Şriftin ölçüsü :

Saytın rəngi :

Meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvətidir, onun yanğın təhlükəsizliyini təmin etmək isə hər bir vətəndaşın borcudur.

24 iyun 2021 | 16:00

Təbii hadisələrin tüğyan etdiyi müasir dövrümüzdə heç kim unutmamalıdır ki, hər bir insan bilavasitə və ya dolayısı yolla meşələrlə əlaqədə olur, onun sərvətlərindən bəhrələnir. Meşələr torpaqları eroziyadan qoruyur, su ehtiyatlarının tükənməsinin qarşısını alır və havanı sanitariya-gigiyena baxımından saflaşdırır, təbiətdə maddələr mübadiləsində və enerjinin bioloji dövriyyəsində əvəzsiz rol oynayır.

Gözəgörünməz mikroorqanizmləri, vəhşi heyvanları, ağacları, otları, yüzlərlə dərman bitkisini qoynunda bəsləyən meşələr təbiətin ayrılmaz hissəsi kimi insanların həyat və fəaliyyətində çox böyük əhəmiyyət kəsb edir.

Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır. XVII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü  olmuşdur. Hal-hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 989,4 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,4%-ni təşkil edir.  Bu meşələr Azərbaycan ərazisindən başlamış, Dağıstan sərhəddinə kimi uzanır. Azərbaycanda hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə azdır. Narahatçılıq doğuran haldır ki, yüz il əvvəl Yer kürəsinin quru hissəsinin 60 faizi meşə ilə örtüldüyü halda, indi bu rəqəm 30 faizə enmişdir. Planetdə hər dəqiqədə 44 hektar torpaq deqradasiyaya uğrayır, o cümlədən şum altında olan torpaqlar 10-19 hektar azalır. Meşə yanğınları hər il təbiətin neçə hektarlarla misilsiz sərvətini məhv edir. Bu da su qıtlığı, havanın keyfiyyətinin pisləşməsi, onun tərkibində oksigendən fərqli olaraq karbon qazının, digər müxtəlif qazların artması ilə nəticələnir. Meşələrin inkişafına dövlətin qayğı göstərməsinə baxmayaraq təbiətdə gedən proseslər təbii olaraq Azərbaycandan da yan keçməyir.

Təəssüf hissi ilə qeyd etməliyik ki, bəzən ayrı-ayrı insanların meşə təsərrüfatına qayğısızlığı, onun qorunub saxlanılmasına laqeydliyi meşə ərazisində kortəbii, idarə olunmayan alovun yayılması və bütün ərazidəki bitki örtüyünün təbii surətdə yanması ilə nəticələnən meşə yanğınlarını törədərək təbiətin bu əvəzsiz nemətinin məhv olmasına gətirib çıxarır.

İnsanların həyat və fəaliyyətində mühüm rol oynayan, sözün həqiqi mənasında onların qayğısına qalan meşələrin özünün daim qayğıya ehtiyacı var. Meşələrdən bəhrələnməklə, onun nemətlərindən istifadə etməklə yanaşı, təbiətin bu füsunkar nemətini qorumaq, onu gələcək nəsillərə ərməğan etmək hər bir vətəndaşın borcudur.

Meşələrin məhv olmasının əsas səbəblərdən biri onun xüsusən yay aylarında yanğınlara məruz qalmasıdır. Meşələrimizin yanğın təhlükəsizliyini təmin etmək üçün bir sıra zəruri tədbirlərin həyata keçirilməsi vacibdir. Birinci növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyinin təşkil olunmasında məsuliyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin

0.mühəndisləri meşələrin yanğın təhlükəsizliyi qaydalarını bilməklə meşə sahələrində və zolaqlarında yanğına qarşı ciddi rejim təyin etməli və ona ciddi riayət olunmasını daim nəzarətdə saxlamalıdırlar. Meşə təsərrüfatının rəhbər işçiləri mütəmadi olaraq yanğınsöndürmə texnikalarının və vasitələrinin, təbii və süni su mənbələrinin, keçidlərin, yolların vəziyyətini yoxlamalı, işçilərlə yanğınsöndürmə xidmətinin çağırılması, yanğınsöndürmə avadanlıqlarından düzgün istifadə edilməsi ilə bağlı təlim məşqləri keçirməlidirlər. Meşə və meşə zolaqlarında yanğınların baş verməsinə səbəb ola bilən nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, həmçinin yanğınsöndürmə texnikasına və vasitələrinə vaxtlı-vaxtında texniki xidmətin göstərilməsinin təşkil edilməsi də zəruridir.

Meşə təsərrüfatında yanğın təhlükəsizliyinə məsul olan şəxslər yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək məqsədi ilə meşə sahələrinə və zolaqlarına vaxtaşırı baxış keçirməli, yanğın baş verən zaman yanğınsöndürmə xidmətinin hadisə yerinə çağırılması üçün tədbirlər görməli, yanğının söndürülməsi üçün mövcud vəsaitləri təşkil etməlidirlər.

