Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalinin nəzərinə.

08 noyabr 2021 | 16:00

Əziz qubalılar,

Sizlərə bir daha müraciət edərək koronovirus pandemiyası kimi olduqca qorxulu xəstəliyə qarşı vaksinasiya prosesində fəal və mütəşəkkil qaydada iştirak etməyinizi xahiş edirik.
Nəzərə alaq ki, hər birimizin, ailə üzvlərimizin, yaxınlarımızın, kollektivlərimizin və əhalimizin  sağlamlığı bizim vaksinasiya prosesində iştirakımızdan, peyvənd olunmağımızdan çox asılıdır.
Statistika göstərir ki, koronavirus infeksiyasına yoluxanların, bu təhlükəli xəstəliyi ağır keçirənlərin və xəstəlikdən vəfat edənlərin mütləq əksəriyyətini məhz vaksin olunmayan şəxslər təşkil edir. Belə şəxslər digər vətəndaşlar üçün də ciddi təhlükə yaradırlar.
Artıq bir müddətdir ki, ölkəmizdə əhalinin üçüncü doza (booster doza) vaksinasiyasına başlanmışdır. İkinci doza vaksin olunmuş və ikinci doza vaksin olunan tarixdən 150 gün vaxt keçmiş, 18 yaşdan yuxarı əhali üçüncü doza vaksinasiyada iştirak edirlər.
Bu səbəbdən də əziz qubalılarımız,  sizlərin hər birinizi vaksinasiyada iştirak etməyə, indiyədək birinci doza vaksin olunmayanları təcili qaydada peyvənd vurdurmağa, birinci doza vaksin vurdurduqdan sonra 56 gün ərzində ikinci doza vaksin vurdurmağa,  birinci doza peyvənd vurdurmasından 56 gün vaxtı ötürmüş sakinlərimizi yenidən vaksinasiya məntəqələrinə müraciət etməyə, xüsusilə də ikinci doza vaksin tarixindən  sonra 150 gün tamam olan kimi üçüncü doza vaksin vurdurmağa çağırırıq. Bu məqsədlə yaşı 18 və 18-dən yuxarı olan bütün həmyerlilərimizi Quba Rayon Mərkəzi Xəstəxanasında və Quba Müalicə -Diaqnostika Mərkəzində fəaliyyət göstərən vaksinasiya məntəqələrinə dəvət edirik.
Vaksinasiya məntəqələri sabah, yəni 9 noyabr 2021-ci il tarixdə, Azərbaycan Respublikasının Dövlət Bayrağı günü ilə əlaqədar bayram günü olmasına baxmayaraq,  saat 9:00 - dan  13:00 -dək fəaliyyət göstərəcəkdir. Digər vaxtlarda isə vaksinasiya məntəqələri bazar günlərindən başqa həftənin I-V günləri saat 9:00-dan  19:00-a qədər, şənbə günləri isə 09:00-dan 13:00-a qədər işləyir.
Əziz həmyerlilər,
Sizləri bir daha yüksək vətəndaş məsuliyyəti və həmrəylik nümayiş etdirərək xalqımızın sağlamlığı naminə vaksinasiya prosesində fəal iştiraka dəvət edirik.
Yüksək anlayışınıza görə sizlərə təşəkkürümüzü bildiririk.
Biz birlikdə güclüyük!

Quba rayonu üzrə Operativ Qərargah.

Keçidlər