Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev iştirak etmişdir.

03 fevral 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında 03 fevral 2020-ci il tarixdə keçirilmiş və “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev iştirak etmişdir.

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev konfransda çıxış etmişdir.

-Möhtərəm cənab Prezident.

Hörmətli konfrans iştirakçıları.

Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarının icrası rayonumuzun davamlı inkişafına təkan verib, özünün aqrar və turizm potensialından daha səmərəli istifadə etməyə şərait yaradıb.

Hər bölgənin spesifik xüsusiyyətlərini nəzərə alaraq inkişafının təmin edilməsinə dair tapşırığınıza uyğun olaraq, son illərdə Quba rayonu bağçılıq, heyvandarlıq və turizm üzrə daha da ixtisaslaşıb.

Aqrar sahənin inkişafına olan diqqət və qayğınız sakinlərimizi yenidən öz ənənəvi məşğuliyyətlərinə qaytardı. Bağçılığın inkişafına dövlət dəstəyi onları yeni, müasir meyvə bağlarının salınmasına həvəsləndirdi. Məlumat üçün bildirim ki, Qubada ümumilikdə 18,2 min hektar bağ sahəsi var, onun da 13,5 min hektarını alma bağları təşkil edir. Ötən il rayonumuzda 1340 hektar intensiv tipli meyvə bağları salınıb. Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun Zərdabi qəsəbəsində 15 hektar ərazidə məsafədən idarə edilən “Ağıllı bağ” layihəsi icra olunub. Sizin xeyir-duanızla istifadəyə verilən bu Elmi-Təcrübə Bazası nəinki rayonumuzda, həm də regionda yeni növ meyvə bağlarının salınmasına şərait yaradıb.

Bağçılıq və heyvandarlıq sahələrinin inkişafı rayonda “ABAD Factory”, “Qubaekoaqrar” və “Ekodray” kimi emal müəssisələrinin açılmasına səbəb olub. Hazırda rayonda “ABAD” publik hüquqi şəxsin dəstəyi ilə qablaşdırma məhsullarının istehsalı müəssisəsi və gündəlik emal gücü 12 ton olan süd emalı zavodunun tikintisi davam etdirilir.

Rayonumuzun təbii iqlim şəraitinin imkan verməsinə baxmayaraq, fındıqçılıq kimi gəlirli sahə uzun müddət diqqətdən kənarda qalmışdı. Sizin fındıqçılığın inkişafına verdiyiniz dəstəyin nəticəsi olaraq son illərdə rayonda ümumilikdə 2060 hektarda yeni fındıq bağları salınıb ki, bu da 1500-ə yaxın sakinin məşğulluğu deməkdir.

2019-cu ildə rayonda 4964 yeni iş yeri açılıb ki, onun da 3735-i daimidir.

Rayonda sahibkarlığın inkişafı sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilib. Məhz bunun nəticəsində 2019-cu ildə rayona 44,8 milyon manat özəl investisiya qoyulub.

Quba Azərbaycanın ən zəngin turizm potensialına malik olan rayonlarındandır. Hazırda rayonda 51 mehmanxana fəaliyyət göstərir, 10-a yaxın yeni turizm obyektinin tikintisi isə davam etdirilir. Ötən il Quba Destinasiya Menecmenti Təşkilatının fəaliyyətə başlaması, keçirilən ənənəvi festivallar rayona yerli və əcnəbi turistlərin marağını daha da artırıb. Müqayisə üçün qeyd edim ki, 2015-ci ildə Qubaya 942-si xarici olmaqla, ümumilikdə, 23 min 761 nəfər turist gəlmişdisə, 2019-cu ildə xarici turistlərin sayı 36,4 dəfə artaraq 34 min 328 nəfərə çatıb. Ümumilikdə isə turistlərin sayı 2,8 dəfə artaraq 66 min 870 nəfər olub. Sizin sərəncamlarınıza uyğun olaraq həyata keçirilən yol infrastrukturları başa çatdıqdan sonra rayona gələn turistlərin sayı daha da artacaqdır. İndi rayonun Xınalıq, Qonaqkənd, Buduq, Qırız və Yerfi kimi ucqar kəndlərində dünyanın hər yerindən turistlərə rast gəlmək mümkündür. Bütün bunlar Sizin rayonumuza göstərdiyiniz diqqət və qayğı nəticəsində mümkün olub.

Sizin təşəbbüsünüzlə regionlarda proqnozdan artıq vergi daxilolmalarının 50 faizinin rayon və şəhər icra hakimiyyətlərinin sərəncamına verilməsi yerlərdə sosial-iqtisadi inkişaf prioritetlərinin həllində, əlavə maliyyə mənbələrinin əldə edilməsi üçün böyük bir yenilikdir. Bu baxımdan ötən ilin yekunlarına görə rayonumuzda daxil olmuş əlavə vergilərin 1,04 milyon manatı yerli icra hakimiyyətinə qaytarılıb.

Son iki ildə rayonun 19 yaşayış məntəqəsinə təbii qaz verilib, bununla da qazlaşdırmanın səviyyəsi 75,3 faizə çatdırılıb. 110 kilovatlıq Quba yarımstansiyasının istifadəyə verilməsi isə rayonun fasiləsiz və dayanıqlı enerji ilə təmin olunmasına imkan yaradıb.

2019-cu ildə rayonun avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilib. Hazırda tikintisi aparılan Quba-Qonaqkənd və Susay-Xınalıq avtomobil yolları istifadəyə verildikdən sonra rayonun yaşayış məntəqələrinin 75,2 faizi yeni yollarla əhatə olunacaq.

Sizin Sərəncamınıza uyğun olaraq 2019-cu ildə 960 şagird yerlik Alekseyevka kənd tam orta məktəbi istifadəyə verilib, 5 kənddə modultipli məktəb quraşdırılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan ümumi tutumu 1642 şagird yerlik Zərdabi qəsəbə və Birinci Nügədi kənd tam orta məktəblərində isə tikinti işləri davam etdirilir.

Quba şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binalarda yaşayan sakinlər üçün 48 mənzilli yaşayış evinin tikintisi də yekunlaşmaq üzrədir.

Sizin sərəncamlarınızla həyata keçirilən və 4,2 milyondan çox ölkə vətəndaşını əhatə edən ciddi sosial islahatlar paketindən qubalılar da bəhrələnirlər. Onlar bunu vətəndaş rifahı naminə Sizin tərəfinizdən atılan inqilabi addım kimi dəyərləndirirlər.

Möhtərəm cənab Prezident, çıxışımın sonunda Sizi bir daha əmin etmək istəyirəm ki, biz qubalılar Sizin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rayonumuza göstərdiyiniz bu diqqət və qayğıya əməli işimizlə cavab verəcək, müstəqil Azərbaycanımızın inkişafı naminə üzərimizə düşən bütün vəzifələri layiqincə yerinə yetirəcəyik.

Diqqətinizə görə çox sağ olun.

Keçidlər