İlham Əliyev Əski-İqriq kəndində beşulduzlu “Rixos Quba Azerbaijan” otelində görülən işlərlə tanış olmuşdur
Prezident İlham Əliyev Qubaya səfəri çərçivəsində rayonun Əski-İqriq kəndində beşulduzlu “Rixos Quba Azerbaijan” otelində görülən işlərlə tanış olmuşdur.
Otelin otaqlarını gəzən Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verildi ki, kompleksin tikintialtı ərazisi 75, ümumi sahəsi isə 202 hektardır. Ərazidə kanat yolu da çəkilmişdir. Otel kompleksində restoranlar, hovuz, idman meydançası və digər köməkçi obyektlərin tikilməsi nəzərdə tutulmuşdur. Kompleks səkkizmərtəbəli əsas binadan və 16 kottecdən ibarətdir. Burada ümumi sahəsi 27,3 min kvadratmetr olan süni göl yaradılmışdır. Gölün ətrafında restoran və helikopter meydançası tikilmişdir. Gələcəkdə kompleksdə xizək mərkəzinin və digər binaların da inşası nəzərdə tutulur.
Kotteclərdə yaradılan şəraitlə tanışlıq zamanı bildirildi ki, burada mini-kinoteatr, idman zalı və digər otaqlar vardır. Ərazidə, həmçinin tennis kortu, voleybol və futbol meydançaları inşa edilmişdir.
Dövlətimizin başçısı tikinti işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.