci ilin birinci rübü ərzində qarşıya qoyulmuş vəzifələrin icrasına nail olmaq məqsədilə əhalinin məşğulluq səviyyəsinin artırılması və tam məşğulluğun təmin edilməsi üçün səy göstərilmişdir. İşsiz və işaxtaran şəxslərlə işin təşkilinə xüsusi önəm verilmiş, onların münasib işlə təmin olunması və ya aktiv məşğulluq tədbirlərinə cəlb olunması məqsədilə lazımi tədbirlər görülmüşdür.

2022-ci ilin birinci rübü ərzində Quba rayonu üzrə 147 şəxs işlə təmin edilmiş,

54 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur. Əmək müqaviləsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müxtəlif səbəblərdən xitam verilmiş 7 şəxsə işsizlikdən sığorta ödənişi təyin edilmişdir.

Bu ilin ötən dövründə 39 vətəndaş özünüməşğulluğa cəlb edilmiş və əmlakla təmin edilmişdir. Onlardan 3 nəfəri şəhid ailəsinin üzvləri, 1 nəfəri Qarabağ müharibəsi əlili, 2 nəfər ümumi səbəbdən əlil, 1 nəfər müharibə veteranı və 6 nəfəri isə gənclərdir. 

2022-ci ilin birinci rübü ərzində rayonun kənd təsərrüfatı sahəsində müəyyən işlər görülmüşdür. Rayon ərazisində 11193 hektar payızlıq əkin sahələrinin 9106 hektarı buğda, 2087 hektarı isə arpa sahələridir. Əkin sahələrinin 3865 hektarında gəmiricilərə qarşı kimyəvi mübarizə aparılmış, 3190 hektarında yemləmə gübrəsi verilmişdir.

Rayonumuzda mövcud olan 18523 hektar meyvə bağında hazırda yaz becərmə işləri sürətlə həyata keçirilir. Belə ki budama, formavermə, gübrələmə, yumşaltma, yaz suvarması, bağların kol-kosdan və budanmış budaqlardan təmizləmə işləri başa çatmaq üzrədir. Mövcud meyvə bağlarının 3380 hektarında kompleks şəkildə erkən yaz, 2340 hektarında isə yaz kimyəvi mübarizə işləri həyata keçirilmişdir.

            Rayonda 3754 hektarın da yazlıq bitkilərinin əkilməsi o cümlədən 1360 hektar kartof, 1694 hektar tərəvəz, 700 hektar isə sair tərəvəz və yem bitkilərin əkilməsi nəzərdə tutulmuşdur.

Bildiyimiz kimi əkin subsidiyalarının verilməsində müəyyən dəyişikliklər həyata keçirilmişdir. Əkin subsidiyasının alınmsından ötəri fermerlər iki müddətdə bəyan etmə prossesi həyata keçirirlər. Birinci müddət payızlıq taxıl sahələri (sentyabr-dekabr), ikinci müddət meyvə bağları və yazlıq əkin üçün (yanvar-may) nəzərdə tutulmuşdur. Artıq taxıl sahələri üçün subsidiyanın məbləği fermerlərin kart hesablarına köçürülmə prosesi başa çatmaq üzrədir. Meyvə bağları və yazlıq əkin üçün əkin bəyan prosesi ilə 75%-ə qədər həyata keçirilmiş və yaxın vaxtlarda vəsaitin fermerlərin kart hesabına köçürülmə prosesinə başlanılacaqdır.

2022-ci ilin üç ayı ərzində rayonumuzda heyvandarlıq sahəsində bir sıra işlər görülmüşdür. Belə ki, rayonda hazırda 58232 baş iribuynuzlu qaramal, 244855 baş xırdabuynuzlu davarlar 242678 baş quş mövcuddur.

Rüb ərzində 101134 ton süd, 1847,3 ton ət, 2068000 ədəd yumurta istehsal olunmuşdur.

Rayonda mövcud bütün heyvan növləri üzrə müxtəlif xəstəliklərə qarşı qan analizləri aparılmış müvafiq peyvəndləmə işləri qrafikə uyğun olaraq yerinə yetirilir.

            İlin 3 ayı ərzində rayona məxsus olan 100 baş  İHB-dan seçmə üsulu ilə qan sınaqları alınaraq bruselyoza qarşı yoxlanılması üçün  Quba Regional Sınaq Laboratoriyasına verilmişdir.

