Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Yaşar Məmmədovun Qurban bayramı münasibətilə rayon ictimaiyyətinə təbriki
Əziz müsəlman bacı və qardaşlar,
Hörmətli həmyerlilər,
Sizi dünya müsəlmanlarının həmrəylik və qardaşlıq bayramı olan müqəddəs Qurban bayramı münasibətilə şəxsən öz adımdan və Quba Rayon İcra Hakimiyyətinin bütün kollektivi adından ürəkdən təbrik edirəm.
Qurban bayramı Uca Tanrının İslamı bir din kimi tamamlayıb insanlar üçün hidayət yolu seçdiyi əziz bir gündür. İslamın dostluq, qardaşlıq, bərabərlik və humanizm prinsiplərinə, dini etiqad və vicdan azadlığına sadiq qalan xalqımız əsrlər boyu Qurban bayramını özünün ən əziz bayramlarından biri kimi qeyd etmişdir.
İslam dünyasının ayrılmaz hissəsi olan ölkəmizdə tarixin ayrı-ayrı dövrlərində baş vermiş müxtəlif prosseslərə baxmayaraq xalqımız öz milli-mənəvi dəyərlərini hər zaman qoruyub saxlamışdır.
Ulu Öndərimiz Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra bütün sahələr kimi milli-mənəvi dəyərlərimizin bərpası istiqamətində də ardıcıl tədbirlər görüldü, müqəddəs adət-ənənələrimizə diqqət və qayğı artdı. Həmin dövrdən etibarən Qurban bayramı respublikamızda dövlət səviyyəsində qeyd olunur.
Hazırda ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi müdrik daxili və xarici siyasət nəticəsində respublikamız dünyanın ən sürətli inkişaf edən ölkələrindən birinə çevrilmiş, dövlətimizin beynəlxalq aləmdəki nüfuzu və qüdrəti yüksək səviyyədə artmış, mövqeləri güclənmiş, xalqımızın maddi-rifah halı xeyli yaxşılaşmışdır.
Doğma Azərbaycanımız dünyada tolerantlıq məkanı, beynəlxalq səviyyəli mötəbər tədbirlərin keçirildiyi mərkəzə çevrilmişdir.Respublikamızın regional iqtisadi, siyasi və mədəni mərkəz kimi rolu gündən-günə artmaqdadır, ölkəmizin hərbi qüdrəti durmadan güclənməkdədir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bütün digər sahələr kimi milli-mənəvi dəyərlərimizə, dini adətlərimizə də hər zaman yüksək diqqət və qayğı göstərir. Son illər ərzində məhz cənab Prezidentin qayğısı sayəsində respublikamızda çoxlu sayda İslam və qeyri-islam dini ibadətgahlarının binaları əsaslı təmir olunmuş, çoxlu sayda yeni məscid, kilsə və sinaqoq binaları tikilərək dindarların istifadəsinə verilmişdir.
Konstitusiyamıza əsasən Azərbaycan Respublikası dünyəvi dövlətdir. Ölkəmizdə din dövlətdən ayrıdır. Lakin ölkə rəhbərliyi bu sahəyə hər zaman yüksək qayğı göstərir. Vaxtilə cəmi 17 məscidin olduğu ölkəmizdə hazırda 2300-ə yaxın məscid vardır.
Doğma Azərbaycanımız tarix boyu müxtəlif dinlərə məxsus olan insanların və bir sıra azsaylı xalqların mehriban bir ailə kimi yaşadığı, bütün xalqların adət-ənənələrinə, dini-dəyərlərinə, inanclarına böyük qayğı göstərildiyi, heç bir ayrı-seçkiliyin olmadığı məmləkət olmuşdur. Bu hazırki dövrdə də belədir.
Bu gün respublikamız dünyada multikulturalizm və tolerantlıq nümunəsi kimi tanınır. Hazırda dünyanın 25 nüfuzlu universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur.
