Quba Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirildi.
Quba Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin, həmçinin Quba Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü olmuş mərhum Əlibala Kərimovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfransda Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Tariyel İbrahimov, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov, Rayon İcra Hakimiyyətinin, Respublika Ağsaqqallar Şurasının məsul şəxsləri, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbirdə Quba Rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov son beş ildə görülmüş işlər barədə hesabat məruzəsi ilə çıxış etmiş, məruzə ətrafında Rayon Ağsaqqallar Şurasının üzvləri Laçın Səfərəliyev və Fərman Seyidov, Qırmızı Qəsəbə qəsəbəsi İsak Xanukov adına 1 nömrəli tam orta məktəbin direktoru Yavuşva Simanduyev, Dövlət Arxivi Quba filialının direktoru Şirin Müzəffərov çıxış edərək Ağsaqqallar Şurasının fəaliyyətini kafi qiymətləndirmiş, gələcək fəaliyyətlə bağlı təkliflərini səsləndirmişlər.
Konfransda təşkilati məsələlərə baxılmış, Quba Rayon Ağsaqqallar Şurasının İdarə Heyəti və Təftiş Komissiyası seçilmiş, səsvermənin nəticəsinə əsasən, İldırım Məmmədov yenidən Quba Rayon Ağsaqqallar Şurasının sədri seçilmişdir.
Sonda Respublika Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov və Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Tariyel İbrahimov çıxış edərək ağsaqqalların cəmiyyət həyatında mühüm rolundan, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsindəki xidmətlərindən bəhs etmiş, yeni seçilmiş rəhbərliyə gələcək fəaliyyətində uğurlar arzulamışlar.