            İlin 3 ayi ərzində 711 baş qapı və çoban iti quduzluq xəstəliyinə qarşı; 22115 baş İHB A.O. Asya -1 tipi ilə, 33833 baş XBH-da A.O-tipi ilə Dabaq xəstəliyinə , qarşı peyvənd olunmuşdur. Hal-hazirda İBH və, XBH-da Dabaq xəstəliyinə, ev itlərində Quduzluq xəstəliyin qarşı peyvəndləmə davam etdirilir.

    Yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər aparılmışdır. Rayon ərazisində heyvanlar arasında qorxulu infeksion xəstəliklər müşahidə edilməmişdir.

2017-ci ildən 2021-c ilədək rayon ərazisindən 3,5 milyon kv.metr asfaltanma işləri görülmüş, cari ildə də bir sıra istiqamətlərdə yeni yolların tikintisi, küçə və məhəllələrin asfaltlanması işləri davam etdiriləcəkdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargahın tövsiyələrinə və tətbiq olunan Xüsusi Karantin rejiminin tələblərinə uyğun olaraq ötən müddət ərzində rayonumuzda da bütün istiqamətlərdə kompleks tədbirlər həyata keçirilmiş, Rayon İcra Hakimiyyəti başçısının 16 mart 2020-ci il tarixli 52 nömrəli sərəncamı ilə, rayon ərazisində Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı yanında tərkibində bütün aidiyyəti təşkilatların rəhbər şəxslərinin təmsil olunduğu Operativ Qərargah yaradılmışdır. Rayonun bütün yaşayış məntəqələrində mütəmadi olaraq maarifləndirmə və izahat işlərinin aparılması məqsədilə hər birinin tərkibi 4 nəfər nüfuzlu şəxsdən ibarət olan ümumilikdə 140 mobil qrup işini 2022-ci ilin birinci rübündə də davam etdirmiş, rayon rəhbərliyinin bilavasitə iştirakı ilə mütəmadi olaraq əhali arasında maarifləndirmə və izahat işləri aparılmış, rayonun bütün yaşayış məntəqələrində, əhalinin çox toplaşdığı yerlərdə, idarə, müəssisə, təşkilatların, ictimai-iaşə obyektlərinin binalarında, nəqliyyat vasitələrində müvafiq maarifləndirici materiallar və Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış müraciətlər yerləşdirilmişdir.

Məlum olduğu kimi belə qlobal problem dövründə də möhtərəm Prezidentimiz cənab İlham Əliyev, həmçinin respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva vətəndaşlarımızın sağlamlığını ön plana çəkmiş və xalqımıza hərtərəfli dəstək göstərmişdir. Hazırda ölkəmizdə 18 yaşından yuxarı şəxslərin vaksinasıyası aparılır. Respublikamızın bütün bölgələrində olduğu kimi rayonumuzda da koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi uğurla davam etdirilir. Əhali 1-ci, 2-ci və “booster” dozası (3-cü doza) üzrə vaksinasiyaya cəlb edilməkdədir. Rayonumuzun sakinləri “Quba Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən təşkil olunmuş 2 vaksinasiya məntəqəsində və hər gün rayonumuzun ayrı-ayrı yaşayış məntəqələrinə ezam olunan 3 səyyar vaksinasiya məntəqəsində peyvənd olunmuşdur. Bu müddət ərzində “Quba Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən 187 min 600 doza Sinovac, 8 min 394 doza Pfizer vaksini vurulmuşdur.

2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu uzun müddət düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etdi və tarixi Qələbə qazandı. Müharibənin Qələbə ilə başa çatmasından ötən müddət ərzində daim şəhid ailələri və qazilər diqqətdə saxlanılmış, Quba Rayon İcra Hakimiyyətinin başçısı, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə mütəmadi olaraq müharibədə yaralanmış döyüşçüləri, şəhid ailələrini ziyarət edərək sovqatlar təqdim etmiş, Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən dövlət qayğısı barədə söhbətlər aparmışdır.

Rayon ərazisində, o cümlədən idarə, müəssisə, təşkilatlarda dövlət atributlarının, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin portretlərinin, stendlərin, panoların, təbliğat, təşviqat və reklam lövhələrinin vəziyyəti daim diqqət mərkəzində saxlanılır, tələb olunan yerlərdə vaxtaşırı təkmilləşdirmə və yeniliklər həyata keçirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələri nəzərə alınmaqla rayonumuzda 2022-ci ilin birinci rübündə də ictimai-siyasi sahədə işlər davam etdirilmiş, bütün tədbirlər pandemiya qaydalarına riayət etməklə keçirilmiş, rayonda yubiley və maarifləndirici, həmçinin tarixi, bayram və anım günləri ilə bağlı çoxsaylı silsilə tədbirlər təşkil olunmuşdur.

