Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan vətəndaşının sağlamlığı dövlətin diqqət mərkəzindədir.

03 fevral 2021 | 16:00

Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binasının inşa olunması faktı ölkəmizdə insanların sağlamlığına ayrılan xüsusi diqqətinin növbəti sübutudur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə tikilən 150 çarpayılıq tibb müəssisəsi ən zəruri avadanlıqla təchiz olunub. Burada dünyanın aparıcı şirkətlərinin avadanlığı quraşdırılıb. Xəstəxanada cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, dializ və digər şöbələr, həmçinin laboratoriyalar fəaliyyət göstərəcək. Yeni tikilmiş xəstəxana dövlətin səhiyyə sahəsindəki fəaliyyətini əks etdirir. Son illərdə bir çox xəstəxanalar tikilib və onların da müəyyən standartları var, həm memarlıq baxımından, həm də avadanlıqlarla təchizat baxımından. Bu xəstəxanada vətəndaşlara keyfiyyətli tibbi xidmət göstəriləcək. Çünki bütün müasir avadanlıqlar burada quraşdırılıb. Xəstəxananın inşası onu göstərir ki, bu sahədəki fəaliyyət ardıcıl şəkildə davam etdirilir.
Ölkəmizin bütün bölgələrində xəstəxanalar fəaliyyət göstərir. Son 17 il ərzində 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da ki, əsaslı şəkildə təmir edilib. Səhiyyə sisteminin xəstəxana və tibb müəssisələri fondu ən yüksək standartlara cavab verir.
Azərbaycan tədricən icbari tibbi sığorta sisteminə keçir. Pilot layihələrin ilkin icrası müsbət nəticələr göstərir. Pilot layihələrlə əhatə olunmuş üç şəhərdə həm tibbi xidmətin keyfiyyəti artdı, eyni zamanda, vətəndaşların məmnunluğu yüksək səviyyədədir. İnsanların sağlamlığını əsas tutaraq dövlət 5 milyon vətəndaşı tibbi müayinədən keçirtdi. Böyük təşkilatçılıq və maliyyə resursları tələb edən dövlətin bu addımı insana göstərilən qayğının təcəssümüdür.
Peşəkar təşkilatlanma və görülmüş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda pandemiyanın daha böyük fəsadlarının qarşısı alındı. Pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər görür. Azərbaycan vəziyyəti bütün dövrlərdə, yəni, bir il ərzində nəzarətdə saxlamağa bacardı. Burada əlbəttə ki, yeni laboratoriyaların ölkəyə gətirilməsi xüsusi rol oynamışdır. Çünki pandemiyaya qədər bizdə cəmi 8 laboratoriya var idi və gündə cəmi min test keçirilə bilərdi. Hazırda laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə bilər. Bütövlükdə 2 milyon 400 min test keçirilib. Eyni zamanda, pandemiya dövründə ilk günlərdən modul tipli xəstəxanaların ölkəyə gətirilməsi prosesi başlandı. Modul tipli xəstəxanaların sayı 13-ə qədər çatdırıldı.
Görülmüş işlər sayəsində pandemiya ilə mübarizədə “Azərbaycan modeli” ifadəsi beynəlxalq münasibətlərinin siyasi gündəminə daxil oldu. Beynəlxalq təşkilatlar Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirirlər. İlk günlərdən etibarən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə təmaslar quraraq bu sahədə maksimum səmərəli iş aparmaq üçün çalışıb. Ümumdünya Səhiyyə Təşkilatı “Azərbaycan modeli” haqqında danışır, görülən işlərə yüksək qiymət verir, bir neçə dəfə Azərbaycanı nümunəvi ölkə kimi təqdim etmişdir. Dünyanın aparıcı rəy sorğusu şirkəti olan “Gallup” da Azərbaycan vətəndaşları arasında təhlil-rəy sorğusu aparıb. Vətəndaşların 86 faizi dövlətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir və bu göstəriciyə görə Azərbaycan dünyada 4-cü yerdədir.
Azərbaycan bütün lazımi tədbirləri reallaşdırdı. Bir çox ölkələrin maddi vəziyyəti, xüsusilə indiki dövrdə çox aşağıdır. Bir çox ölkələr vətəndaşların gündəlik tələbatlarını ödəyə bilmirlər. Bu dövr ərzində Azərbaycan 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərib, eyni zamanda, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verib.
Beynəlxalq müstəvidə Zirvə görüşlərinin keçirilməsinin də təşəbbüskarı olan Azərbaycan, həm Türk Şurasının, həm Qoşulmama Hərəkatının iki Zirvə görüşünü COVID-19-a həsr etmişdir.
Azərbaycan Cənubi Qafqazda vaksinasiya işlərinə start verən ilk ölkədir. Azərbaycan pandemiyanın ilk günlərindən işlərini düzgün qurmuşdur, bütün lazımi addımlar atılmışdır, beynəlxalq təşkilatlarla təmaslar qurulmuşdur. Ölkəmiz COVAKS təşəbbüsünün üzvüdür və COVAKS xətti ilə vaksinlər ölkəmizə gətiriləcəkdir. Azərbaycan artıq 4 milyon doza vaksin sifariş edib və onların ölkəmizə gətirilməsi təmin edilib. Yanvarın 18-dən başlayaraq Azərbaycanda vaksinasiya başlamışdır. Müqayisə üçün qeyd olunmalıdır ki, Avropa İttifaqında bu, keçən il dekabrın 18-də başlamışdır. Yəni, bir aydan sonra artıq Azərbaycan vətəndaşları bu vaksinləri alırlar, peyvənd olunurlar.

Keçidlər