Güclü və aramsız yağıntıların fəsadlarının aradan qaldırılması, sakinlərin sosial vəziyyətinin diqqətdə saxlanılması üçün zəruri addımlar atılır.
16 aprel 2026 | 12:01
Güclü və aramsız yağıntıların fəsadlarının aradan qaldırılması, sakinlərin sosial vəziyyətinin diqqətdə saxlanılması üçün zəruri addımlar atılır.
Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Quba-Alpan-Susay-Xınalıq avtomobil yolunda aparılan qardan təmizləmə işləri ilə yaxından tanış olmuşdur. Ardınca Susay kəndində baş verən torpaq sürüşməsinin yaratdığı çətinliklərlə tanış olmuş, sakinlərin təhlükəsizliyi üçün görülən tədbirləri diqqətlə araşdıraraq, yolun bərpası istiqamətində müvafiq qurumlarla birgə işlərin vacibliyini vurğulamışdır.
Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 42-ci km-də yağan aramsız və güclü yağışlar nəticəsində torpaq sürüşməsindən sonra, çəkilən yeni alternativ yolun tikintisi ilə tanış olan rayon rəhbərliyi, işlərin daha sürətli və keyfiyyətli aparılması üçün icraçılarla səmimi söhbət etmiş, fikir mübadiləsi aparmışdır.
Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə mövcud çətinliklərə baxmayaraq, Qonaqkənd qəsəbəsinə 12 tondan artıq ərzaq və gündəlik tələbat məhsulları çatdırılıb. Rayon rəhbərliyi ərzağın və gündəlik tələbat məhsullarının birbaşa sakinlərə çatdırılmasında iştirak etmişdir. Qəsəbə sakinləri ilə görüş zamanı onların gündəlik qayğıları dinlənilmiş, problemlərin həlli üçün tapşırıqlar verilmişdir. Ərzaq mağazasında təminatın vəziyyəti, qiymətlərin sabitliyi və insanların ehtiyaclarının qarşılanması ilə bağlı məsələlər də diqqətlə araşdırılmışdır.
Bundan əlavə, qəsəbədəki sahə xəstəxanasına baş çəkilmiş, tibbi xidmətin mövcud vəziyyəti öyrənilərək, insanların sağlamlığının daha yaxşı qorunması üçün əlavə tədbirlərin görülməsinin vacibliyi qeyd edilmişdir. Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən zəruri tibbi ləvazimat və preparatlar sahə xəstəxanasına çatdırılmışdır.
Sakinlər görüş zamanı görülən işlərə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişdir.








