Quba rayonunda 2017-cı ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə bağlı RİH başçısı yanında Şuranın iclası keçirilmişdir.
13 oktyabr 2017-ci il tarixdə Rayon İcra Hakimiyyətinin inzibati binasında Quba RİH-nin başçısı Yaşar Məmmədovun sədrliyi ilə Quba rayonunda 2017-cı ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə bağlı RİH başçısı yanında Şuranın iclası keçirilmişdir.
Quba rayonunda 2017-cı ilin 9 ayında sosial-iqtisadi inkişafın
yekunları və qarşıda duran vəzifələrlə bağlı yığıncaqda rayon
İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədovun
Məruzəsi
Hörmətli şura üzvləri,
Hörmətli tədbir iştirakçıları,
Məlum olduğu kimi 9 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda ölkəmizin başçısı geniş nitq söyləyərək ötən müddət ərzində görülən işlərə öz münasibətini bildirmiş, qarşıda duran vəzifələrlə bağlı tövsiyə və tapşırıqlarını vermişdir.
Cənab Prezident qeyd etmişdir ki, ölkəmizin iqtisadiyyatı 2017-ci ilin 9 ayı ərzində uğurla inkişaf etmiş, qarşıda duran bütün vəzifələr icra olunmuş, ölkəmizin beynəlxalq əlaqələri daha da dərinləşmişdir. Bütün sosial-iqtisadi məsələlər öz həllini tapmış və təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Azərbaycan hazırda bölgədə və dünyada sabitlik məkanı kimi tanınır.
Ölkə rəhbəri öz çıxışında doqquz ayda respublikamızın iqtisadi göstəricilərinin çox yüksək olduğunu qeyd etmiş və bildirmişdir ki, bu müddət ərzində qeyri-neft iqtisadiyyatı 2,5 faiz artmışdır. Bu isə son illərdə aparılan uğurlu siyasətin nəticəsidir.
Qeyri-neft sənayesində 3,1 faiz, kənd təsərrüfatında isə 2,8 faiz artım qeydə alınmışdır.
Xarici ticarət dövriyyəsi 7 faiz artmışdır. Dünya bazarlarında neftin qiymətinin hələ də aşağı səviyyədə olmasına baxmayaraq respublikamızın valyuta ehtiyatları 4,5 milyard dollar artmış və hazırda 42 milyard dollar səviyyəsindədir.
Bu müddətdə həm Bakıda, həm bölgələrdə yeni iş yerlərinin yaradılması üçün lazımi tədbirlər görülmüş və həmin dövrdə 226 min yeni iş yeri yaradılmışdır ki, onlardan 171 mini daimi iş yerləridir.
Əsas infrastruktur layihələri uğurla icra edilmişdir. 700 kilometrdən çox içməli su xətti çəkilmişdir. Qazlaşdırma ölkəmizdə 93 faiz səviyyəsindədir. İlin əvvəlindən 50 min hektardan çox torpaq sahəsində meliorativ tədbirlər görülmüş və suvarma suyu ilə təmin edilmişdir. Sosial infrastrukturla bağlı da müvafiq tədbirlər görülmüş, 100-ə yaxın məktəb, 27 tibb ocağı tikilmiş və təmir edilmişdir.
Cocuq Mərcanlı kəndinin yenidən qurulması tarixi hadisədir. Həmin ərazidə hazırda yeni qəsəbə salınır. Ərazidə 50 evdən ibarət qəsəbənin açılışı olmuş və əlavə 100 evin tikintisi aparılır. Məktəb, məscid tikilib və tibb mərkəzi tikilməkdədir.
Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 8,3 milyard dollar sərmayə qoyulmuşdur ki, onun da böyük hissəsi xarici sərmayədir.
Bu il idman sahəsində də ölkəmizin uğurları kifayət qədərdir. İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi əslində xalqımızın böyük nailiyyətidir və respublikamızın inkişafının təzahürüdür.
Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan bu il rəqabət qabiliyyətliliyinə görə 35-ci yerdə qərarlaşmışdır.
