Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı şənliklərində yanğın təhlükəsizliyi tədbiri

11 mart 2024 | 19:18

Xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan və hər birimiz üçün əziz olan Novruz bayramı ilə bağlı müxtəlif mərasimlər, o cümlədən çərşənbə axşamları təşkil olunan tədbirlər zamanı bir sıra hallarda yanğın təhlükəsizliyi qaydalarının pozulması sonda ağır fəsadlara, acı nəticələrə səbəb olur. Aparılan təhlillər zamanı aydın olur ki, bayram şənliklərinin və tədbirlərinin keçirilməsi zamanı bir çox hallarda vətəndaşlar tərəfindən tonqal yandırılarkən onun yerinin düzgün secilməməsi, yandırılmış tonqalın nəzarətsiz qalması və vətəndaşların adi ehtiyatsızlığı səbəbindən xoşagəlməz hadisələrlə nəticələnən yanğınlar baş verir.  Ona görə də, Novruz bayramı ilə əlaqədar keçirilən mərasimlərdə bir sıra təhlükəsizlik qaydalarına,  o cümlədən yanğın təhlükəsizliyi ilə bağlı bütün tələblərə ciddi əməl olunmalıdır. Belə ki:

- tonqallar yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalı, tonqallar ətrafda olan yanar materiallardan, mühəndis-texniki qurğulardan, qaz xətlərindən, elektrik və rabitə xətləri çəkilmiş dirəklərdən, avtomobillərdən, binalardan, evlərdən, yardımçı tikililərdən, ağaclardan, kol-kosdan, ot-saman tayalarından, tezalışan maye və materiallar saxlanılan yerlərdən kənarda yandırılmalıdır;

-  güclü külək zamanı tonqal yandırılmamalıdır;

- tonqallar tam sönənədək nəzarətdə saxlanılmalıdır. Unutmaq olmaz ki, zəif bir küləyin əsməsi nəticəsində tam sönməmiş tonqalın közü yanğının baş verməsi üçün mənbə ola bilər;

-  bayram tədbirlərində, xüsusən də tonqal ətrafında azyaşlılar mütləq böyüklərin nəzarəti altında olmalı və azyaşlı uşaqların odla dəcəllik etməsinə yol verilməməlidir;

- yüksəkliklərdə, dağ və dağətəyi yerlərdə avtomobil şinlərinin üst-üstə yığılaraq yandırılması yanğın cəhətdən daha təhlükəlidir. Belə hallarda, yanan şinlər diyirlənərək ətrafdakı yaşayış sahələrində yanğın ocaqlarının yaranmasına səbəb ola bilər;

- şənliklərin və tədbirlərin keçirildiyi küçə və meydanlarda kütləvi şəkildə toplaşan insanlar xoşagəlməz hadisələrin baş verməməsi üçün, mütləq qaydada, bir-birlərinin təhlükəsizliyini qorumalıdırlar;

- tonqalların üzərindən atılarkən ehtiyatsızlıq  geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;

- şənliklərdə atəşfəşanlıq məqsədilə pirotexniki vasitələrdən, həmçinin yanğın təhlükəli işıqlandırıcı maddələrdən istifadə edilməsi qadağandır;

- yanar mayelərin hopdurulması ilə hazırlanan məşəllərin havaya atılması nəticisində də ciddi yanğınlar baş verə bilər. Belə ki, məşəllər evlərin dam örtüklərində və ya həyətyanı sahələrdə yığılmış yanar materialları, çəpərləri, ot tayalarını alışdıra bilər;

- qapalı məkanlarda atəşfəşanlıq etmək qadağandır.

Bayram süfrələrində şam yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına diqqət yetirmək lazımdır. Unutmaq olmaz ki, yanar şamı öz ərintisi ilə stol, kibrit qutusu üzərinə və digər yanar materiallara yapışdırmaq yanğın təhlükəsizliyi cəhətdən yolverilməzdir. Yanar şamın nəzarətsiz qoyulması xoşagəlməz hadisələrin baş verməsi ilə nəticələnə bilər. Bayram tədbirləri zamanı əhali ilə yanaşı, idarə, müəssisə və təşkilat rəhbərləri, xüsusən mədəniyyət və təhsil müəssisələri yanğın təhlükəsizliyi qaydalarına nəzarəti gücləndirməli, tədbir keçiriləcək yerlərdə yanğın təhlükəsizliyinə cavabdeh şəxslər təyin etməli və qabaqlayıcı tədbirlər görməlidirlər.

Novruz şənliklərində xoşagəlməz hadisələrlə üzləşməmək üçün yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmək, baş verə biləcək yanğın hadisələrinin qarşısının vaxtında alınması üçün diqqətli olmaq lazımdır.

 

        Unutmayın: Qaydalara biganəlik-həyatımıza təhlükədir!

        Təhlükə zamanı 112-yə zəng edin!

 

FHN DYNX-nin Şimal Regional

Dövlət Yanğın Nəzarəti İdarəsi

 
Keçidlər