Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət siyasətinin strateji prioritetləri.

07 yanvar 2021 | 16:00

Mədəniyyət siyasətinin strateji prioritetləri
Özünəməxsusluğun və milli identikliyin qorunması mədəniyyət siyasətinin qarşısında duran strateji prioritetlərdəndir. Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili,  milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir.
Azərbaycan dilinin qorunması hər bir vətəndaşın vəzifəsidir. Zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilin dəyişilməsinə səbəb olur. Dilin orijinallığının qorunması məsələsi media ilə bağlı qurumların, eləcədə telekanalların da öhdəsinə yeni vəzifələr müəyyən edir.
Ümummillli lider Heydər Əliyev öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçün çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini vurğulayırdı. Ulu Öndərin  təşəbbüsü ilə hər il Azərbaycanda  avqustun 1-i Azərbaycan əlifbası və dili günü kimi qeyd olunur.
Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Azərbaycan dilinin müxtəlif tərcümə, izahlı, terminoliji, etimolji lüğətlərinin hazırlanıb çap olunmasında müşahidə olunan nizamsızlığın aradan qaldırılması, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan azərbaycanlıların folklorunun, dialekt və ləhcələrinin öyrənilməsi kimi məsələlər də gündəmə gətirilməlidir.
Milli-mədəni irs nümunələrinin tanıdılması fəaliyyətin əsas prioritetlərindən biri kimi qalmalıdır. Azərbaycan muğamı xalqın milli sərvətidir. Mövcud istiqamətdə UNESCO ilə əməkdaşlıq qarşılıqlı maraqlar əsasında davam etdirməlidir. Muğam sənəti bir neçə ölkədə mövcud olmasına baxmayaraq, Azərbaycan muğam sənətinin mərkəzidir.
Azərbaycanda dini abidələr xüsusi olaraq qorunur və qorunacaq. Dövlət başçısının göstərişi ilə bütün əsas dini abidələr təmir olunub. Bir çoxları, o cümlədən Heydər məscidi yenidən tikilib. Digər məscidlər tarixi simaları qorunmaqla əsaslı təmir edilib. Dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş Şamaxı Cümə məscidi  yenidən qurulub. Xristian dini abidələri, alban kilsələri, cümlədən Nic qəsəbəsindəki kilsə, Kiş kilsəsi təmir edilib. Azərbaycanda xristian dininə mənsub olan abidələr var: alban kilsələri, Kiş kilsəsi, Xudavəng kilsəsi. Artıq işğaldan azad olunmuş Xudavəng kilsəsi öz sahiblərinə, udi qardaşlarımıza qaytarılıbdır. Baxmayaraq ki, ermənilər bunun həm adını dəyişdirdilər, həm də orada aparılan saxtakarlıq işləri nəticəsində onun görünüşünü dəyişdirdilər, onu erməniləşdirmək istədilər, amma buna nail ola bilmədilər. Udi qardaşlarımız artıq Xudavəng kilsəsində öz ibadətlərini etmişlər. Qafqaz Albaniyasına aid olan bütün digər kilsələr, o cümlədən Nic qəsəbəsindəki kilsə. Heydər Əliyev Fondu tərəfindən təmir olunan bu kilsə müharibə zamanı açılıb və Azərbaycana qarşı əsassız ittihamlar irəli sürənlərə ən gözəl cavab məhz budur.
Multikultural dəyərlərin qorunması Azərbaycanın UNESCO ilə əməkdaşlığının əsas istiqamətlərindən biri olmalıdır. Azərbaycanda multikultural cəmiyyəti bir çox ölkələr üçün örnəkdir. Bakıda səfərdə olan Roma Papası Fransiskin, İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin bəyanatlarında bu fakt xüsusi vurğulanır.
Memarlıq əsərləri Azərbaycan mədəniyyətin və incəsənətinin vizit kartlarındandır. Azərbaycanın memarlıq əsərləri dünya səviyyəsində məşhurdur və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıbdır. Qız qalası memarlıq nümunəsidir, təkrarolunmaz memarlığa malikdir. İçərişəhər, Şirvanşahlar sarayı, digər bölgələrimizdə yerləşən memarlıq abidələri göstərir ki, nə qədər zəngin memarlıq abidələrimiz var. Eyni zamanda, son illər ərzində müasir memarlıq əsərləri yaradılıb. Heydər Əliyev Mərkəzi dünyada seçilən memarlıq nümunələrindən biridir və bir çox reytinqlərdə, bir çox hesabatlarda bir nömrəli müasir memarlıq nümunəsi kimi qeyd edilir. Alov qüllələri də memarlıq nümunəsidir, həm Bakı şəhərinin rəmzi olan alovu əks etdirir, eyni zamanda, ölkəmizin sürətli inkişafını əks etdirir, memarlıq baxımından çox uğurlu bir layihədir. Eyni zamanda, bölgələrdə müasir memarlıq abidələrinin sayı getdikcə artır.
2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması dövlət tərəfindən Azərbaycan ədəbiyyatına və mədəni irsinə ayrılan yüksək diqqətinin təcəssümüdür.  Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur.  2021-ci il Prezident cənab İlham Əliyevin Sərəncamı ilə “Nizami ili” elan olundu. 2021-ci ildə Nizaminin 880 illik yubileyini qeyd ediləcək, yubiley həm Azərbaycanda, həm dünyada geniş qeyd olunmalıdır. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və digər dahi Azərbaycan şairləri dünya ədəbiyyat xəzinəsinə çox böyük töhfələr vermişlər.
Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi qeyd olunan hədəflərə nail olmağımızı sürətləndirəcəkdir. Bu il Şuşada Vaqif poeziya günləri və “Xarı bülbül” festivalı bərpa olunacaqdır.
Ermənistan Azərbaycana qarşı mədəni soyqırımı törədib. Onları müsəlman əhatəsində olan sivilizasiyalı bir məkan kimi təqdim etməyə çalışan Qərb dairələri buna laqeyd qalmamalıdır. Ermənilər bütün qonşulara meydan oxuyur, əsassız  torpaq iddiası irəli sürürlər. Ermənilər qonşu xalqların, xüsusən azərbaycanlıların musiqi, mətbəx ənənələrini oğurlayırlar. Azərbaycan torpaqlarını işğal etdikləri vaxt ermənilər altmışdan çox məscidi dağıdıblar, buna heç kim reaksiya vermir. Heç bir beynəlxalq təşkilat Ermənistanı qınamır.

Keçidlər