Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı bu gün də bütün cəbhə boyu mərd oğullarımız mənfur düşmənlə üz-üzə durub və qəhrəmancasına mübarizə aparırlar

04 avqust 2020 | 16:00

Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı bu gün də bütün cəbhə boyu mərd oğullarımız mənfur düşmənlə üz-üzə durub və qəhrəmancasına mübarizə aparırlar. Xüsusilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğı öz uğurlu nəticələrini verir. Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələrimizin hərbi-texniki təchizat səviyyəsi, nizam-intizamı və döyüş ruhu kifayət qədər yüksəkdir. Ən mühüm məqamlardan biri bundan ibarətdir ki, bu gün Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var. Silahlı Qüvvələrimizin hər bir vətəndaşın qürur mənbəyidir. Bu, olduqca vacib amildir. Çünki ordu cəmiyyətdə daxili özünə inamı, dövlətə etimadı gücləndirən əsas faktorlardan biridir. Bu gün Silahlı Qüvvələrimiz dünya reytinqində 50-ci pillədə qərarlaşır.
Dağlıq Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyümüzün bərpası Azərbaycan dövlətinin prioritet hədəfidir. Bu hədəfə nail olmaqda Silahlı Qüvvələrimiz əhəmiyyətli rol oynayır. Mübariz İbrahimov və Fərid Əhmədov kimi qəhrəman oğullarımızın yolunun davamçısı və torpaqlarımızı işğaldan azad edənlərin sırasında olmaq gənclərimizin ən böyük arzusudur. Müharibədə döyüş də var, şəhidlik də var. Ancaq Vətənə görə döyüşmək, torpaqlarımız üçün döyüşmək, ölümdən qorxmadan döyüşmək lazımdır. General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev  şəhidliyi özləri seçmişdi. Vətən üçün seçmişdi, xidmətdə olan əsgərlərə, çağırışçılara vəsiyyət kimi seçmişdi. Onların şəhidliyi əsgərlərə nümunədir.
Aprel döyüşləri tarixə ordumuzun gücünün, xalqla ordunun vəhdətini, vətənpərvərliyinin göstəricisi kimi düşdü. Aprel qələbəsi bir daha sübut etdi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Əks-hücum əməliyyatı aparan hissələrimiz mühüm mövqelərə sahib oldu. Lələtəpə kimi yüksəklik alındı. Nəticədə 1994-cü ildə düşməndən azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Hər kəs bu qalibiyyətin sevincini yaşayır. Amma məhz aprel döyüşləri sayəsində azad olunan Lələtəpə və Talış yüksəklikləri bu rayonlarda yaşayan insanlarımızı təhlükədən qurtardı. Həm də işğaldan azad etdiyimiz yüksəkliklərdən Dağlıq Qarabağa nəzarət etmək imkanlarımız genişləndi. Qısa bir zamanda, yəni 4 gün ərzində 300-dən çox erməni əsgəri məhv edildi, 500-dən çoxu ağır yaralandı, 30 tank, 15-dən çox artilleriya qurğusu və mühəndis istehkam qurğuları məhv edildi.
2018-ci ildə Şərur rayonunun işğal altında olan Günnüt kəndi və ətraf ərazilər uğurlu əməliyyat nəticəsində düşmən tapdağından azad edildi, 11 min hektar torpağa ordumuzun nəzarəti təmin olundu. Nəticədə, Əlahiddə Ümumqoşun Ordu düşmənin mühüm strateji yollarına nəzarəti ələ aldı, onun üzərində böyük üstünlük qazandı. 26 kilometr məsafəni əhatə edən əməliyyat nəticəsində 7 kilometrədək dərinlikdə əlverişli yüksəkliklər ələ keçirildi. Qızılqaya yüksəkliyinin ələ keçirilməsi İrəvan-Yexeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verdi. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün ətrafdakı hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri quruldu. Eyni zamanda bu hərbi üstünlük ordumuzun şəxsi heyətinin döyüş ruhunu daha da artırdı. Ermənistan silahlı qüvvələri həmin ərazilərdən qovulub çıxarıldı, o torpaqlarda Azərbaycan üçrəngli, şəhid qanı ilə boyanmış müqəddəs bayrağımız ucaldıldı.
12 iyul 2020-ci il tarixdə Azərbaycan – Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın atəşkəs müqaviləsini pozaraq hücuma keçməsi zamanı düşmənə qarşı tətbiq olunan dəqiq və dağıdıcı gücə malik silahlar, həmçinin əsgər və zabitlərimizin qəhrəmanlığı onu itki verərək geri çəkilməyə məcbur etdi. Düşmən 100 nəfərə yaxın canlı qüvvəsini və texnikasını itirdi. İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası Səmayə xanım və polkovnik İlqar Mirzəyevin oğlu Elvin ilə telefonla danışmış, şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı vermiş, onlara Allahdan rəhmət və səbir diləmişdir. General Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin ailəsinə ev verilmişdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən Fondun nümayəndələri şəhid ailələrini ziyarət etmiş, Tovuz rayonu istiqamətində şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarının daim Fondun nəzarətində olacağı bildirilmişdir.
Tovuz rayonunda atəşkəsin Ermənistan tərəfindən pozulması zamanı Silahlı Qüvvələrimiz öz üstünlüyünü bir daha təsdiq etdi. Bu əməliyyat Silahlı Qüvvələrimizin şanlı tarixində öz yerini tutdu. 
14 iyul 2020-ci il tarixdə Bakıda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə çoxminlik dəstək yürüşü keçirilmiş, xalq ordusunun və Ali Baş Komandanının yanında olduğunu, onu dəstəklədiyini ən yüksək səviyyədə göstərmişdir. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çağırışına səs verən 55 midən çox  vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçmiş və müraciətlər davam etməkdədir.

Keçidlər