Cimi kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib.
22 may 2025 | 17:31
Cimi kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib.
22 may 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Habil Əzənmədov Qonaqkənd qəsəbə inzibati ərazi dairəsinin Cimi kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Səyyar qəbulda Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Habil Əzənmədov tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də rayonda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat verilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar vermişdir.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.