Şriftin ölçüsü :

Saytın rəngi :

"ABAD" publik hüquqi şəxsin fəaliyyətə başlamasının 7 illiyinə həsr olunan tədbir keçirilmişdir.

25 sentyabr 2023 | 15:02
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan ABAD publik hüquqi şəxsin fəaliyyətə başlamasının 7 illiyinə həsr olunan tədbir keçirilib.
"Quba ABAD Factory" İstehsalat Kompleksində baş tutan tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ulvi Mehdiyev, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev və digər qonaqlar iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasətdən, regionların inkişafına, mikro, kiçik və orta sahibkarlığa dəstək mexanizmlərindən söz açılıb. Eyni zamanda “ABAD” vasitəsilə 7 il ərzində ölkəmizin müxtəlif regionlarında yaşayan şəxslərə dəstək göstərilməklə onlara məxsus minlərlə çeşiddə sənətkarlıq, kənd təsərrüfatı və digər müxtəlif növ məhsulların satışa çıxarıldığı diqqətə çatdırılıb.
Vurğulanıb ki, 11 oktyabr 2018-ci il tarixində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı baş tutan Quba “ABAD Factory”dən 5 il ərzində 15 “ABAD”çı ailəsi yararlanıb, onların istehsal etdiyi 83 çeşid məhsul satışa çıxarılıb.
Sonda şokolad istehsalı sahəsinin işə salınması baş tutub.
“ABAD” publik hüquqi şəxs Prezident İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. “ABAD” ölkəmizin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, mikro, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verir.
Bu günə kimi “ABAD” vasitəsilə 579 ailəyə dəstək göstərilib. Onlardan 443-ü sənətkarlıq, 118-i qida və 18-i digər istiqamətlərdir. Satış dinamikası göstərən "ABAD"çılar arasında orta aylıq gəlir 500-1000 AZN arasında dəyişir.
Keçidlər