Dövlət-vətəndaş həmrəyliyinə töhfə: kölgədən işığa doğru
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin uğurları gündən-günə artmaqdadır. Dünyanı bürüyən qlobal koronavirus pandemiyası dövründə də dövlətimiz öz qüdrətini bütün dünyaya nümayiş etdirmişdir. Son illər ərzində ölkə iqtisadiyyatının dinamik inkişafının təmin olunması işləri ilə paralel olaraq, iqtisadi fəaliyyətin və gəlirlərin tam şəffaflaşdırılması istiqamətində də ardıcıl islahatlar həyata keçirilmişdir. Bu islahatlar “kölgə” iqtisadiyyatının miqyasının əhəmiyyətli dərəcədə kiçilməsinə və rəqabət mühitinin daha da yaxşılaşmasına mühüm təsir göstərmişdir. Respublikamızda dövlət-biznes münasibətləri daha sağlam əsaslar üzərində qurulmuş, bütün sahələrdə maliyyə intizamı yaxşılaşmışdır.
Statistik məlumatlara görə, 2020-ci ilin I rübündə dövlət büdcəsinə qeyri-neft sektoru üzrə daxilolmalar 21.3 faiz artaraq 1.4 milyarddan çox olmuşdur.
2019-cu ildə ölkəmizdə əmək müqavilələrinin sayı 153 min artmış, bu artımın da 99 mini özəl sektorun payına düşmüşdür. Ümumilikdə son 5 rüb, yəni 2019-cu il və cari ilin birinci rübü ərzində əmək müqavilələrinin sayı 172 mindən çox artmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən Tədbirlər Planının mühüm bir istiqaməti də iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılmasına yönəlmişdir.
Pandemiya dövründə dövlət və özəl sektorda işçilərin əsassız yerə işdən çıxarılmaması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması istiqamətində məqsədyönlü işlər aparılmışdır. Nəticədə mövcud iş yerləri nəinki qorunmuş, həmçinin “Əmək müqaviləsi bildirişi” altsistemindən mayın 1-də əldə olunan məlumata əsasən, 2020-ci ilin əvvəlindən əmək müqavilələrinin sayında 105 min nəfərlik (o cümlədən özəl sektorda 94 minə yaxın) artım olmuşdur. Pandemiya dövründə muzdla işləyən 1 milyon 660 min şəxsin məşğulluğu təmin edilmiş və onlar işsizlik riskindən qorunmuşdur. Bu dövrdə möhtərəm Prezidentimizin Sərəncamı ilə zərər çəkən sahələrdə iqtisadi aktivliyin dəstəklənməsinə 900 milyon manat birbaşa kompensasiya ödənişi ayrılmışdır. Bu çərçivədə muzdlu işçilərin iş yerləri qorunmuş, zərər çəkən sahibkarlara maliyyə dəstəyi göstərilmiş, onlara geniş vergi güzəştləri verilmiş, fəaliyyət sahələrinə ayrılan 1.5 milyard manat bank kreditlərinə dövlət zəmanəti verilmiş və faizləri subsidiya edilmişdir.
Cənab Prezidentin yüksək humanizmi, Azərbaycan vətəndaşına diqqət və qayğısı nəticəsində hətta əvvəllər qeyri-formal sektorda çalışanların sosial müdafiəsinin də nəzərə alınması təmin edilmişdir.
17 aprel 2020-ci il tarixdə cənab Prezident videobağlantı formatında keçirdiyi iclasda aidiyyəti qurumların rəhbərlərinə 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsait verilməsi barədə tapşırıqlar vermişdir.
Ünvanlı dövlət sosial yardım proqramının əhatə dairəsi pandemiya dövründə genişlənmiş, təkcə aprel ayında əlavə 12 min ailə (50 min ailə üzvü) də bu proqrama cəlb edilmiş və hazırda 82 mindən çox ailənin 342 min üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin edilir.
Digər tərəfdən, pensiya, müavinət və təqaüd alan 2 milyon şəxsə ödənişlərin davamlılığı təmin edilmişdir.
Ölkəmizdə son illərdə həyata keçirilən kompleks sosial-iqtisadi islahatlar, kölgə iqtisadiyyatı və vergidən yayınma hallarına qarşı mübarizə, şəffaflığın təmin olunması və qeyri-leqal məşğulluğun aradan qaldırılması istiqamətində görülən işlər mühüm töhfələrini verməkdədir.
Koronavirus pandemiyası sahibkarların və hər bir vətəndaşın daha məsuliyyətli olmasının və onların dövlətlə həmrəylik nümayiş etdirməsini olduqca zəruri olmasını bir daha sübut etdi.
Ölkə başçısının qeyd etdiyi kimi, “burada təkcə dövlət orqanlarının fəaliyyəti kifayət deyil. Biznes dairələri də öz məsuliyyətini dərk etməli və əyri yola getməməli, öz fəaliyyətini kölgədən çıxarmalıdırlar...”. Əks halda, əmək müqaviləsinin və şəffaf fəaliyyətin olmaması koronavirus dövründə olduğu kimi, vətəndaş üçün yeni həyat dərsinə çevriləcək.
Bunu nəzərə alaraq iqtisadi fəaliyyətdə məsuliyyət və nizam-intizama üstünlük verilməli, bu birlik post-koronavirus dövründə də davam etdirilməlidir.
Hər bir sahibkar, hər bir vətəndaşımız qanunla nəzərdə tutulan vergiləri vaxtında ödəməklə dövlətimizin daha da tərəqqisinə verdiyi töhfə ilə fəxr etməlidir.