Hörmətli yığıncaq iştirakçıları,
Ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da 2017-ci ilin 9 ayı ərzində xeyli işlər görülmüş və qarşıya qoyulmuş vəzifələrin maksimum həllinə səy göstərilmişdir.
Rayon üzrə ümumi məhsul buraxılışının həcmi 9 ay ərzində 248 milyon 673 min 300 manat, sənaye məhsullarının ümumi həcmi 16 milyon 256 min 200 manat (ötən ilin müvafiq dövrü ilə müqayisədə 5% artım), kənd təsərrüfatı məhsullarının həcmi 117 milyon 516 min 800 manat (ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1%-ə yaxın artım) və adambaşına düşən pullu xidmətlər 306 manat 60 qəpik (ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% artım) olmuşdur.
Bu müddətdə rayonun cəmi gəlirləri 9 milyon 495 min manat təyinata qarşı 11 milyon 296 min 900 manat və ya 118,9% icra edilmişdir.
Rayonun yerli xərcləri isə 7 milyon 803 min 600 manata qarşı 6 milyon 558 min 100 manat və ya 84% icra edilmişdir.
2017-ci ilin birinci yarısı ərzində rayonda əhalinin fasiləsiz olaraq təbii qaz, elektirk enerjisi və içməli su ilə təmin edilməsi üçün lazımi işlər görülmüşdür.
Təbii qaz təchizatının yaxşılaşdırılması və vaxtilə çəkilmiş qaz kəmərlərində itkilərin qarşısının alınması məqsədilə Quba şəhərində, Zərdabi qəsəbəsində, İqriq, Timiryazev və İkinci Nügədi kəndlərində müxtəlif diametrli yeni qaz kəmərləri çəkilmişdir.
Quba şəhəri 5-ci məhəllədə, Alekseyevka kəndində və Qırmızı Qəsəbədə yararsız vəziyyətə düşmüş qaz kəmərləri yeniləri ilə əvəz olunmuşdur.
Bu müddət ərzində əhali istehlakçıları tərəfindən sərf olunan təbii qaza görə ödəniş 3 milyon 668 min 621 manat olmuşdur ki, bu da ümumi yığımın 106,40 %-ni təşkil edir. Qeyri əhali istehlakçıları tərəfindən sərf olunan təbii qaza görə ödəniş 982 min 382 manat olmuşdur ki, bu da ümumi yığımın 88,38 %-ni təşkil edir.
Hesabat dövrü ərzində 702 yeni yaşayış evi qazlaşdırılaraq məişət qaz sayğacı ilə təmin olunmuşdur.
Qam-qam və Rustov kəndlərində isə qazlaşdırma tamamlanaraq əhali mavi yanacaqla təmin edilmişdir. Həmin istiqamətdə qazlaşma işləri davam etdirilir.
Bu sahədə görülən müsbət işlərlə yanaşı bir sıra çatışmazlıqlar da vardır. Belə ki, sentyabr ayının son günlərində havaların kəskin soyuması nəticəsində əhalinin qazla təminatında problemlərin ortaya çıxması bu sahədə olan çatışmazlıqları büruzə verdi. Quba şəhərinin bəzi yerlərində və rayonun bir neçə yaşayış məntəqəsində təbii qazın təzyiqinin həddindən artıq aşağı olması və bəzən tamamilə kəsilməsi halları mövcuddur.
Aidiyyəti şəxslər bu məsələnin təcili aradan qaldırılması və əhalinin normal təbii qazla təmin olunması üçün lazımi tədbirlər görməlidirlər.
Quba şəhərində və rayonun digər yaşayış məntəqələrində elektrik enerjisi sisteminin dayanıqlığını artırmaq məqsədilə istismara yararsız dayaqlar yeni metal dayaqlarla əvəz olunmuş, izolyatorlar dəyişdirilmiş və yararsız naqillər yeni AS-50 və AS-35 markalı naqillərlə əvəz olunmuşdur.
