Şriftin ölçüsü :

Saytın rəngi :

07 oktyabr 2017-ci il tarixdə Quba rayonunda “V Alma bayramı” və “I Xalça festivalı” keçiriləcək.

25 sentyabr 2017 | 16:00

07 oktyabr 2017-ci il tarixdə Quba rayonunda keçiriləcək
“V Alma bayramı” və “I Xalça festivalı” haqqında

M Ə L U M A T


          Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında özünəməxsus yeri olan mühüm hadisələrdən biri də Quba rayonunda 2012-ci ildən təməli qoyulan “Alma bayramı”dır.
       Hər il ötən ilkindən daha rəngarəng olan “Alma bayramı” nəinki qubalıların, eləcə də bütün şimal regionunun sevimli bayramına çevrilmiş və 2016-cı ildə bir sıra dövlət rəsmiləri, respublikamızda fəaliyyət göstərən xarici ölkə səfirləri, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə regional formada keçirilmişdir.
          Bu il isə artıq Quba rayonunda “Alma Bayramı”nın beşinci yubiley ilinin qeyd edilməsi ilə bağlı hazırlıq işləri aparılır. 07 oktyabr 2017-ci il tarixdə keçirilməsi nəzərdə tutulan bayram tədbiri ilə əlaqədar geniş tədbirlər planı hazırlanmış, tədbir çərçivəsində rayonda ekoloji cəhətdən sağlam yetişdirilən müxtəlif alma sortlarının, digər meyvə-tərəvəz məhsullarının nümayişi ilə yanaşı Quba rayonunun tarixinin və mədəniyyətinin təbliği, burada yaşayan azsaylı xalqaların mədəniyyətlərinin geniş təbliğ olunması nəzərdə tutulmuşdur.
        07 oktyabr 2017-ci il tarixdə keçirilməsi nəzərdə tutulan “V Alma bayramı”nın yubiley tədbirində eyni zamanda Quba rayonunda “I Xalça Festivalı”nın açılış mərasimi keçiriləcəkdir.
         Dünya mədəniyyətləri arasında yeri olan Azərbaycan xalçası özünün məxsusi ornamentləri ilə fərqlənən sənət nümünəsidir. Belə ki, Azərbaycan xalq tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. Azərbaycan xalçalarının YUNESKO-nun şah əsərləri sırasına daxil edilməsi bir daha respublikamızda xalçaçılıq sənətinin qədim tarixi ənənələrinin olmasından xəbər verir.
        Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə, şərti olaraq Quba, Bakı, yaxud Abşeron, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz – xalçaçılıq məktəbinə bölünür. Hazırda Azərbaycanda mövcud olan 148 xalça kompazisiyasının 35-i Quba xalçaçılıq məktəbinə məxsusudur.
       Tarixən təfəkkür mərkəzi kimi fərqlənən qədim Quba əsrarəngiz təbiət mənzərələri, dünyaya nümunə göstərilən tolerant mühiti, mədəni abidələri ilə yanaşı, adı dillər əzbəri olan xalçaları ilə məşhurdur. Quba xalçaları geniş çeşnə müxtəlfliyi, bəzən qonşu kəndlərdə toxunmasına baxmayaraq naxış fərqliliyi ilə seçilirlər. Onların ornamentlərinin böyük əksəriyyəti üslüblaşdırılmış coğrafi və bitki motivləri ilə xarakterizə olunur.
          Quba xalçaları nəinki Azərbaycanda, hətta dünya ölkələrində də şöhrət qazanıb. Belə ki, bu regionun XVIII-XX əsrə aid Çiçi xalçaları Viktoriya və Albert (London), eləcə də Metropoliten (Nyu-York) muzeylərində nümayiş olunur.
       Quba rayonunda keçirilməsi nəzərdə tutulan “I Xalça festivalı” da məhz Azərbaycan xalçasının dəyərinin dünya xalqlarına çatdırılması, eyni zamanda ölkəmizdə mövcud olan böyük xalçaçılıq məktəbinin daha da inkişaf etdirilməsi həmçinin ölkə daxilində və xaricində yeni əlaqələrin qurulması və bu qiymətli sənət növünün uzun illər bundan sonra yaşadılmasına dəstək olmaq məqsədi daşıyır.
      Ümidvarıq ki, ölkəmizi dünyaya bir daha tolerantlıq, ümumbəşəri dəyərlər prinsipinə sadiq, qədim mili ənənələri və dəyərləri olan zəngin ölkə kimi tanıtmaq baximından rayonumuzda keçiriləçək “I Xalça Festivalı” öz dəsti xətti ilə seçiləcək və bu qədim el sənətinin inkişafına yeni töhfələr verəcəkdir.
        “ V Alma Bayramı” ilə paralel olaraq keçirilən “ I Xalça Festivalı ”nda rayonda xalçaçılığın tarixi və inkişaf mərhələsi ilə bağlı guşələrin və Qubaya məxsus olan xalçaların sərgisi və satışı həyata keçiriləcəkdir.
       Sizləri 07 oktyabr 2017-ci ildə saat 11.00-da Quba şəhərinin girəcəyində yerləşən Heydər Əliyev adına parkda keçiriləcək möhtəşəm “V Alma Bayramı” və “I Xalça festivalı”nda iştirak etməyə dəvət edirik.
        Qeyd: Festivalda əntiq Quba xalçalarının satış sərgisi həyata keçiriləcəkdir.

Keçidlər