Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Qurban Bayramı münasibətilə rayon ictimaiyyətini təbrik etmişdir.

17 iyul 2021 | 16:00

Əziz həmyerlilər,
Sizi dünya müsəlmanlarının ən əziz bayramlarından biri olan müqəddəs Qurban bayramı münasibətilə şəxsən öz adımdan və Quba Rayon İcra Hakimiyyətinin bütün kollektivi adından ürəkdən təbrik edirəm.
Xalqımız əsrlər boyu Qurban bayramını özünün ən əziz  bayramlarından biri kimi qeyd etmişdir.
Ulu Öndərimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqımızın təkidli xahişi və tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra bütün sahələrdə olduğu kimi milli-mənəvi dəyərlərimizin bərpası istiqamətində də ardıcıl tədbirlər görüldü, müqəddəs adət-ənənələrimizə diqqət və qayğı artdı. Həmin dövrdən etibarən digər milli və dini bayramlarımız kimi Qurban bayramı da respublikamızda dövlət səviyyəsində qeyd olunmağa başladı.
Hazırda Ümummilli Liderimizin siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi müdrik daxili və xarici siyasət nəticəsində respublikamız dünyanın ən sürətli inkişaf edən ölkələrindən birinə çevrilmiş, dövlətimizin beynəlxalq aləmdəki nüfuzu və hörməti olduqca artmış, mövqeləri güclənmiş, xalqımızın maddi-rifah halı xeyli yaxşılaşmışdır. Respublikamızda möhkəm ictimai-siyasi və dini sabitlik, xalq və iqtidar birliyi mövcuddur.
Xalqımız bu ilki Qurban bayramını hədsiz fərəh və qalibiyyət hissi ilə qeyd edir. Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz ötən il otuz illik işğala son qoyaraq möhtəşəm Zəfər qazanmış, tarixi ədaləti bərpa olunmuş və ölkəmizin ərazi bütövlüyü təmin edilmişdir. Bu tarixi Zəfər həm də ordumuzun gücünü, dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirməklə yanaşı, dünya azərbaycanlılarının həmrəyliyini sübut etdi.
Möhtərəm Prezidentimiz bütün digər sahələr kimi milli-mənəvi dəyərlərimizə, dini adətlərimizə də yüksək diqqət və qayğı göstərir. Son illər ərzində məhz cənab Prezidentin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın yüksək diqqəti və qayğısı sayəsində ölkəmizdə dövlət vəsaiti hesabına bir sıra İslam və qeyri-islam dini ibadətgahlarının binaları əsaslı təmir olunmuş, çoxlu sayda yeni məscid, kilsə və sinaqoq binaları tikilərək dindarların istifadəsinə verilmişdir. Cənab Prezidentimizin 30 ilə yaxın bir dövr ərzində düşmən işğalı altında olan ərazilərimizdə dağıdılan dini ibadətgahlarımızı ziyarət etməsi, doğma Qarabağımızda yeni ibadət ocaqlarının tikintisinin aparılması ölkə rəhbərliyinin dini sahəyə göstərdiyi yüksək qayğının daha bir əyani sübutudur.
Əziz müsəlman bacı və qardaşlar,
Artıq ikinci ildir ki, dünya müsəlmanları Qurban bayramını bəşəriyyəti bürümüş koronavirus pandemiyası ilə əlaqədar xüsusi qaydalar çərçivəsində qeyd edirlər.
Məlum olduğu kimi belə qlobal problem dövründə də möhtərəm Prezidentimiz vətəndaşlarımızın sağlamlığını ön plana çəkmiş və xalqımıza hərtərəfli dəstək göstərmişdir. Hazırda ölkəmizdə 18 yaşından yuxarı şəxslərin vaksinasıyası aparılır. İnanırıq ki, əhalimiz yüksək vətəndaş məsuliyyəti nümayiş etdirəcək, xalqımız gözə görünməz düşmənlə də mübarizədən qalib çıxacaq və həyatımız tamamilə əvvəlki axarına qayıtacaqdır.
Əziz həmyerlilər,
Quba rayonu da bu gün respublikamızda multikultural ənənələrin və tolerantlığın əsrlər boyu qorunub saxlandığı, müxtəlif xalqların qardaşlıq şəraitində yaşadığı bir rayondur. İnanıram ki, bundan sonra da rayonumuzda bu qardaşlıq münasibətlərinin, mehribançılığın qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi üçün hər bir rayon sakini daha böyük səy göstərəcəkdir.
Sizi qarşıdan gələn Qurban bayramı münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, bayram günlərində Sizin xalqımızın rifahı, ölkəmizin əmin-amanlığı və daha da inkişafı naminə etdiyiniz dua və niyyətlərə, arzu və istəklərə şərik olduğumu bildirir, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarına Allahdan rəhmət, yaxınlarına səbr, qazilərimizə şəfalar diləyirəm.
Hamınıza möhkəm cansağlığı, ailə səadəti və  işlərinizdə yeni-yeni uğurlar arzulayıram. Qoy, qıldığınız namazlar, kəsdiyiniz qurbanlar, özünüz, ailəniz, xalqımız və dövlətimiz naminə etdiyiniz dualar Ulu Tanrının dərgahında qəbula keçsin.
Bayramınız mübarək, əziz qubalılar!

Keçidlər