Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Türkmənistan və Azərbaycan nisbətən gənc müstəqil dövlətlərdir.

27 yanvar 2021 | 16:00

Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında anlaşma memorandumu imzalanıb. Xəzərin karbohidrogen yataqlarının bölgüsü üstündə yaranmış ixtilaflar arxada qalır. İmzalanmış saziş regionun inkişafına müsbət təsir göstərəcək mühüm beynəlxalq sənəddir. Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq. Xəzər dənizi ölkələrimiz arasında təbii sərhəd olduğuna baxmayaraq, bundan sonra da ölkələrimizi və xalqlarımızı birləşdirəcək. Bizim əməkdaşlığımız regionun ümumi inkişafına əlavə imkanlar yaradacaqdır.
Türkmənistanın təbii qaz ehtiyatları ümumdünya ehtiyatlarının 9 %-ni təşkil edir və bu göstərici ilə Türkmənistan dünyada Rusiya, İran və Qətərdən sonra dördüncü yeri tutur. İndiyədək əsas istehlak bazarı Rusiya olub, rəsmi Moskva türkmən qazının həcmi və qiymətini özü müəyyənləşdirirdi. Aşqabad bu asılılığa son qoymaq üçün əvvəlcə Çin və İran bazarına çıxdı, Azərbaycanın vasitəsilə isə indi əsas istehlak bazarı olan Avropaya çıxış imkanını əldə edir. Bu isə neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq.
Azərbaycan, Türkmənistan və Türkiyə arasında, həmçinin Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatı artıq mövcuddur. Bu əməkdaşlıq konkret nəticəyə, biznes fəaliyyəti, iri infrastruktur layihələrinin reallaşdırılması üçün daha əlverişli şərait yaradılmasına yönəlib. Azərbaycan və Türkmənistan arasında memorandumun imzalanması Mərkəzi Asiyanın enerji resurslarını Avropa bazarına çıxaracaq Transxəzər layihəsinə “yaşıl işığın” yandırılması hesab oluna bilər. Hasil olunacaq qazın  Azərbaycana və  TAP vasitəsilə Avropaya çatdırılması gözlənilir və bu saziş Avropa İttifaqı ölkələri tərəfindən müsbət qarşılanacaq.
Son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb. Qarşılıqlı münasibətlərin bütün tarixi ərzində 100-dən çox sənəd imzalanıb, onların yarısı son 3 ildə imzalanıb.
Beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin qarşılıqlı dəstək göstərməsi strateji əhəmiyyət kəsb edir. Azərbaycan və Türkmənistan beynəlxalq strukturlarda bir-birini fəal dəstəkləyir. Azərbaycan BMT Baş Assambleyasının Türkmənistanın əbədi neytrallığı barədə Qətnaməsinin həmmüəllifi olub. Türkmənistan Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəaliyyətini hər zaman yüksək qiymətləndirib. Qoşulmama Hərəkatının Zirvə görüşünün, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitinin, həmçinin BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə məsələləri üzrə xüsusi sessiyasının keçirilməsi kimi ölkəmizin təşəbbüsləri Türkmənistan tərəfindən fəal dəstəklənmişdir.
Siyasi sabitlik ölkələrin inkişafında strateji əhəmiyyət kəsb edir. Sabitlik olmadan inkişaf mümkün deyil. Sabitlik tərəqqiyə, rifaha, investisiyalara, ən iri beynəlxalq şirkətlərin diqqətinə və bununla da ölkələrin beynəlxalq aləmdə rolunun, onların təsirinin möhkəmlənməsinə gətirib çıxarır.
Bu gün Türkmənistan və Azərbaycan nisbətən gənc müstəqil dövlətlərdir. Qlobal transmilli layihələr sayəsində sosial rifah və iqtisadi inkişaf sahəsində çox mühüm məsələlər öz həllini tapır. Ölkələrimiz investisiyalar üçün açıqdır. Xarici şirkətlər həm Türkmənistana, həm də Azərbaycana inamla böyük vəsait yatırırlar. Ona görə ki, əmindirlər, onların vəsaitləri qorunacaqdır. Ölkələrimizin inkişafı artıq qəbul olunmuş beynəlxalq faktdır. Türkmənistan və Azərbaycan beynəlxalq arenada tam əsasla müstəqil xarici və daxili siyasət barədə danışa bilən ölkələrdir. Bizim ölkələrimiz özlərini tamamilə təmin edən ölkələrdir. Azərbaycan və Türkmənistan istər beynəlxalq kreditlərdən, istər xarici köməkdən, istərsə də xarici təsirin hər hansı başqa formalarından və növlərindən asılı deyil. Bizim ölkələr öz milli, mənəvi, əxlaqi ənənələrinə möhkəm sadiqdirlər.

Keçidlər