Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyətinin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni, 2024-cü il münasibətilə rayon ictimaiyyətinə təbriki.

30 dekabr 2023 | 11:24

Quba Rayon İcra Hakimiyyətinin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni, 2024-cü il münasibətilə rayon ictimaiyyətinə

 

T Ə B R İ K İ

 

Əziz qubalılar,

Ölkəmizin və xalqımızın həyatında əlamətdar hadisələrlə zəngin olmuş 2023-cü il başa çatmaq üzrədir. Artıq 2024-cü ilin astanasındayıq.

Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni, 2024-cü il münasibətilə təbrik edirik.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bu il anadan olmasının 100 illiyini böyük hörmət və ehtiramla qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyev tərəfindən təsis olunmuşdur. Dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq Azərbaycan bütün azərbaycanlılar üçün doğma Vətəndir. Bu müqəddəs amal dünya azərbaycanlılarını möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha sıx birləşdirdi və nəticədə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsindəki Qələbənin davamı olaraq 19-20 sentyabr 2023-cü il tarixlərdə 23 saatdan bir qədər artıq müddətdə davam etmiş uğurlu antiterror əməliyyatı keçirməklə ölkəmizin suverenliyinin tamamilə təmin edilməsinə nail oldu.

Bu gün işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində ardıcıl uğurlu addımlar atılır.

Ana yurdumuz Azərbaycan regionda və beynəlxalq miqyasda ictimai-siyasi sabitlik məkanı, multikulturalizm və tolerantlıq örnəyi, həmçinin siyasi, iqtisadi və mədəni mərkəz kimi tanınır. Respublikamızın dünyadakı nüfuzu və qüdrəti günbəgün artmaqdadır.

Bu bayram günlərində biz həmçinin Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizi yad edir, onların ruhu qarşısında baş əyir, şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyir, qazilərimizə isə can sağlığı arzulayırıq.

Əziz qubalılar,

Ölkəmizin bütün sakinləri kimi bizim üçün də 2023-cü il uğurlu və yaddaqalan illərdən biri olmuşdur. Başa çatmaqda olan ildə rayonumuzda ictimai-siyasi və ideoloji sahələrdə görülən işlər, eləcə də tikinti, təmir, yenidənqurma və abadlıq işləri davam etdirilmişdir.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı rayonumuzda respublika səviyyəli, regional və müxtəlif ictimai-siyasi və mədəni-kütləvi tədbirlər keçirilmişdir. Ötən ildə rayonumuzun çoxlu sayda yerli və xarici qonaqları olmuşdur.

2023-cü ildə rayonumuzun ərazisində xeyli işlər görülmüş, 4 yeni məktəb binası tikilərək istifadəyə verilmiş, yollarda əsaslı təmir işləri həyata keçirilmiş, yeni yollar çəkilmiş, əhalinin mavi yanacaq, elektrik enerjisi, suvarma və içməli su ilə təchizatının, eləcə də rabitə xidməti ilə təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər icra edilmiş, hazırda da bu istiqamətdə işlər davam etdirilməkdədir. Qarşıda görüləsi işlərimiz hələ çoxdur.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən cari ilin 18 dekabr və 27 dekabr tarixlərində imzalanmış müvafiq Sərəncamlara əsasən Quba rayonunun Qırmızı Qəsəbə qəsəbəsini Qusar rayonunun Quxuroba kəndi ilə birləşdirən Qırmızı Qəsəbə - Quxuroba avtomobil yolunun və Quba rayonunun Amsar - Əski İqrığ - Gültəpə - Möhüc - Aşağı Tüləkəran - Yenikənd - Tülər - Yuxarı Tüləkəran avtomobil yolunun əsaslı təmiri ilə bağlı işlərə tezliklə başlanacaqdır.

Həmçinin, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin kollegiya iclasının qərarına əsasən Quba 2024-cü il üçün “İdman paytaxtı” seçilmişdir.

Əziz həmyerlilər,

        Xalqımızın və dövlətimizin qüdrətinin daim yüksəklərdə olması, həmçinin bütün arzularımızın reallaşması naminə biz bundan sonra da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında hər zaman olduğu kimi sıx birləşərək böyük əzmlə çalışmalıyıq.

Qarşıdan gələn gözəl bayramlar münasibətilə bir daha sizləri səmimi qəlbdən təbrik edir, hamınıza möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, bol ruzi-bərəkət və işlərinizdə müvəffəqiyyətlər arzu edirik.

        Bayramlarınız mübarək!

Keçidlər