Koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə, xüsusi karantin rejiminin tələblərinə əməl olunması və bu dövrdə Quba rayonunda aztəminatlı vətəndaşlara köməklik göstərilməsi istiqamətində görülmüş işlər barədə M Ə L U M A T
Koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə, xüsusi karantin rejiminin tələblərinə əməl olunması və bu dövrdə Quba rayonunda aztəminatlı vətəndaşlara köməklik göstərilməsi istiqamətində görülmüş işlər barədə
M Ə L U M A T
Bütün dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə, xüsusi karantin rejiminin tələblərinə əməl olunması və bu dövrdə aztəminatlı vətəndaşlara köməklik göstərilməsi istiqamətində Quba rayonunda da geniş miqyaslı kompleks tədbirlər həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ölkəmizdə koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin tətbiq olunması barədə müvafiq qərarının tələblərinin rayonda əhatəli qaydada icrası məqsədilə Rayon İcra Hakimiyyəti başçısının sədirliyi ilə rayon qərargahı yaradılmış, xüsusi karantin rejminin tələblərinin əhali arasında geniş təbliğ olunması məqsədilə mobil qruplar yaradılmış, Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevinin şəxsən özü, həmçinin Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları və digər aidiyyəti şəxslər tərəfindən müvafiq qaydaların əhaliyə düzgün çatdırılması məqsədilə gündəlik maarifləndirmə və izahat işləri aparılmış, rayon sakinlərinin evdə qalmaları ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin gündəlik nəzarəti altında Quba şəhərində, rayonun digər yaşayış məntəqələrində, əhalinin çox toplaşdığı məkanlarda, təhsil müəssisələrində, məscidlərdə, eləcə də digər dövlət və qeyri-dövlət qurumlarının binalarında mütəmadi olaraq dezinfeksiya tədbirləri həyata keçirilmişdir.
Bu dövrdə rayon üzrə aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan rayon sakinlərinin problemləri Rayon İcra Hakimiyyəti tərəfindən daim nəzarətdə saxlanmış və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına qoşularaq minlərlə belə vətəndaşa Rayon İcra Hakimiyyəti, eləcə də digər fiziki və hüquqi şəxslər, müxtəlif təşkilatlar və xeyriyyəçilər tərəfindən ərzaq yardımları göstərilmişdir.
Aztəminatlı vətəndaşlara Heydər Əliyev Fondunun, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Rayon İcra Hakimiyyətinin, eləcə də bir sıra digər təşkilatların və xeyriyyəçilərin xətti ilə yardımların göstərilməsi hazırda da davam etdirilməkdədir.
Qeyd olunan dövrdə Quba Rayon Mərkəzi Xəstəxanası pandemiya ilə əlaqədar regional mərkəzə, rayonda yerləşən bir neçə istirahət və turizm obyektləri isə karantin zonalarına çevrilmişdir. Həm regional mərkəzdəki, həm də karantin zonalarındakı vəziyyət rayon rəhbərliyi tərəfindən daim nəzarətdə saxlanmış, lazım gəldikdə müvafiq köməkliklər göstərilmişdir. Hazırda da qeyd olunan istiqamətdə müvafiq tədbirlər görülməkdədir.
Xüsusi karantin rejimi dövründə rayonda görülən işlər barədə foto və video materiallar mütəmadi olaraq Rayon İcra Hakimiyyətinin feysbuk və instaqram səhifələrində yerləşdirilmiş və əhali həyata keçirilən tədbirlər barədə müntəzəm olaraq məlumatlandırılmışdır.
Son vaxtlar bəzi saytlarda koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə, xüsusi karantin rejiminin tələblərinə əməl olunması və bu dövrdə Quba rayonunda aztəminatlı vətəndaşlara köməklik göstərilməsi ilə bağlı görülmüş işlər barədə Rayon İcra Hakimiyyəti tərəfindən operativ məlumatların yerləşdirilməməsi barədə qeyri-obyektiv və əsassız yazılar dərc olunmuşdur. Belə şəxslərə Quba Rayon İcra Hakimiyyətinin feysbuk və instaqram səhifələrinə, eləcə də rəsmi mənbələrinə istinad etmələri tövsiyə edilir.
Məlumat üçün bildiririk ki, Quba rayonunda xüsusi karantin rejimi dövründə görülən işlər və koronovirus pandemiyasına qarşı mübarizə tədbirləri barədə mütəmadi olaraq respublika və yerli səviyyəli kütləvi informasiya vasitələrində süjetlər yayımlanmış, yazılar dərc edilmişdir.