Dünyanın müxtəlf ölkələrində islamofobiya, irqi və dini ayrı-seçkilik, hətta radikal millətçilik və faşizm meyillərinin artmaqda olduğu, dini radikalizmin gücləndiyi və din pərdəsi altında terrorizmin və silahlı münaqişələrin baş verdiyi bir dövrdə mühüm bir geosiyasi məkanda, qərblə-şərqin kəsişməsində yerləşən Azərbaycan Respublikasında möhkəm ictimai-siyasi və dini sabitlik mövcuddur.
Məlum olduğu kimi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən 2016-cı il respublikamızda “Multikulturalizm ili” elan olunmuşdu. Ötən il ölkəmizdə çoxsaylı beynəlxalq səviyyəli tədbirlər keçirildi, minlərlə qonaqlarımız oldu və onlar Azərbaycandakı multikultural ənənələrə və tolerant mühitə heyranlıqlarını dönə-dönə ifadə etdilər. Keçən il rayonumuzda da qeyd olunan il çərçivəsində çoxlu tədbirlər təşkil olunmuşdur.
2017-ci il möhtərəm Prezidentimiz tərəfindən respublikamızda “İslam Həmrəyliyi İli” elan olunmuşdur. Bu il də həm respublikamızda, həm də rayonumuzda çoxsaylı tədbirlər keçirilməkdədir. Rayonumuz ölkəmizin multikulturalizm və tolerantlıq baxımından ən önəmli rayonlarından biri olduğundan, bu il də rayona çoxlu qonaqlar gəlməkdədir.
Cənab Prezident ötən ili “Multikulturalizm ili”, cari ili isə “İslam Həmrəyliyi ili” elan etməklə bütün dünyaya sülh və humanizm mesajları verir, bəşəriyyəti qarşılıqlı hörmətə, İslam dünyasını birliyə və həmrəyliyə çağırır və bəşəriyyətə Azərbaycan modelini nümayiş etdirir.
İslam dini birlik, bərabərlik, qardaşlıq, sülh və əmin-amanlıq dinidir. Dinimizin mahiyyəti də başdan-başa xeyirxahlıqdan ibarətdir. Dinimiz bütün mənfi əməllərin, zorakılığın tamamilə əleyhinədir.
Hörmətli həmyerlilər,
Quba rayonu respublikamızda multikultural ənənələrin və tolerantlığın əsrlər boyu qorunub saxlandığı, müxtəlif xalqların qardaşlıq şəraitində yaşadığı bir rayondur. Belə mühitin bundan sonra da qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi üçün hər bir rayon sakini daha yüksək fəallıq göstərməli, bədxah əməllərə, məkrli niyyətlərə qarşı əsil vətəndaş mövqeyi nümayiş etdirməlidir.
Əziz qubalılar,
Bu mübarək bayram günlərində müsəlman bacı və qardaşlarımız öz müqəddəs borc və vəzifələrini yerinə yetirməkdən doğan sevinci sərbəst şəkildə öz yaxınları ilə bölüşür, əzizlərini yad edir və dünyasını dəyişənlərin ruhuna dualar oxuyurlar.
Sizin bayram günlərində xalqımızın rifahı və əmin – amanlığı üçün etdiyiniz dua və niyyətlərə, arzu və diləklərə şərik olduğumu bildirir, azad və müstəqil Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş övladlarımıza Allahdan rəhmət diləyirəm.
Əziz həmyerlilər,
Bu gözəl bayramda hamınıza Ulu Tanrıdan möhkəm cansağlığı, ailə səadəti və işlərinizdə uğurlar arzulayıram.
Qoy bu müqəddəs bayram torpağımıza əbədi sülh, xeyir-bərəkət, bolluq və daha yüksək tərəqqi bəxş etsin.
Bayramınız mübarək, əziz qubalılar!
Hörmətlə,
Quba Rayon İcra
Hakimiyyətinin başçısı Yaşar Məmmədov