Şriftin ölçüsü :

Saytın rəngi :

“5 Oktyabr - Müəllimlər günü”

05 oktyabr 2023 | 12:00
Əziz müəllimlər,
Sizi və sizin simanızda rayonumuzun bütün təhsil işçilərini “5 Oktyabr - Müəllimlər günü” münasibətilə ürəkdən təbrik edir, bu şərəfli peşənizi layiqincə yerinə yetirməkdə möhkəm iradə, səbr, can sağlığı və uğurlar arzu edirik.
Bu il anadan olmasının 100 illiyini böyük ehtiramla qeyd etdiyimiz xalqımızın Ümummilli Lideri Heydər Əliyev deyirdi ki, “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”. Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirilmişdir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, ölkəmizin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.
Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca istiqamət seçib. Təsadüfi deyil ki, XXI əsr Azərbaycanında əsl təhsil bumu yaşanır. Son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəblər tikilib, əlavə korpuslar inşa olunub. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmir, hətta onları üstələyir. Sevindirici hal bir də odur ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri də əhatə edir.
Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban xanımı Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstək isə öz mükəmməlliyi ilə seçilir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ölkədə məktəb tikintisində yaxından iştirakla yanaşı, həmin təhsil müəssisələrinin əyani vəsaitlər, şagirdlərin məktəb ləvazimatı ilə təminatında da mühüm rol oynayır. Yeni, müasir məktəblər, yeni təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər möhtərəm Prezidentimizin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir. Təhsil işçilərinin əməkhaqlarının artırılması, onların mükafatlandırılmaları, fəxri adlarla təltif edilmələri, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar da təhsil işçiləri üçün böyük stimul olmaqla yanaşı, həm də onların məsuliyyətini artırır.
Regionların inkişafı üçün dövlətimizin qayğısını siz müəllimlər daha yaxından hiss edirsiniz. Quba rayonunda da təhsil sahəsində son illərdə bir sıra uğurlar əldə olunmuşdur. Rayonumuzda 2004-cü ildən başlayaraq 86 məktəb binası tikilmiş, 13 məktəb binası isə əsaslı təmir olunmuşdur. Hazırda rayonun Vəlvələ kədində tam orta məktəb binası tikilməkdədir.
Əziz müəllimlər,
Qubanın hər zaman gözəl təhsil ənənələri, nüfuzlu müəllimləri olub və bu gün də var. Təhsil işçiləri rayonumuzun ictimai-siyasi və mədəni həyatında həmişə fəal iştirak edirlər.
Daim çalşmalıyıq ki, yetişməkdə olan gənclərimiz Ümummilli Lider Heydər Əliyevin və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ideyalarına, mükəmməl biliyə, savada yiyələnə bilsinlər, öz intelektual səviyyələrini artırmaqla Vətənimizə layiqli övlad olsunlar.
Belə məsuliyyətli və nəcib bir məqsədə yönəlmiş fəaliyyətinizdə Sizin hər birinizə yeni-yeni uğurlar, möhkəm can sağlığı və xoşbəxtlik arzulayırıq.
Bayramınız mübarək!
Keçidlər