20 Yanvar- Ümumxalq Hüzn Gününün otuz dördüncü ildönümü qeyd edilmişdir.
20 yanvar 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, ictimai təşkilatların, idarə və müəssisələrin rəhbərləri, din xadimləri 20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ilə əlaqədar Quba rayon Şəhidlər Xiyabanını ziyarət etmişlər. Əvvəlcə şəhidlərimizin ruhuna dualar oxunmuş, sonra məzarlarına gül dəstələri qoyulmuş, saat 12:00-da rayon ərazisində onların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə Quba şəhər qəbirstanlığında dəfn olunmuş 20 Yanvar şəhidi Raqib Hüseynovun və digər şəhidlərin məzarlarını, ardınca Küçeyi kənd qəbirstanlığında 20 Yanvar şəhidi Elçin Qeybullayevin məzarını ziyarət etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov şəhid ailələri və 20 Yanvar əlilləri ilə səmimi söhbəti zamanı onlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Ziyarət gün ərzində davam etmiş, ziyarətdə Rayon İcra Hakimiyyətinin, YAP Quba rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının kollektivləri, hərbçilər, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri və əməkdaşları, çoxsaylı ictimaiyyət nümayəndələri iştirak etmişdir.