Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

17 oktyabr 2017 | 16:00

17 oktyabr 2017-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə RİH başçısı cənab Yaşar Məmmədov rayon ictimaiyyətini Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik etmişdir : “Biz bu gün şanlı tariximizə yazılmış ən önəmli günlərdən birini - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi gününü qeyd etmək üçün yığışmışıq. İcazə verin, bu əlamətdar tarixi hadisə münasibətilə sizi və sizin simanızda rayonumuzun bütün əhalisini şəxsən öz adımdan və Rayon İcra Hakimiyyətinin bütün kollektivi adından ürəkdən təbrik edim.
Biz müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir.
Bu bir həqiqətdir ki, Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı 1991-ci il oktyabr ayının 18-də qəbul edilsə də Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması 1993-cü ilin iyununda özü ilə bərabər ölkəyə siyasi müdriklik gətirmiş ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışının nəticəsi, onun titanik siyasi fəaliyyətinin bəhrəsidir.
Ulu Öndər müstəqil Azərbaycan naminə gördüyü işlərlə öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” kəlamına sadiq qaldığını sübut etmişdir.
Ümummilli lider Heydər Əliyevin siyasətinin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ictimai-siyasi həyatın bütün sahələrində böyük uğurlar əldə olunmuş, xalq və dövlət üçün taleyüklü layihələr həyata keçirilmişdir. Azərbaycanın iqtisadi və hərbi potensialı güclənmiş, əhalinin həyat səviyyəsi yüksəlmişdir.
Hazırda həyata keçirilən siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi dünya miqyasında qəbuledilən reallıqdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iştirak etdiyi, o cümlədən, ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər gənc Azərbaycan dövlətinin dünyada artan nüfuzunu təsdiq edən mühüm faktorlardır.
Bu illər ərzində bütün sahələrdə dinamik inkişaf nümayiş etdirən müstəqil Azərbaycan enerji sektorunun inkişafı istiqamətində də mühüm irəliləyişlərə nail olmuşdur. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, bu yaxınlarda açılışı planlaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolu və digər irimiqyaslı strateji layihələr ölkəmizin enerji ehtiyatlarını dünya bazarlarına çıxarmaqla Avropanın enerji təhlükəsizliyinin təminatında böyük əhəmiyyətə malikdir. Respublikamızda neft, eləcə də qeyri-neft sektorunun yüksəlişi ümumi daxili məhsulun artmasına, güclü sahibkarlar zümrəsinin və orta təbəqənin yaranmasına təkan vermişdir. Bütün bunlar ölkəmizin artan nüfuzundan xəbər verir.
Azərbaycanın hər yerində olduğu kimi Quba rayonunda da son illər ərzində bütün sahələrdə yüksək nailiyyətlər qazanılmış, yeni mühüm infrastruktur layihələri həyata keçirilmişdir.
Rayonumuz Azərbaycanın ən çox inkişaf etmiş kənd təsərrüfatı rayonlarından biridir. Biz rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının daha geniş miqyasda təbliğ olunması, rayonda orta sahibkarlığın inkişaf etdirilməsi, Qubanın qədim tarixi ənənələrə və multikultural dəyərlərə malik olduğunu bir daha sübut etmək məqsədilə bu günlərdə V “Alma bayramı” və I “Xalça Festivalı”nı keçirdik. Bu möhtəşəm tədbirdə biz Qubanın bir çox sahələrdə qazandığı nailiyyətləri və xalçaçılığının inkişafını nümayiş etdirdik.
Biz inanırıq ki, bundan sonra da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz daha da böyük tarixi uğurlara imza atacaq, respublikamızın lider dövlətlər sırasında mövqeyi daha da möhkəmlənəcək, müstəqil Azərbaycanımız durmadan qüdrətlənəcək, ölkəmizin ərazi bütövlüyü tezliklə təmin ediləcəkdir.”

Keçidlər