Ümumilikdə 5 ədəd yarımstansiyada əsaslı və cari təmir işləri aparılmış və istismar müddəti bitmiş 18 ədəd transformator daha güclü transformatorla əvəzlənmişdir.
2017-ci ilin 9 aylnda əhaliyə verilən elektrik enerjisinə görə ödəmələr 7 milyon 975 min 616 man və ya 82,95% təşkil etmişdir.
Bu sahədə də görülən müsbət işlərlə yanaşı bəzi çatışmazlıqlar da qalmaqdadır. Rayon İcra Hakimiyyətinə abonentlərə əvvəlki illərlə bağlı əlavə borcların hesablanması ilə əlaqədar şikayətlər daxil olmaqdadır. Bununla bağlı rayon Elektrik şəbəkəsinin rəhbərliyi qısa müddət ərzində lazımi tədbirlər görməli, qeyd olunan məsələni ətraflı araşdırmalı və rayon əhalisinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsinə nail olmalıdır.
Rayon əhalisinə içməli suyun verilməsi, eyni zamanda kanalizasiya xidmətinin göstərilməsi ilə bağlı da müəyyən işlər görülsə də bu sahədə çatışmazlıqlar kifayət qədərdir. Xüsusən Quba şəhər əhalisinə içməli suyun verilməsində ciddi nöqsanlara yol verilir. Suyun keyfiyyətinin aşağı və isti yay günlərində suyun verilmə saatlarının az olması əhali tərəfindən narazılıqlara səbəb olmuşdur.
Rayonda sahibkarlığın inkişafı üçün də münbit şərait yaradılmışdır. 2017-ci ilin birinci yarısında Quba rayonunda sahibkarlığın inkişafı ilə əlaqədar İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 36 layihəyə 953 min manat vəsait ayrılmışdır və nəticədə 77 yeni iş yeri açılmışdır.
Bu dövrdə rayon üzrə imkansız 1881 ailəyə və ya 8736 nəfər ailə üzvünə ünvanlı dövlət sosial yardımı ödənilir.
Rayonda kənd təsərrüfatı sahəsində də müəyyən işlər görülmüşdür.
Bu müddət ərzində rayon ərazisində 1203 ha fındıq bağları və 804 ha qoz bağları salınmışdır. Əlavə olaraq 800 ha fındıq bağlarının salınması üçün tədbirlər görülür.
2017-cı ilin 9 ayında 1135 hektar sahədə kartof, 242 hektar sahədə tərəvəz lobyası, 158 hektar sahədə kələm, 176 hektar sahədə qarğıdalı, 208 hektar sahədə soğan, 729 hektar sahədə pomidor, xiyar və sair tərəvəz məhsulları əkilmişdir.
Ötən rüb ərzində 9762 ton kartof, 10 min 145 ton tərəvəz və məhsuldar bağlardan 68202 ton meyvə toplanmışdır.
Rayonumuzda 2017-cı ilin məhsulu üçün 12 min 453 hektar sahədə taxıl əkilmiş, bunun 10 min 237 hektarını buğda, 2216 hektarını isə arpa təşkil etmişdir. Taxıl sahələrindən 31 min 108 ton məhsul toplanmışdır ki, bunun da 25 min 993 tonu buğda, 5115 tonu isə arpadır. Hər hektara düşən məhsuldarlıq 25 sentner olmuşdur. 01 oktyabr 2017-ci il tarixədək 6532 hektar sahədə şumlama işləri aparılmış, bunun 56 hektarında buğda əkilmişdir.
2017-cı ilin müvafiq dövrü ərzində ərzində 6 min 843 ton ət, 38 min 757 ton süd, 399 ton yun, 58 ton bal və 7 milyondan çox yumurta istehsal edilmişdir.
Suvarma suyunun torpaq sahiblərinə düzgün bölüşdürülməsi ilə bağlı problemlər yaşanmamışdır.
Əhalinin içməli suya olan tələbatının və torpaq sahələrinin su təminatının yaxşılaşdırılması məqsədi ilə Mirzəqışlaq, Aşağı-Atuc, Birinci Nügədi, Pirvahid kəndlərində və Zərdabi qəsəbəsində subartezian quyuları qazılıb istifadəyə verilmişdir.