Meşə yanğınlarından bəhs edərkən xüsusilə vurğulanmalıdır ki, bu sahədə baş verən 10 yanğından 9-u odla ehtiyatsız davranmadan və ya meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, isinmək, xörək bişirmək üçün qalanmış tonqallar və meşəni tərk edərkən bu tonqalların tam söndürülmədən nəzarətsiz qoyulması meşə yanğınlarına səbə olur. Söndürülməmiş kibritin, siqaret kötüyünün meşəyə atılması, maşınların mühərrikindən qopan qığılcımlar da yanğın törədir.

Meşədə yanğınlara yol verilməməsi üçün yanğın təhlükəsizliyi istiqamətində bir sıra qaydalara əməl olunması zəruridir. Meşə sahələrində söndürülməmiş kibritin, yanan siqaret qalığının və ya kötüyünün atılması, eləcə də tonqalların yandırılması və ağac kömürü istehsal etmək üçün xüsusi ocaqxanaların təşkil edilməsi qadağandır. Küləkli havada tonqalların qalanması xüsusilə təhlükəlidir.

Meşələrə sürtkü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərə bulaşmış əski və digər materialları atmaq olmaz. Müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxili yanma mühərrikli aqreqatların yanacaqla doldurulması, eləcə də onların yaxınlığında siqaret çəkilməsi, tonqal yandırılması yanğın təhlükəli olduğundan yolverilməzdir.

Dövlət meşə torpaq fondunun, habelə meşə torpaq fondu ilə həmsərhəd olan sahələrdə qurumuş otların, kövşənlərin müəssisələr, idarələr, təşkilatlar və fermer təsərrüfatları, eləcə də əhali tərəfindən yandırılmasına icazə verilməməlidir. Meşələrdə yanacaq və sürtkü yağlarının açıq şəkildə saxlanılması da yanğın təhlükəlidir.

Yanğın təhlükəsindən uzaq olmaq üçün meşədə emal edilmiş hazır meşə materialları açıq sahədə müəyyən olunmuş qaydada yığılıb saxlanılmalıdır. Belə ki, meşə materialları yığılan yerlər və yanğına qarşı ara məsafələr yanar materiallardan təmizlənməlidir.

Turust istirahət zonaları, gənclər və uşaq təşkilatları tərəfindən dövlət meşə fondu torpağında keçirilən kütləvi tədbirlər zamanı tonqallar yalnız Meşə mühafizəsi və Bərpası müəssisəsinin icazəsi ilə bu təşkilatın ayırdığı xüsusi yerlərdə qalana bilər. Tullantıların yandırılması da bütün hallarda həmin təşkilat ilə razılaşdırılmalıdır.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, meşədə yanğınların baş verməsinə şərait yaradan əsas səbəblərdən biri tonqallardır. Bunu nəzərə alaraq tonqallarla əlaqədar vətəndaşlara meşələrdə yanğın təhlükəsizliyini təmin etmək məqsədilə bəzi tövsiyyələri verməyi məqsədəuyğun sayırıq. Birinici növbədə qeyd etmək lazımdır ki, tonqal yandırılarkən bütün təhlükəsizlik qaydalarına əməl etmək vacibdir. Tonqal heç bir halda ağacın altında (xüsusən də budaqları aşağı sallanan ağacların altında) yandırılmamalıdır. Quru ağac kötükləri və quru ot olan ərazidə də od qalamaq olmaz. Tonqal qalamaq üçün əvvəlcədən yer hazırlamaq və yaxud da köhnə, qalanmış tonqalın yerindən istifadə etmək lazımdir. Tonqal qalamaq üçün ilk növbədə ağaclardan xeyli aralıda yer hazirlamaq məqsədəmüvafiqdir. Həmin ərazi otlardan təmizlənməli, sonra isə yandırılacaq odun parçaları üçün bel vasitəsi ilə çala qazılmalıdır. Tonqal ətrafındakı otları 0,5-1 metr radiusunda təmizləmək lazımdır. Tonqalı söndürüb oranı tərk edan zaman közün üstü torpaqla örtülməlidir.

Tonqal heç zaman nəzarətsiz qalmamalıdır. Ehtiyatda olan yanacaq məhlulu tonqaldan 3-5 metr aralıda saxlanmalıdır. Əgər ehtiyac yoxdursa, çox hündür ocaq qalamaq lazım deyil. Diqqət yetirilməlidir ki, tonqaldan kənara az qığılcim düşsün. Xüsusən də küləkli havada bu, daha təhlükəlidir. Tonqalı yandırarkən küləyin gücünə və istiqamətinə uyğun tonqal yandırmaq lazımdır. Çünki kənara sıçrayan qığılcımlar otun və yarpaqların alışmasına səbəb ola bilər. Çalışmaq lazımdır ki yarpaqları qurumuş budaqlardan istifadə edilməsin, çünki bu zaman qırağa təkcə qığılcımlar deyil yanan yarpaqlar da səpələnə bilər. Ərazini tərk edən zaman tonqalı tam söndürməli, üzərinə su atmalı, sonra isə üstü torpaqla örtülməlidir. Əgər tonqalın içində közərən kömür parçaları olarsa, tonqala yenə də su tökülməlidir. Söndürülmüş tonqaldan tüstü və ya buxar çıxarsa, ondan aralanıb getmək, tələsmək olmaz. Gedərkən tam əmin olmaq lazımdır ki, tonqal tam sönüb və sonradan alışma ehtimalı yoxdur.

