Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı münasibətilə rayon ictimaiyyətinə təbrik

19 mart 2026 | 09:53

Quba  Rayon  İcra  Hakimiyyətinin  Novruz bayramı

münasibətilə rayon ictimaiyyətinə

 

T Ə B R İ K İ

 

        Əziz qubalılar,

Xalqımızın mənəvi həyatının ən dərin qatlarına nüfuz etmiş, milli-mədəni dəyərlərimizin təşəkkülündə müstəsna yer tutmuş və əcdadlarımızın uzaq keçmişdən sevə-sevə bu günümüzə qədər yaşatdığı Novruz bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, hamınıza bahar əhval-ruhiyyəsi, möhkəm cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Minilliklərin sınağından çıxmış, ulu babalarımızın yüksək həyat eşqini, zəngin mənəviyyatını, geniş dünyagörüşünü və gələcəklə bağlı nikbin düşüncələrini dolğun təcəssüm etdirən Novruz insanlar arasında birliyin və barışığın rəmzi omaqla yanaşı, həm də xeyirxahlıq, qonaqpərvərlik, səmimiyyət, xeyir-bərəkət və bolluq bayramıdır. Baharın yurdumuza hər gəlişi əsrlərin yaddaşında iz qoymuş mərasimlərimizə uyğun, yüksək təntənə ilə qeyd olunur, təbiət canlanır və yenilənir, insanların məişətində, dolanışığında və əhval-ruhiyyəsində yeni bir canlanma yaranır.

Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra Novruz bayramının daha böyük təntənə ilə, dövlət səviyyəsində qeyd olunmasına başlanması Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin uzaqgörən siyasəti və milli-mənəvi dəyərlərimizə göstərdiyi yüksək diqqət nəticəsində Novruz bayramının dövlət səviyyəsində qeyd olunması istiqamətində mühüm addımlar atılmış və bu gün Novruz xalqımızın həm milli, həm də dövlət bayramı kimi qeyd olunur.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli mədəniyyətimizin təbliği istiqamətində gördüyü mühüm işlər və göstərdiyi təşəbbüslər nəticəsində xalqımızın bir sıra digər maddi və qeyri-maddi dəyərləri kimi Novruz bayramı da YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə və 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunması bu bayramı daha böyük qürur və sevinc hissi ilə qarşılamağımıza səbəb olmuşdur. Bu gün azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa, quruculuq və tikinti işləri aparılır, doğma yurd yerlərimiz sürətlə dirçəldilir və həyat yenidən canlanır.

Bu bayram günlərində Vətənimizin azadlığı, dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizi dərin ehtiramla yad edir, onların ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət, ailələrinə səbr, qazilərimizə isə möhkəm cansağlığı arzulayırıq.

Hazırda respublikamızda geniş miqyaslı və çoxşaxəli iqtisadi islahatlar, Dövlət Proqramları və Strateji Yol Xəritələri uğurla icra olunur. Öz azadlığına qovuşmuş Qarabağda və Şərqi Zəngəzurda sürətli bərpa, quruculuq və tikinti işləri aparılmaqda, doğma yurd yerlərimiz abadlaşdırılaraq öz əvvəlki dinc həyatına qaytarılmaqdadır. Artıq minlərlə soydaşımız “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına dönmüşdür.

Bu gün ana yurdumuz Azərbaycan regionda və beynəlxalq miqyasda ictimai-siyasi sabitlik məkanı, multikulturalizm və tolerantlıq örnəyi, həmçinin siyasi, iqtisadi və mədəni mərkəz kimi tanınır.

Əziz qubalılar,

Ötən Novruz bayramından keçən müddət ölkəmizin bütün sakinləri kimi bizim üçün də uğurlu və yaddaqalan olmuşdur. Bu dövrdə rayonumuzda ictimai-siyasi və ideoloji sahələrdə görülən işlər, eləcə də tikinti, təmir, yenidənqurma və abadlıq işləri davam etdirilmiş, rayonumuzda bir sıra mühüm tədbirlər keçirilmiş, çoxlu sayda yerli və xarici qonaqlarımız olmuşdur.

Rayonda “Frutena” MMC tərəfindən Meyvə konsentratı, meyvə şirəsi istehsalı və doldurulması müəssisəsinin  tikintisi qısa müddətdə başa çatdırılmış, yollarda əsaslı təmir işləri həyata keçirilmiş, yeni yollar çəkilmiş, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən 4 iyun 2025-ci il tarixdə imzalanmış Sərəncama əsasən Quba rayonunun Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi (137 km) - Çiçi - Səbətlər - Qənidərə - Sırt Çiçi - Təngəaltı avtomobil yolunun əsaslı təmiri ilə bağlı işlərə başlanılmış, Quba şəhərinin Nizami adına mədəniyyət və istirahət parkında əsaslı şəkildə təmir və yenidənqurma işləri aparılmış, rayonun Şəhidlər Xiyabanı yeni layihə əsasında şəhidlərimizin əziz xatirəsinə uyğun səviyyədə yenidən qurulmuş, əhalinin mavi yanacaq, elektrik enerjisi, suvarma və içməli su ilə təchizatının, eləcə də rabitə xidməti ilə təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər icra edilmişdir.

Hazırda Quba Peşə liseyinin və Hacıhüseynli kənd tam orta məktəbinin yeni binalarının, Quba DOST və Peşə hazırlığı mərkəzinin tikintisi davam etdirilir, “Quba meydanı” mədəniyyət və istirahət parkında əsaslı şəkildə təmir və yenidənqurma işləri aparılır. Qarşıdakı dövrdə rayonumuzun bir sıra yaşayış məntəqələrində yeni modul tipli məktəblərin quraşdırılması və digər layihələrin icrası nəzərdə tutulmuşdur. Görüləsi işlərimiz hələ çoxdur.

Əziz həmyerlilər,

Əminik ki, qubalılar bundan sonra da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha sıx birləşərək rayonumuzun və respublikamızın inkişafı naminə əzmlə çalışacaqlar.

        Bir daha hər birinizi bu gözəl el bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, sizlərə möhkəm cansağlığı, xoşbəxtlik və ailə səadəti arzulayırıq. Qoy, Novruz hər bir evə xeyir-bərəkət, ölkəmizə yeni-yeni uğurlar gətirsin. Ocaqlarınız daim yansın, süfrələriniz bol ruzili olsun.

        Bayramınız mübarək!

Keçidlər