2017-ci ilin 9 ayında rayonda tikinti, abadlıq və quruculuq sahəsində müəyyən işlər görülmüş, bir sıra tədbirlər həyata keçirilmişdir.
Quba şəhəri ərazisində çoxmənzilli binaların bloklarının və fasadlarının təmiri və ərazilərin abadlaşdırılması işləri aparılmışdır. Ötən ildən tikintisinə başlanılmış Rayon Mərkəzi Xəstəxanasının, “Azərxalça İstehsalat Birliyi”nin Quba filialının binalarında inşaat işləri davam etdirilmiş və “Şahdağ” mehmanxanasının 5 mərtəbəli yeni binası istifadəyə verilmişdir.
Şəhərin Heydər Əliyev prospektində inşa edilən “ASAN həyat” Regional kompleksində işlər yekunlaşmaq üzrədir. Bu kompleksdə inzibati binadan əlavə kinoteatr, iaşə xidməti, maliyyə xidməti, peşə təhsili ixtisaslaşdırma mərkəzi və digər xidmət binaları inşa edilmişdir.
Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ümumi sahəsi 400 m² olan “Dövlət Bayrağı” muzeyinin tikintisində son tamamlama işləri görülür.
Şəhərin Heydər Əliyev, Ə.Nərimanov, M.P.Vaqif və Fətəlixan küçələrində sıradan çıxmış səki daşları, üzlükləri dəyişdirilərək yeniləri ilə əvəz olunmuşdur. Quba meydandakı və Heydər Əliyev adına parkda yerləşən fəvvarələr təmir olunaraq işlək vəziyyətə gətirilmiş, park ərazisindəki üzlük daşları və işıqlandırma sistemi təmir olunmuşdur. Şəhərin 22-29-cu məhəllələrində yerləşən Dağıstan, Qarabağ, T.Əhmədov küçələrinə asfalt örtüyü döşənərək əhalinin bazar ətrafında gediş-gəlişi asanlaşdırılmış, habelə E.İbrahimova, Ə.Qasımov, Ə.Çələbizadə, Ə.Hüseynzadə, V.Adıgözəlov, Mehdi Hüseynzadə, M.Qaraxanov, X.Natəvan, M.Ə.Sabir və Nəsimi küçələrinə 35 min kvadratmetr asfalt örtüyü döşənmişdir.
Rustov-Xanəgah-Girdah, Rustov-Nöydün-Şuduq, Rustov-Məckə-Xacə və Rustov-Bağçalı-Yektar yolunda tikinti-quraşdırma işləri davam etdirilmiş, yolun 29,37 kilometr hissəsi asfaltlaşdırılmışdır.
Rayonun Ərməki və Çartəpə kəndlərinin hər birində 132 şagird yerlik tam orta məktəbləri, Timiryazev qəsəbəsində 60 yerlik uşaq bağçası-körpələr evi istifadəyə verilmişdir.
2017-ci ilin 9 ayı ərzində rayon ərazisində respublika və yerli əhəmiyyətli yollarda cari təmir işləri aparılmış, yolların aşınmasının qarşısının alınması, şəhərdə küçə və səkilərin bərpası sahəsində bir sıra işlər görülmüşdür.
Beynəlxalq və yerli əhəmiyyətli avtomobil yollarında cari təmiri işləri görülmüşdür.
2017-ci ilin 9 ayı ərzində şəhərdə yerləşən kommunal yaşayış evlərinin həyətlərində təmizlik və təmir işləri aparılmışdır. Əsasən Fətəli xan küçəsi 2a, 2b, 131 və Heydər Əliyev prospekti 196 ünvanda 5 mərtəbəli binaların dam örtükləri yenilənmişdir.
Şəhərin əsas küçələri, meydan və parkları gündəlik olaraq süpürülmüş, məişət tullantılarının daşınması təmin olunmuşdur.
