Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası 120 ölkənin yekdil qərarı ilə 2016-cı ildə Qoşulmama Hərəkatının sədri seçilmişdir.

23 sentyabr 2020 | 16:00

Azərbaycan Respublikası 120 ölkənin yekdil qərarı ilə 2016-cı ildə Qoşulmama Hərəkatının sədri seçilmişdir. 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürmüşdür. Respublikamızın Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə may ayında Qoşulmama Hərəkatının COVID-19-a qarşı onlayn formatda Zirvə görüşü keçirilmiş, görüşdə Qoşulmama Hərəkatı adından ölkə Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etmiş, bu təşəbbüsü 130-dan çox ölkə dəstəkləmişdir.
İnsan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşahidə olunan silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasətlər, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizm dünyada milyonlarla insana mənfi təsir etdiyi bir vaxtda beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var. Bu baxımdan Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatına üzv olmuşdur. Təqribən 30 illik müstəqilliyi dövründə Azərbaycan müxtəlif sahələrdə çox böyük tərəqqiyə nail olmuşdur.
Bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürmüşlər. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etməklə BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılması barədə dörd qətnaməsinə məhəl qoymamaqda davam edir.
Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmiş, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan Xocalı soyqırımını törətmişdir. İşğal olunmuş ərazilərdə beynəlxalq hüquq normaları kobud şəkildə pozularaq Ermənistan tərəfindən qanunsuz məskunlaşdırma siyasəti həyata keçirilir, Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhali hədəfə alınır və təxribatlar törədilir. Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir.

Keçidlər