Bu dövr ərzində Quba rayonunun sakini, 100 yaşı tamam olmuş Əhmədova Fatma İbad qızı yubileyi münasibətilə evində ziyarət edilmiş, şəhid Salamov Taleh Ədalət oğlunun doğum günü ərəfəsində Xırt kəndində məzarı ziyarət edilmiş, 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar şəhidlərin məzarları ziyarət edilmiş, rayonun İkinci Nügədi kəndində Vətən Müharibəsi şəhidi, baş leytenant Mikayılov Rahim Qalib oğlunun il mərasimində rayon rəhbərliyi iştirak etmiş, Qonaqkənd qəsəbə tam orta məktəbinin qarşısında Birinci Qarabağ Müharibəsi şəhidi Orucov Kamran Niyətulla oğlunun, eləcə də qəsəbənin Birinci və İkinci Qarabağ Müharibəsindəki digər şəhidlərinin xatirəsinə yaradılmış bulağın açılış mərasimi olmuşdur.

29 yanvar 2022-ci il tarixdə şəhid ailələrinin üzvləri və qazilər üçün rayonumuzda tibbi aksiya təşkil olunmuş, "Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Könüllü Həkimlər Assosiyasiyasının birgə təşkilatçılığı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin dəstəyi ilə şəhid ailələrinin üzvləri və qazilər üçün regionlarda təşkil olunan növbəti tibbi aksiya “Şahdağ Quba & Truskavets Tibbi Sanatoriyası”nda keçirilmişdir. Elə həmin gün Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonumuzun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri və qəsəbə sakinləri ilə birlikdə rayonumuzun Bağbanlı qəsəbəsində Birinci və İkinci Qarabağ Müharibəsində şəhid olmuş qəsəbə sakinlərinin şərəfinə yaradılan bulaq-xatirə kompleksinin açılış mərasimində iştirak etmişdir.

30 yanvar 2022-ci il tarixdə Bəşir Səfəroğlu adına rayon Mədəniyyət Mərkəzində Quba Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Xəzər Gənclər Evi və Quba Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Adore vita” təşkilatı tərəfindən şəhid, qazi və aztəminatlı ailələrin uşaqları üçün tədbir təşkil edilmiş, tədbir çərçivəsində onlara hədiyyələr təqdim edilmişdir.

1 fevral 2022-ci il tarixdə Quba rayonunun Şuduq kəndində  Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevin iştirakı ilə Ülvi Mikayılov adına Şuduq kənd tam orta məktəbinin yeni quraşdırılmış modul tipli binasının açılış mərasimi olmuş, elə həmin gün Quba Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevin sədrliyi ilə şəhər təsərrüfatında mövcud vəziyyətə həsr olunmuş müşavirə keçirilmiş, müşavirədə Quba şəhərindəki bəzi problemlərlə əlaqədar sosial şəbəkələrdə yayımlanmış videodakı məsələlərə rayon rəhbərliyi tərəfindən dərhal reaksiya verilmiş və həmin problemlərin qısa müddət ərzində aradan qaldırılması üçün aidiyyəti şəxslərə lazımi tapşırıq və tövsiyələr verilmişdir.

2 fevral 2022-ci il tarixdə Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Quba rayon Heydər Əliyev Mərkəzində “2 Fevral - Gənclər günü” qeyd olunmuşdur.

4 fevral 2022-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevin sədrliyi ilə müşavirə keçirilmiş, müşavirədə rayonda COVİD-19 pandemiyasına qarşı vaksinasiya prosesinin gedişatı və digər məsələlər müzakirə edilmiş, aidiyyəti şəxslərə lazımi tapşırıq və tövsiyələr verilmiş, Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev geniş çıxış edərək ötən il rayonda görülən işlər barədə ətraflı məlumat vermiş, eləcə də qarşıda duran vəzifələr və cari ildə rayonda həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə müşavirə iştirakçılarını məlumatlandırmışdır.

23 fevral 2022-ci il tarixdə Rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının yeni sədri Fidan Nizami qızı Hüseynovanın təqdimat mərasimi keçirilmişdir.

25 fevral 2022-ci il tarixdə Mərkəzi Qan Bankının Quba bölməsində talassemiyalı və hemofiliyalı xəstələrə köməklik göstərmək məqsədilə qanvermə aksiyası keçirilmiş, elə həmin gün Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Xocalı şəhərindən rayonumuzda məskunlaşmış məcburi köçkünlərin iştirakı ilə Rayon İcra Hakimiyyətində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

1 mart 2022-ci il tarixdə “Quba Meydanı” Mədəniyyət və İstirahət parkında Od çərşənbəsinə həsr olunmuş tədbir keçirilmiş, 4 mart 2022-ci il tarixdə Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Televiziyasının məsul şəxslərinin rayon ictimaiyyəti ilə görüşü olmuşdur.