Yanğın təhlükəsi olan meşə sahələri, meşə yolları və digər torpaqlarla həmsərhəd olan sahələr yanğın əleyhinə 2-3 metr enində şumlanmalı, meşənin tör-töküntülərdən təmizlənməsi təmin edilməli, meşənin ərazisində yerləşdirilən hər hansı tikilinin ətrafı 15 metr radiusunda şumlanmalı və ya yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir. Meşədən və ya meşə zolağından keçən avtomobil və dəmir yollarının hər iki tərəfi 10 metr məsafədə meşə tör-töküntülərindən, yanar materiallardan təmizlənməli və yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir.

Meşələrin yanğın təhlükəsizliyini təmin etmək məqsədilə əhatəli təbliğat işi aparılmalı, yanğına qarşı plakatlardan, reklam işlərindən geniş istifadə olunmalıdır. Meşə ilə əlaqəsi olan bütün müəssisələrdə, təşkilatlarda, idarələrdə, əhali arasında, məktəblərdə yanğın təhlükəsizliyi ilə bağlı izahat işlərinə geniş yer verilməlidir. Meşə ilə həmsərhəd olan yaylaqlarda çobanlar, ov mövsümü zamanı ovçular odla ehtiyatlı olmalı və yanğın baş verərsə onun söndürülməsi qaydaları barədə maarifləndirilməlidirlər.

Meşə yanğınları ilə əlaqədar əhali bilməlidir ki, insanlar üçün meşə yanğınının təhlükəsi nəinki alovun birbaşa təsirindən, eyni zamanda atmosferdəki güclü oksigen çatışmazlığından, dəm qazının və digər qatışıqların artmasından yaranan zəhərlənmələrdən ibarətdir. Bunları nəzərə alaraq meşə yanğınları zamanı birinci növbədə insanlar və kənd təsərrüfatı heyvanları təhlükəli zonadan çıxarılmalı, yanğın yerinə giriş məhdudlaşdırılmalı, yanğının söndürülməsində təhlükəsizlik təmin edilməlidir. Yanğın ərazisində işləyənlər xüsusi geyimlər, kaskalar, tüstü əleyhinə maskalar və əleyhqazlardan istifadə etməlidirlər. Meşə yanğınlarının söndürülməsində iştirak edənlər alovdan qorunmaq üçün mümkün sığınacaqlar barədə, həmçinin yanğın ərazisindən təxliyyə yolları, ərazinin oriyentasiyası haqqında da məlumatlara malik olmalıdırlar. Yanğını söndürərkən istifadə olunan texnika ilə ehtiyatlı davranılmalıdır ki, ona zərər dəyməsin. Xüsusi aparat və texnikadan yalnız bu sahədə peşəkarlığı olan adamlar istifadə edə bilər. Meşə yanğınlarını söndürərkən ərazini yaxşı tanıyan adamlardan, həmçinin alovun yayılma istiqamətini izləyən müşahidəçidən istifadə edilməlidir. Yanğın ərazisindən keçmə zərurəti yarandıqda tənəffüs yollarının zədələnməməsi üçün nəfəsi tutmaq lazımdır.

Meşə yanğınları zamanı təhlükəli zonadan uzaqlaşarkən tüstüdən və dəm qazından zəhərlənməyə məruz qalmamaq üçün külək istiqamətində deyil, əksinə hərəkət etmək lazımdır.

Bir daha xatırladırıq ki, hər bir vətəndaş yadda saxlamalıdır ki, meşə yanğınları ağacları, kolları – bütün yaşıllığı məhv edir. Yanğın nəticəsində meşənin bir sıra xüsusiyyətləri itir, fauna məhv olur, yaşayış məntəqələri ziyan çəkir. Bəzi hallarda isə meşə yanğınları insan itgisi ilə nəticələnir, kənd təsərrüfatı heyvanları üçün ciddi təhlükə yaranır.

Bunları nəzərə alaraq bir daha vurğulayırıq ki, meşələrdə yanğın təhlükəsizliyi qaydalarına riayət etməklə biz ölkəmizin iqtisadiyyatının inkişafına, vətəndaşlarımızın sağlamlığına xidmət edirik.

 

FHN DYNX Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsi

Keçidlər