Şriftin ölçüsü :

Saytın rəngi :

Humanitar atəşkəs birinci mərhələdir. Hərbi əməliyyatlar gedişində dəyişilmiş status-kvo siyasi və diplomatik müstəviyə daşınmalıdır.

12 oktyabr 2020 | 16:00

Azərbaycan Ordusu 10 gün ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. 190-dan artıq tank, çoxsaylı artilleriya qurğuları, raket sistemləri, canlı qüvvə məhv edildi, düşmənin xeyli sayda hərbi texnikası və silah-surastı ələ keçirildi. Bundan sonra Ermənistana 10 illiklər lazım olacaq ki, özünə yeni ordu qursun. Bu silah-sursat sistemlərinin qurulması üçün Ermənistan tərəfindən milyardlarla vəsait sərf olunmuşdu. Ermənistan ordusunun peşəkar zabit heyəti və peşəkar müddətdən artıq hərbi xidmətçiləri böyük sayda məhv edildi. Son döyüşlər miqyasına görə böyük əməliyyat olaraq Ermənistan ordusunun və cəmiyyətinin özünə güvənini əsaslı dərəcədə sarsıtdı.   Əks-hücum əməliyyatlarında düşmənə sarsıdıcı zərbələr endirməklə torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusu öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Milli həmrəylik, yüksək vətənpərvərlik və dünya azərbaycanlarının birliyi dövlətimizin əzmini daha da artırdı. Yaşadığı yerdən asılı olmayaraq bütün soydaşlarımız, o cümlədən Azərbaycanı dəstəkləyən hər bir kəs bütün informasiya platformalarında həmrəy olub Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fədakarcasına mübarizə aparmışdır. Tarixi günlərini yaşayan Azərbaycan düşməni torpaqlarımızdan çıxararaq Ermənistanı təslim bayrağı qaldırmağa məcbur etdi. Cəbrayıl rayonu, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan su anbarı, onlarla kənd, strateji yüksəkliklər azad edildi. İndi həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Bütün cəbhə xətti boyu ermənilərin müdafiə istehkamları yarıldı və ələ keçirildi. Suqovuşan su anbarının olduğu ərazinin azad edilməsi ilə ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən su probleminin həlli istiqamətində ciddi addım atılmış oldu. Bir daha Ermənistanın hərbi-siyasi rəhbərliyinin anti-insani, faşist siması ifşa edildi və bütün dünyaya göstərildi. Bir daha sübut olundu ki, Ermənistanın əsas hədəfi yaşayış məntəqələri və dinc əhalidir. Uzun illərdir ki, Ermənistan danışıqlar prosesində özünü üstün tərəf kimi aparmağa çalışır, şərtlər irəli sürür, beynəlxalq təşkilatların qərar və qətnamələrini, beynəlxalq ictimaiyyətin çağırışlarını qulaq ardına vurur, öz iradəsini diqtə etməyə çalışırdı. 10 günlük müharibə Ermənistanın hərbi-siyasi müstəvidə mövqeyini alt-üst etdi, onun iradəsini sarsıtdı, iqtisadiyyatını tam çökdürdü. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 15 iyul 2020-ci il tarixli iclası zamanı bildirib: “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”. Bu günədək aparılan siyasət, atılan addımlar, o cümlədən sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dövlət başçısının bu fikirlərinin tam əsaslı olduğunu təsdiq edir. İstər danışıqlar masasında, istərsə də hərb meydanında atılan hər bir düşünülmüş və dəqiq addım bizi əsas hədəfə daha da yaxınlaşdırır.
Ağır zərbələr alaraq diz üstə çökdürülən Ermənistanın baş naziri hərbi əməliyyatların dayandırılması üçün müraciət etmədiyi ünvan, döymədiyi qapı, yalvarmadığı lider qalmadı. Sentyabrın 27-də başlamış hərbi əməliyyatlar Azərbaycan Ordusunun tam qələbəsi ilə nəticələndi və bundan sonra ölkəmiz diplomatik cəbhədə də diqtə edən tərəf kimi çıxış edir. Azərbaycan hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirdi. Ermənistanın danışıqları formatını dəyişdirmək və “Dağlıq Qarabağdakı qondarma rejimi”nin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq, o cümlədən 1994-cü il Bişkek protokolunu əlində bayraq etmək iddiasının üzərindən birdəfəlik xətt çəkildi. Ermənistan etiraf etdi ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan dövlətidir. Ermənistan baş naziri artıq 7 şərt irəli sürmür, ona diqtə edilən şərtləri qəbul etmək zorundadır. Bu gün danışıqlar prosesində məhz Azərbaycan öz iradəsini diqtə edir və şərt irəli sürür. Bu gün danışıqlar prosesində status-kvo, cəbhədə təmas xətti kimi anlayışlar yoxdur. Azərbaycan uzun illər mövcud olmuş status-kvonu aradan qaldırdı, təmas xəttini ləğv etdi.
  Oktyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə elan olunmuş iki günlük atəşkəs humanitar xarakter daşıyır, hər iki tərəfə vəfat etmiş hərbçilərin cəsədlərini təhvil vermək imkanı yaradır. Bu birinci mərhələdir. Hərbi müstəvidə əldə edilmiş nailiyyətlərin diplomatiya və siyasi müstəviyə daşınmasıdır. Əgər Ermənistan bundan sonra yenə qoşunların çıxarılması istiqamətində addımlar atmayacaqsa, hərbi əməliyyatlar həmən bərpa oluna bilər.

Keçidlər