Şriftin ölçüsü :

Saytın rəngi :

ATƏT-in Minsk qrupu həmsərdlərinin sonuncu dəfə Azərbaycana səfərindən sonra ötən bir il ərzində bölgə və dünyadakı vəziyyət dəyişmişdir

17 dekabr 2020 | 16:00

ATƏT-in Minsk qrupu həmsərdlərinin sonuncu dəfə Azərbaycana səfərindən sonra ötən bir il ərzində bölgə və dünyadakı vəziyyət dəyişmişdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda yeni reallıqlar yaratmışdır.  Status-kvo güc yolu ilə, Azərbaycan hökumətinin iradəsi, yürüdülən müdrik siyasət, Azərbaycan xalqının əzmi, həmrəyliyi, bütün qüvvələrin səfərbər olunması, Azərbaycan əsgərinin şücaəti  sayəsində dəyişdirilmişdir. Minsk  qrupu həmsədr ölklərinin liderləri münaqişənin hərbi həlli olmadığını iddia etsə də, Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Hərbi variant yoxdur” deyənlər  sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər.
Hazırda Rusiya sülhməramlıları Dağlıq Qarabağda öz fəaliyyətinə başlayıblar. Ermənistan və Azərbaycan da bunu dəstəkləyib. Vəziyyət müəyyən dərəcədə sabitdir. Sülhyaratma əməliyyatları müzakirə olunmuş razılaşmanın, Madrid prinsiplərinin bir hissəsidir. 10 il əvvəl Minsk qrupunun həmsədri olan ölkələrin prezidentləri birgə bəyannamə ilə çıxış edərək status-kvonun qəbuledilməz olduğunu bildirmişlər. Azərbaycan bəyannaməni dəstəkləsə də, müəyyən vaxtdan sonra həmsədr ölkələrin liderləri  status-kvonun onlar üçün qəbul edilən olması haqda mesajlar vermişlər. 
BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu qədər illər ərzində münaqişə niyə həll olunmurdu? Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər. Beynəlxalq vasitəçi olan ölkələrin hər biri öz imkanlarından, potensialından istifadə edərək Ermənistanı işğal etdiyi əraziləri tərk etməsi üçün mesaj verə bilərdi, lakin belə mesaj verilməyib. Ermənistana ciddi sanksiyalar tətbiq olunsaydı, işğalçı qüvvələrini geri çəkərdi.İşğal etdiyi ərazilərin kiçik hissəsindən belə çıxarması üçün Ermənistana təzyiq olunmayıb.  Münaqişənin dondurulmuş kimi görünməsi beynəlxalq vasitəçiləri qane edib. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. 
Ermənistanın əvvəlki rəhbərlərinin vaxtında nəticə olmasa da, danışıqlar gedirdi,  Paşinyan  danışıqlar prosesinin formatını alt-üst etməyə cəhd etmişdir, onun təxribatçı hərəkətləri və bəyanatları danışıqları tamamilə mənasız etmişdir. 
Paşinyanın 7 şərtinə qarşı Azərbaycanın yeganə şərti işğalçının torpaqlarımızdan çıxması olmuşdur. İkinci Qarabağ müharibəsinin gedişində də  Azərbaycan tərəfinin yeganə şərti bu olmuşdur.
Azərbaycan Ordusu məğlubedilməz olduğunu nümayiş etdirmiş, işğal olunmuş ərazilərin böyük hissəsini, 300-dən artıq şəhər, qəsəbə və kəndi, o cümlədən Azərbaycanın tarixi Şuşa şəhərini 44 gün ərzində azad etmişdir. Üçtərəfli bəyanat imzalandıqdan dərhal sonra Azərbaycan döyüşü dayandırmışdır. Azərbaycan yalnız Vətən müharibəsi aparmışdır, etnik təmizləmə və ya başqa ölkənin ərazilərini tutmaq kimi heç bir hədəfi olmamışdır. Halbuki, Azərbaycan ordusunun potensialı buna tam imkan verir.
Rusiya Prezidentinin müraciəti əsasında Azərbaycanın Kəlbəcərin boşaldılması üçün verdiyi əlavə 10 gün  vaxtdan ermənilər qarət, vandalizm, vəhşilik, ekoloji terror məqsədilə istifadə etmişlər. Kəlbəcərdə meşələr, su elektrik stansiyaları, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda bütün yaşayış binaları, tarixi-mədəni abidələr dağıdılmışdır. Ermənistanın və qondarma Dağlıq Qarabağ rejiminin rəhbərləri müharibə caniləridirlər. Gəncənin ballistik raketlə atəşə tutulması, Bərdə və Tərtər şəhərlərinin kasetli və fosforlu sursatla atəşə məruz qalması, işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırma hərbi cinayətlərdir.
Erməni işğalçılarının mülki əhaliyə, infrastruktura, dini və mədəni abidələrə vurduğu ziyanın müvafiq təhlili aparılır. Hər bir şey sənədləşdiriləcək və  zəruri hüquqi addımlar atılacaq. Qanunsuz məskunlaşdırma hərbi cinayətdir. İşğal olunmuş ərazilərdə suriyalı erməniləri yerləşdirməyi planlaşdırırdılar və onlardan muzdlular kimi istifadə edirdilər. Əlimizdə ermənilərin istifadə etdiyi muzdlular barədə saysız-hesabsız faktlar var.
Azərbaycan dövlətinin erməni xalqı ilə problemi yoxdur. Bizim davamız işğalçılarladır, ərazimizi işğal edən cinayətkarlarladır. Dağlıq Qarabağın erməni icmasının güzəranı Azərbaycan idarəçiliyi altında daha yaxşı olacaq. Qondarma rejim öz erməni vətəndaşlarını səfalət içində, qul kimi yaşamağa məcbur etmişdir.
Dövlətimizin başçısı demişdir: Ermənistan faşizmi yenidən baş qaldırarsa, onun başını dəmir yumruqla əzəcəyik. Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik. Bu, heç kəs üçün sirr qalmalı deyil. 
Beynəlxalq ictimaiyyət Ermənistana birbaşa mesaj verməlidir. Gələcəkdə heç zaman Azərbaycan xalqının hissləri ilə oynamasın, yoxsa ağır cəzadan yaxa qurtara bilməyəcəksiniz!

Keçidlər