Şriftin ölçüsü :

Saytın rəngi :

26 fevral 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətində Xocalı soyqırımının otuz ikinci ildönümünə həsr olunmuş görüş keçirilmişdir.

26 fevral 2024 | 15:23

26 fevral 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətində Xocalı soyqırımının otuz ikinci ildönümünə həsr olunmuş görüş keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayon Ağsaqqallar Şurasının sədri, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri və Quba rayonunda məskunlaşmış Xocalı sakinləri iştirak etmişdir.

Görüş müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının və ölkəmizin azadlığı, dövlət müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün soydaşlarımızın əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmış, çıxış edənlər Xocalı faciəsinin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş və xüsusi amansızlıqla törədilmiş ən ağır hərbi cinayətlərdən biri olduğunu qeyd etmiş, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin Xocalı faciəsini soyqırım kimi qiymətləndirdiyi və dünya dövlətlərinə müraciət qəbul etdiyini bildirmişlər. Dövlətimizin başçısı cənab İlham Əliyevin beynəlxalq aləmdə apardığı səylər və Heydər Əliyev Fondunun təşəbbüsü ilə geniş vüsət almış “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımını 17 ölkə və 1 beynəlxalq təşkilatın qətliam kimi tanıdığı, eləcə də Amerika Birləşmiş Ştatlarının 30-dan çox ştatının Xocalı qətliamı ilə bağlı bir sıra mühüm qərarlar qəbul etdiyi vurğulanmışdır.

2020-ci ildə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etməsi, ötən ilin sentyabrın 19-20-də aparılan lokal xarakterli antiterror tədbirləri zamanı isə Qarabağdakı qeyri-qanuni erməni hərbi birləşmələrin tərksilah edilməsi, ölkə Prezidenti cənab İlham Əliyevin 15 oktyabr 2023-cü il tarixdə Xocalı şəhərində və Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmasının bütün xocalıları xüsusilə qürurlandırması qeyd edilmiş, hazırda işğaldan azad olunmuş bütün ərazilər kimi, Xocalı şəhərinin də böyük tikinti meydançasını xatırladığı vurğulanmış və bir zamanlar yurdlarından didərgin düşən Xocalı sakinlərinin bu il doğma şəhərlərinə qayıtmaları üçün geniş bərpa-quruculuq işlərinin həyata keçirildiyi diqqətə çatdırılmışdır.

Səmimi şəraitdə baş tutan görüşdə rayonumuzda məskunlaşmış Xocalı sakinləri onlara göstərilən qayğı barədə geniş danışmış, onları maraqlandıran məsələlər dinlənilmişdir.

Keçidlər