“Alma bayramı”
“Alma bayramı” 06 oktyabr 2012-ci il tarixdə Quba rayon icra hakimiyyəti və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.
Bayram şənliklərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirinin müavini Bəhram Əliyev, Azərbaycan Respublikasının Milli Məclisinin bir qrup deputatı, xarici dövlətlərin respublikamızdakı 10 diplomatik nümayəndəliyinin (3-ü səfir olmaqla) təmsilçiləri, 30-a yaxın xarici ölkələrdən təxminən 80 nəfər nümayəndə, respublikamızın şimal bölgəsi rayonlarının icra hakimiyyətlərinin başçıları, əslən Qubadan olan və hazırda respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan və müxtəlif sahələrdə çalışan məsul vəzifəli şəxslər, ziyalılar, respublikamızın bir sıra sənət adamları iştirak etmişlər.
Bayram tədbirləri Ulu Öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ümummilli liderin abidəsinin önünə gül-çiçək qoyulması ilə başlamış, daha sonra Quba şəhərinin Heydər Əliyev prospektindən başlayaraq “Quba meydanı”na qədər davam etmişdir.
Əvvəlcə Heydər Əliyev prospektində qonaqlara Quba mətbəxinə məxsus yeməklər təqdim olunmuşdur.
Sonra prospekt boyunca yürüş başlamışdır. Yürüş iştirakçılarının qarşısında Azərbaycan Respublikasının nəhəng Dövlət bayrağı aparılmışdır. Yürüş musiqi ilə müşayiət edilmişdir.
“Quba meydanı”nın girişində el ağsaqqalı tərəfindən rayon icra hakimiyyətinin başçısı cənab Mübariz Ağayevə Qubanın rəmzi açarı təqdim olunmuşdur.
Qonaqlara almadan hazırlanmış müxtəlif şirələr, təamlar təqdim olunmuşdur.
Daha sonra “Quba meydanı”nda bayram tədbirinin rəsmi açılışı olmuşdur. Rayon icra hakimiyyətinin başçısı cənab Mübariz Ağayev və bir sıra qonaqlar bu bayramın əhəmiyyətindən geniş danışmış və əhaliyə bayram təbriklərini çatdırmışlar.
Rəsmi açılış mərasimindən sonra “Quba meydanı”nda RİH-nin başçısı cənab Mübariz Ağayevin təşəbbüsü ilə həmin gün toy şənlikləri təşkil olunan Zərdabi kəndində yerləşən yetim və valideyn himayəsindən məhrum olan uşaqlar üçün xüsusi internat məktəbində tərbiyə alan iki nəfər gəncin nikah mərasimi keçirilmişdir. Onlar faytonda meydana daxil olmuşlar.
Ardınca tədbir iştirakçıları “Quba meydanı” mədəniyyət və istirahət parkında rayonda yaşayan tat, ləzgi, xınalıqlı, yəhudi, axısxa türkləri, buduqlular və digər azyaşlı xalqların folklorunu, mətbəxini, yaşayış tərzini əks etdirən sərgilərlə, Quba xalçaları ilə tanış olmuş, idmançıların və kəndirbazların nümunəvi çıxışına tamaşa etmiş, respublikamızın tanınmış sənətkarlarının, musiqi kollektivlərinin və rayonun özfəaliyyət kollektivlərinin çıxışlarını izləmişlər.
Burada “Ən böyük alma”, “Ən kiçik alma”, “Ən uzun alma qabığı soymaq”, “Ən tez və ən çox alma yemək”, “Alma ilə uzaqdakı hədəfi düzgün nişan almaq” və s. nominasiyalar üzrə müsabiqələr keçirilmiş, qaliblər mükafatlandırılmışdır.
Parkda qonaqlara Qubaya məxsus şirniyyatlarla çay süfrəsi təqdim edilmişdir. Qonaqlara Qubaya həsr olunmuş bayram hədiyyələri verilmişdir.
Tədbir daha sonra “Quba yay” şadlıq sarayında gənclərin toy mərasimi ilə davam etmişdir.
Axşam isə “Quba meydanı”nda respublikamızın tanınmış sənətçilərinin, musiqi və rəqs kollektivlərinin iştirakı ilə konsert proqramı təşkil olunmuşdur. Konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatmışdır. Konsert proqramı Azərbaycan Dövlət Televiziyası ilə canlı yayımlanmışdır.
“Alma Bayramı”nın keçirilməsində məqsəd respublikamızın ən böyük kənd təsərrüfatı rayonlarından biri, meyvəçiliyin mərkəzi, öz alması ilə hər yerdə məşhur olan Quba rayonunda yerləşdirilən onlarla alma növünün, Qubanın qədim və zəngin tarixinin, unikal adət-ənənələrinin, mətbəxinin, folklorunun, məşhur Quba xalçasının, Qubaya məxsus şirniyyatların (Quba paxlavası, Quba bükməsi və s.), Qubanın böyük turizm potensialının və sairənin həm respublika miqyasında, həm də ölkə hüdudlarından kənarda daha yaxından tanıdılması olmuşdur.