“Ölkəmizi tanıyaq” maarifləndirici tur aksiyası çərçivəsində Qəbələ rayonunda səfərdə olan rayonumuzun məktəbliləri üçün təntənəli qarşılanma mərasimi təşkil edilmişdir.
Artıq dördüncü ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı cənab İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı almışdır. Əvvəlki 7 tur-aksiya çərçivəsində Quba rayonunun məktəbliləri bir sıra bölgələrdə olmuşlar.
8-ci tur-aksiya çərçivəsində 16-19 noyabr 2017-ci il tarixlərdə Quba rayonundan olan 40 nəfər məktəbli Qəbələ, Şəki, Zaqatala rayonlarına səfər etmiş, bölgənin tarixi-memarlıq, gəzməli və görməli yerləri - Qəbələdə “Tufandağ” Xizəkçilik Kompleksi, qədimliyi ilə fərqlənən Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğu, udilərin yaşadığı Nic kəndi, zəngin Şəki mətbəxi, Şəki Xan sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndindəki qədim Alban məbədi, “Marxal” müalicəvi istirahət kompleksi ilə tanış olmuşlar.
18 noyabr 2017-ci il tarixdə Qəbələ şəhərində 66 komandanın iştirakı ilə təşkil edilmiş “Nə? Harda? Hə zaman?” intellektual oyununda “Quba” komandası III yeri qazanmışdır. Bu münasibətlə 19 noyabr 2017-ci il tarixdə tur-aksiyadan qayıdan məktəblilər üçün RİH tərəfindən Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında təntənəli qarşılanma mərasimi təşkil edilmiş, tədbirdə rayonun mədəniyyət ifaçılarının iştirakı ilə müxtəlif musiqilər səsləndirilmişdir.