7 mart 2022-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidlərin anaları, şəhidlərin həyat yoldaşları və şəhidlərin qız övladlarının iştirakı ilə “Qızılqaya” restoranında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir, 15 mart 2022-ci il tarixdə isə Bəşir Səfəroğlu adına rayon Mədəniyyət Mərkəzində şəhid ailələri və qazilər, rayon ictimaiyyətinin nümayəndələrinin və respublikamızın tanınmış incəsənət xadimləri iştirakı ilə Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir.

28 mart 2022-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Dövlət Təhlükəsizlik Xidmətinin Quba rayon şöbəsinin əməkdaşları 28 mart - Dövlət Təhlükəsizlik Xidməti işçilərinin peşə bayramı münasibətilə rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmişlər.

30 mart 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Quba Palace” otelində “Soyqırım: Ümumbəşəri cinayətlər kontekstindən yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilmiş, konfransda Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri cənab Tahir Budaqov, Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Azərbaycan Respublikasının Baş Prokurorunun birinci müavini cənab Elçin Məmmədov, Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini cənab Elnur Məmmədov, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirinin müavini Tuğba xanım Sarıyönlü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini cənab Gündüz İsmayılov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi cənab Azad Cəfərli, Millət vəkilləri, YAP İdarə Heyətinin üzvləri, ölkədə yaşayan milli azlıqların icma rəhbərləri, tanınmış siyasətçilər, politoloqlar və media nümayəndələri iştirak etmişdirlər. Konfransdan əvvəl iştirakçılar rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini, sonra isə Quba “Soyqırım memorial kompleksi”ni ziyarət etmişlər.

31 Mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar 31 mart 2022-ci il tarixdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quba şəhərində "Soyqırım memorial kompleksi"nə ziyarət təşkil olunmuş, elə həmin gün Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət xidmətinin təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar Quba şəhərində "Soyqırım Memorial Kompleksin"də tədbir keçirilmiş, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət xidmətinin rəisi cənab Azad Cəfərli, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirinin müavini Tuğba xanım Sarıyönlü, AMEA-nın üzvləri, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Tədbirdən əvvəl Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət xidmətinin rəisi cənab Azad Cəfərli rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmişlər.

2022-ci ilin birinci rübü ərzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi keçirilmiş, müsabiqədə Quba şəhər 5 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Afət Rəhimova respublika mərhələsinə vəsiqə qazanmış, Təhsil  Nazirliyinin  müvafiq  əmrinə  əsasən rayonumuzun Yalavanc kənd ibtidai məktəbi tipinin dəyişdirilməsi nəticəsində ümumi orta ümumtəhsil məktəbinə çevrilmişdir.

Məlum olduğu kimi 2020-ci ilin yanvar ayından etibarən Quba Rayon Mərkəzi Xəstəxanası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tərkibinə keçmiş, cari ilin birinci rübü ərzində 1134 nəfər rayon sakini İcbari Tibbi Sığortanın xətti ilə müxtəlif ixtisaslı müalicə müəssisələrinə göndərilmişdir.

2022-ci ilin ötən dövrü ərzində Quba Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinin, zəngin siyasi irsinin, dövlətçilik və azərbaycançılıq məfrukəsinin təbliği ilə əlaqədar çoxsaylı silsilə tədbirlər, dəyirmi masalar, elmi-praktik konfranslar keçirilmişdir.

Ötən dövr ərzində mədəniyyət müəssisələrinə və qoruqlara gələn ziyarətçilərin ümumi sayı 43 min 168 nəfər olmuşdur ki, onlardan da 42 min 685 nəfərini yerli, 483 nəfərini isə xarici ziyarətçilər təşkil etmişdir.

Bu müddət ərzində Quba idmançıları bir sıra müxtəlif səviyyəli yarışlarda iştirak etmiş, 23-ü qızıl, 47-si gümüş və 24-ü bürünc olmaqla, ümumilikdə 94 medal qazanmışlar.

Rayon İcra Hakimiyyətinində vətəndaşların müraciətləri ilə bağlı işlərə də xüsusi diqqət yetirilmişdir. 2022-ci ilin ilk üç ayı ərzində 713 yazılı müraciət daxil olmuşdur. Rayon İcra Hakimiyyətinin başçısının müəyyən edilmiş qrafik əsasında səyyar vətəndaş qəbulları keçirilməkdədir.

 

 

 

Keçidlər