Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı.

03 dekabr 2020 | 16:00

zərbaycan Respublikası dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı.
Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan çıxarmaqla Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı. Beləliklə, Azərbaycan sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini  hərbi-siyasi yolla 44 günə bitirdi.
Azərbaycan Vətən müharibəsinin 44 günü (27 sentyabr - 9 noyabr) ərzində  4 rayonumuzu - Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlını, həmçinin Şuşa şəhəri, Hadrut qəsəbəsi və Dağlıq Qarabağdakı bir çox torpaqlarımızı hərbi yolla işğaldan azad etdi, düşməni darmadağın etdi və Ermənistanı dərin böhrana saldı. Azərbaycan ordusunun məhv etdiyi və ya qənimət götürdüyü düşmənə məxsus hərbi  texnikanın qiyməti bir neçə milyard dollardır. Bu, xarici borc içində üzən Ermənistan üçün böyük zərbədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: Artıq  Ermənistan ordusu yoxdur, məhv etmişik. Bu orduya silahlar, sursatlar, ən müasir texnika verilirdi, özü də pulsuz, bunu hər kəs bilir.
Düşmənin məhv edilmiş və qənimət götürülmüş  texnikası:
53 tank əleyhinə vasitə,  4 “Smerç”,  97 “Qrad”, 2 “Uraqan” , 1 “YARS”, 1 TOS odsaçan , “S-300” zenit-raket kompleksləri - 7 atıcı qurğusu, bir “S-300” radiolokatoru və iki “S-300” aşkaretmə stansiyası, 1 “Oborona” radiolokasiya stansiyası, 5 “TOR” zenit-raket kompleksi, 40 “Osa” zenit-raket kompleksi, 4 “KUB” zenit-raket kompleksi, 1 “KRUQ” zenit-raket kompleksi , 14 zastava,  2  “S-125” zenit-raket kompleksi, 22 pilotsuz uçuş aparatları,  2 “Elbrus” əməliyyat-taktiki raket kompleksi,  1 ballistik raket, 1 “Toçka-U” raket kompleksi, 5 radioelektron mübarizə vasitələri, 2 “R-142” komanda qərargah maşını, 1 “Nebo-M” radiolokasiya stansiyası, 7 müxtəlif radiolokasiya stansiyası, 4 “Reppelent” radio-texniki maneə vasitəsi, 28 “Akasiya” və “Qvozdika” özüyeriyən artilleriya qurğusu, 315 müxtəlif çaplı top, 63 minaatan, 10 xüsusi avtomobil, 7 komanda məntəqəsi, 11 sursat anbarı, 287 tank , 69 piyadaların döyüş maşını , 5 “Su-25” təyyarəsi, 252  yük avtomobili məhv edilib. 5  “Akasiya” və “Qvozdika” özüyeriyən artilleriya qurğusu,  37 müxtəlif çaplı top, 62 minaatan, 93 xüsusi avtomobil, 178 qumbaraatan , 10 traktor,  5 “Şilka” zenit qurğusu, 1380 atıcı silah,  79 tank, 47 piyadaların döyüş maşını , 270 yük avtomobili hərbi qənimət kimi götürülüb.
  Üçtərəfli bəyanata əsasən, Azərbaycan atəşkəsin elan edildiyi noyabrın 10-dan dekabrın 1-dək keçən 22 günə siyasi yolla daha əvvəl  Ağdam və Kəlbəcəri azad etdi, indi isə Laçın rayonunu nəzarəti altına keçirir. Amma düşmən öz xoşuna çıxmadı, rayondan çıxmağa məcbur edildi. Azərbaycan tərəfinə 17 il ərzində dəfələrlə müxtəlif xarici dairələrdən yalnız beş rayonun qaytarılmasına razılaşmaq üçün təzyiq edilsə də, Ali Baş Komandan iqtisadi, hərbi, diplomatik baxımdan güclənərək Vətən müharibəsi modelini seçməyi üstün tutdu,  bu model özünü doğrultdu,  Azərbaycan yeni hərbi-siyasi  reallıq yaratdı. Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycanın məhz özünün döyüşərək, hərbi-siyasi yolla geri alması möhtəşəm tarixi Qələbəmizin daha bir təntənəsi, düşmənin hərbi kapitulyasiyasının növbəti təsdiqidir.
ATƏT-in Faktaraşdırıcı Missiyası hesabatında Laçın rayonu ərazisində 8–11 min erməninin yerləşdirildiyini müəyyən etmişdi. Azərbaycanın məlumatlarına görə isə bu rəqəm 13 mindən artıqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: Mən həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı.
BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində - 822, 853, 874 və 884 saylı qətnamələrdə bilavasitə Laçının  adı çəkilməsə də, sənədlərdə yer alan "erməni silahlı dəstələrinin son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından", "digər rayonlardan geri çəkilməsi" tələbi birbaşa Laçına aid idi.
Laçın rayonu 1924-cü ildə təsis edilib. Ərazisi 1.84 min km²-dir, işğaldan əvvəl əhalisi 65 430 nəfər olmuşdur. Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənd olmuşdur.
Birinci Qarabağ müharibəsində 264 nəfər laçınlı şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayonun 6 Milli Qəhrəmanı vardır. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır.
İşğaldan əvvəl 217 mədəniyyət müəssisəsi,142 səhiyyə obyekti, 133 idarə və müəssisəsi,100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisəsi, 5 musiqi məktəbi, 1 internat məktəbi,1 orta texniki peşə məktəbi və 1 rabitə müəssisəsi var idi.
İşğal olunmuş rayonun yerli əhalisi son statistikaya görə 80 mindən çoxdur, laçınlılar respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşmışlar.
Azərbaycan Respublikası Laçın dəhlizi üzərində suveren haqlarını kimsəyə təslim etməyib, dəhlizdə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkəti rəsmi Bakının təhlükəsizlik zəmanəti altındadır.
Laçın dəhlizi Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə verilən zəmanətə adekvatdır. Sonuncu dəhliz Azərbaycanla Türkiyəni quru yolla birləşdirir ki, bu da Vətən müharibəsində ikiqat Qələbənin nəticəsidir.
İşğaldan azad edilmiş torpaqlarda mövcud olan mənzərə böyük çətinliklər yaradır. Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq o bölgələr Azərbaycan dövlətinin vəsaiti, Prezidentin siyasi iradəsi ilə  bərpa ediləcək, vətəndaşlarımızın normal həyatı üçün bütün addımlar atılacaq.
Laçın bizimdir! Qarabağ Azərbaycandır!

Keçidlər