“Heydər Əliyev İli” çərçivəsində “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa təşkil edilmişdir.
26 oktyabr 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Şimal regional mərkəzinin və Quba Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa təşkil edilmişdir. Tədbirdə Quba RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov, DQİDK-nin Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Elnur Ağasiyev, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional Mərkəzinin əməkdaşı Murad Əsgərov, Quba Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Məryəm Hacıyeva, din xadimləri və dini icma sədrləri iştirak etmişdir.
Çıxışlar zamanı bildirilmişdir ki, dünya azərbaycanlılarını birliyə və vəhdətə səsləyən, müdrik rəhbərliyi, uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, xalqımızın Ümummilli Lideri Heydər Əliyev nəinki Azərbaycan xalqının Ulu Öndəri, həm də bütün dünyanın etiraf etdiyi görkəmli liderdir. Qeyd edilmişdir ki, Ulu Öndər Heydər Əliyev ən böyük multikultural və tolerantlıq nümunəsi göstərərək dövlətimizin başlıca prioritetlərini müəyyənləşdirmiş, onun irəli sürdüyü Azərbaycançılıq məfkurəsi elə bir düşüncə tərzidir ki, nəinki Vətənimizdə sülh və əminamanlıq şəraitində müxtəlif dinlərin, etnos və xalqların nümayəndələrini birləşdirir, həmçinin Azərbaycanla bağlılığı olan və dünyanın yaxın-uzaq ölkələrində yaşayan bütün sülhpərvər insanları birləşdirir. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətləri, dini etiqad azadlığının qorunması sahəsində atılan mühüm addımlar öz bəhrəsini verir və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.