Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident Sərəncam İmzaladı

22 iyul 2020 | 16:00

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi məqsədilə qərara alıram:

1. Ermənistan Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının Tovuz rayonunu intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə birlikdə qısa müddətdə təmin edib, bu barədə məlumatları Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsinə əsasən təqdim edilmiş məlumatlara uyğun olaraq, dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 iyul 2020-ci il.

Keçidlər