Quba Rayon İcra Hakimiyyətində 44 günlük Vətən Müharibəsi qaziləri və iştirakçıları ilə görüş keçirilmişdir.
9 oktyabr 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov 44 günlük Vətən Müharibəsi qaziləri və iştirakçıları ilə görüş keçirmişdir. Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov qeyd etmişdir ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır, ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərlir. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilmiş, indiyədək 10 mindən artıq şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilmişdir. Müharibə əlillərinə 7 mindən artıq minik avtomaşını verilmişdir. Əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək 15 minə yaxın hərbiçi öhdəliyə götürülmüşdür, 78 milyondan artıq vəsait toplanmış və müvafiq istiqamətlər üzrə həmin vəsaitin xərclənməsi davam etdirilir. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər.
Rayon İcra Hakimiyyətinin başçısı həmçinin qeyd etmişdir ki, bir neçə gün bundan əvvəl Azərbaycanın Qarabağ bölgəsində aparılmış lokal xarakterli antiterror əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin, qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbəsinin təntənəsidir. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı bir daha sübut etdi ki, şəhidlərimizin qanı nahaq yerə tökülmədi.
Səmimi şəraitdə baş tutan görüşdə Quba rayonunda da şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən hərtərəfli qayğı barədə geniş danışılmış, qaziləri və müharibə iştirakçılarını maraqlandıran məsələlər dinlənilmiş, bundan sonra da onlara yüksək diqqət və qayğı göstəriləcəyi bildirilmişdir.