Şəhərin “Heydər Əliyev” və “Nizami” parklarında, “Quba” meydanında, Heydər Əliyev prospektində, 223-cü Atıcı Diviziya, Fətəlixan və digər küçələrində sıradan çıxmış elektrik avadanlıqları dəyişdirilmiş, həmçinin Heydər Əliyev prospektində avtoqəzalar nəticəsində zədələnmiş işıq dirəkləri yenidən quraşdırılmışdır.
Şəhərin yaşıllaşdırılması sahəsində cari ildə bir sıra tədbirlər həyata keçirilmişdir. Şəhərin Heydər Əliyev və Nizami parkında, Quba meydanında, Yeni Azərbaycan partiyasının qarşısındakı xiyabanda, Şəhər İcra Nümayəndəliyinin ətrafında 1000 ədəddən çox dekorativ ağac və qızılgül kolları əkilmiş və onlara xidmət göstərilmişdir. Fətəlixan, M.P.Vaqif küçələrində yaşıllıq zolaqları təmizlənmişdir. Səki, küçə və keçidlərdə olan öz dövrünü başa vurmuş, quruyaraq sıradan çıxmış ağac və kollarda qurumuş hissələri kəsilərək cavanlaşdırılmışdır.
Quba şəhəri ilə yanaşı rayonun digər ərazilərində, qəsəbə və kəndlərdə də abadlıq və quruculuq işləri həyata keçirilmişdir.
Qırmızı Qəsəbə qəsəbəsində Fətəli xan küçəsində 1,5 km məsafədə səkilərin bərpası işləri görülmüş, 3000 p/metr səki daşları, 6100 kvadratmetr tamet daşı qoyulmuş, 800 p/metr yol kənarı arxların dəmir-betonla bərkitmə işləri aparılmışdır.
Qeyd olunmalıdır ki, görülən işlərlə yanaşı bu sahədə müəyyən çatışmazlıqlar hələ də qalmaqdadır. Əhali tərəfindən məişət tullantılarının hara gəldi atılması halları mövcuddur. Belə şəxslərə qarşı cəza tədbirlərinin görülməməsi bu problemin aradan qaldırılmasına maneçilik törədir. Qeyd olunan problemin təcili aradan qaldırılması üçün lazımi tədbirlər görülməlidir. Məişət tullantılarının daşınması və abadlıq qaydalarını pozan şəxslərə qarşı qısa müddət ərzində ciddi və sərt tədbirlərin görülməsi zəruridir.
Qanunsuz tikintilər hələ də mövcuddur. Bütün rayon ərazisində mövcud qaydalara və normalara əməl olunmadan aparılan tikinti işləri aparılır ki, belə halların qarşısının alınması üçün lazımi tədbirlər görülməli və əhali arasında maarifləndirmə işləri aparılmalıdır.
Hesabat dövründə rayonda mühüm ictimai-siyasi və mədəni-kütləvi tədbirlər də keçirilmişdir.
2017-ci ilin 9 ayı ərzində rayonumuza gələn rəsmi qonaqların və turistlərin də sayı kifayət qədər olmuşdur. Bu müddətdə Almaniya, Meksika, İndoneziya və İsrail dövlətlərinin respublikamızdakı səfirləri, həmçinin Amerika Birləşmiş Ştatlarından olan qonaqlar rayonumuzda olmuş, burada yaşayan dağ yəhudiləri ilə görüşlər keçirmiş və “Quba Soyqırımı” Memorial kompleksini ziyarət etmişlər. Bu da ölkəmizdə, o cümlədən rayonumuzda mövcud olan multikultural ənənələrin və nadir tolerantlıq mühitinin dünya xalqlarına çatdırılmasında mühüm rol oynayan amillərdəndir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən təşkil olunan ölkəmizin müxtəlif bölgələrindən olan məktəblilərin respublikamızın digər bölgələrini yaxından tanıması məqsədi daşıyan maarifləndirici tur-aksiya çərçivəsində iki mərhələdən ibarət olmaqla respublikamızın 16 bölgəsindən olan 650 nəfərə yaxın məktəbli rayonumuzda olmuş, onlar Qubanın tarixi abidələri, turizm potensialı, sosial-iqtisai inkişafı və bir sıra görməli yerləri ilə tanış olmuşlar.
“İslam Həmrəyliyi İli” çərçivəsində rayonun məscidlərində, inzibati ərazi dairələrində və təhsil müəssisələrində bir sıra dini maarifləndirici tədbirlər həyata keçirilmişdir.
Ötən 9 ay ərzində rayonda tarixi, anım və bayram günləri ilə bağlı bir sıra tədbirlər təşkil edilmişdir.
Hazırda rayonda ictimai-siyasi və dini vəziyyət sabitdir. Rayonda fəaliyyət göstərən dini icmalarla, QHT-lərlə və siyasi partiyaların rayon təşkilatları ilə qarşılıqlı iş daha da gücləndirilmişdir.
Kütləvi informasiya vasitələri ilə qarşılıqlı fəaliyyət və əlaqələr gücləndirilmiş, rayonda keçirilən ictimai-siyasi və mədəni-kütləvi tədbirlər, həmçinin rayonun həyatında baş verən yeniliklər mətbuatda müntəzəm işıqlandırılmışdır.
Möhtərəm Prezidentimizin tövsiyə və tapşırığına uyğun olaraq fevral ayının 15-dən əhalinin tibbi profilaktik müayinələrə cəlb olunması prosesinə başlanılmış və may ayının 15-dək 103 min 259 nəfər bu tibbi müayinələrə cəlb edilmişdir.
2017-ci ilin yanvar ayından etibarən uşaqların icbari dispanserizasiyası işləri davam etdirilir. 31 795 uşağın yerlərdə tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuş və 31 min 298 uşaq tibbi müayinəyə cəlb edilmişdir.
Ailə planlaşdırılması sahəsində uşaqların sağlamlığının təminatı məqsədilə nikaha daxil olanların pulsuz tibbi müayinələrdən keçirilməsi həyata keçirilir. 9 ay əzrində rayon üzrə 480 nəfər cütlük müayinədən keçmişdir.
RİH-də vətəndaşların müraciətləri ilə bağlı işlərə də xüsusi diqqət yetirilmişdir.
2017-ci ilin 9 ayı ərzində Rayon İcra hakimiyyətinə 1393 yazılı müraciət daxil olmuşdur ki, bu müraciətlərə qanunvericiliklə müəyyən olunmuş müddətlərdə baxılmış və haqlı tələbi olan vətəndaşlara müvafiq köməklik göstərilmiş, digər vətəndaşlara isə müvafiq izahatlar verilmişdir.
Bu dövr ərzində rayon icra hakimiyyətinə 431 vətəndaş şifahi müraciət etmişdir ki, onların da 195-i RİH başçısı tərəfindən qəbul edilmişdir.
Rayonun ayrı-ayrı ərazilərində 31 səyyar görüş-qəbul keçirilmişdir. Bu qəbullar zamanı 133 nəfər vətəndaşın müraciəti qeydə alınmış və onların icra olunması ilə bağlı lazımi tədbirlər görülmüş, aidiyyatı orqanlar qarşısında məsələlər qaldırılmışdır.
Rayonumuzun hüquq-mühafizə orqanları tərəfindən ictimai sabitliyin qorunub saxlanması üçün bütün zəruri tədbirlər həyata keçirilmişdir.
Hörmətli yığıncaq iştirakçıları,
Qeyd etdiyimiz işlərlə yanaşı il ərzində həyata keçirilməsini planlaşdırdığımız çoxlu sayda məsələlər vardır. Bunların və həmçinin möhtərəm Prezidentimiz İlham Əliyevin qarşımıza qoyduğu digər vəzifələrin icrası məqsədilə bütün gücümüzü və qüvvəmizi sərf edərək işləməliyik. Bu işdə mən hər birinizi bir olmağa, fəallıq nümayiş etdirməyə çağırıram.
Diqqətinizə görə minnətdaram.