Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyətinin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni, 2025-ci il münasibətilə rayon ictimaiyyətinə təbriki

29 dekabr 2024 | 17:13

Quba Rayon İcra Hakimiyyətinin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni, 2025-ci il münasibətilə rayon ictimaiyyətinə

 

T Ə B R İ K İ

 

Əziz qubalılar,

Ölkəmizin və xalqımızın həyatında əlamətdar hadisələrlə zəngin olmuş 2024-cü il başa çatmaq üzrədir. Artıq 2025-ci ilin astanasındayıq.

Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni, 2025-ci il münasibətilə təbrik edirik.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Ümummilli Lider Heydər Əliyev tərəfindən təsis olunmuşdur. Dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq ölkəmiz bütün azərbaycanlılar üçün doğma Vətəndir. Bu müqəddəs amal dünya azərbaycanlılarını möhtərəm Prezidentimizin ətrafında daha sıx birləşdirdi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuz 44 günlük Vətən Müharibəsində Zəfər qazanaraq respublikamızın ərazi bütövlüyünü, ötən ilin sentyabr ayının 19-u və 20-də isə 24 saatdan da az müddətdə davam etmiş antiterror əməliyyatında ölkəmizin suverenliyini təmin etdi.

Bu gün işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində ardıcıl uğurlu addımlar atılır, soydaşlarımızın öz dədə-baba torpaqlarına layiqli şəkildə qayıdışı təmin edilir.

Azərbaycan bir il əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşdü. 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyduq. “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı.

2024-cü ildə respublikamızın ictimai-siyasi həyatında baş vermiş ən önəmli hadisə fevral ayının 7-də keçirilmiş və Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş alternativsiz siyasi kursun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin seçicilərin mütləq əksəriyyətinin səs çoxluğunu qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə nəticələnən növbədənkənar prezident seçkiləri və sentyabr ayının 1-də keçirilmiş növbədənkənar parlament seçkiləri olmuşdur. Rayonumuzun seçiciləri həmişə olduğu kimi bu seçkilərdə də yüksək fəallıq nümayiş etdirmişlər.

Ana yurdumuz Azərbaycan regionda və beynəlxalq miqyasda ictimai-siyasi sabitlik məkanı, multikulturalizm və tolerantlıq örnəyi, həmçinin siyasi, iqtisadi və mədəni mərkəz kimi tanınır. Respublikamızın dünyadakı nüfuzu və qüdrəti günbəgün artmaqdadır.

Bu bayram günlərində biz həmçinin Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onların ruhu qarşısında baş əyir, şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyir, qazilərimizə can sağlığı arzulayırıq.

25 dekabr 2024-cü il tarixdə baş verən təyyarə qəzası nəticəsində həlak olanlara Allahdan rəhmət, yaxınlarına səbr, yaralanan şəxslərin tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayırıq.

Əziz qubalılar,

Ölkəmizin bütün sakinləri kimi bizim üçün də 2024-cü il uğurlu və yaddaqalan illərdən biri olmuşdur. Başa çatmaqda olan ildə rayonumuzda ictimai-siyasi və ideoloji sahələrdə görülən işlər, eləcə də tikinti, təmir, yenidənqurma və abadlıq işləri davam etdirilmişdir. Rayonumuzda respublika səviyyəli, regional və müxtəlif ictimai-siyasi və mədəni-kütləvi tədbirlər keçirilmiş, rayonumuzun çoxlu sayda yerli və xarici qonaqları olmuşdur.

2024-cü ildə rayonumuzun ərazisində xeyli işlər görülmüş, 2 yeni məktəb binası tikilərək istifadəyə verilmiş, yollarda əsaslı təmir işləri həyata keçirilmiş, yeni yollar çəkilmiş, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ötən ilin 18 və 27 dekabr tarixlərində imzalanmış müvafiq Sərəncamlarına əsasən Quba rayonunun Qırmızı Qəsəbə qəsəbəsini Qusar rayonunun Quxuroba kəndi ilə birləşdirən Qırmızı Qəsəbə - Quxuroba avtomobil yolunun və rayonun Amsar - Əski İqrığ - Gültəpə - Möhüc - Aşağı Tüləkəran - Yenikənd - Tülər - Yuxarı Tüləkəran avtomobil yolunun əsaslı təmiri ilə bağlı işlər sürətlə aparılmış, əhalinin mavi yanacaq, elektrik enerjisi, suvarma və içməli su ilə təchizatının, eləcə də rabitə xidməti ilə təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər icra edilmiş, hazırda da bu istiqamətdə işlər davam etdirilməkdədir. Qarşıda görüləsi işlərimiz hələ çoxdur.

Məlum olduğu kimi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixdə imzaladığı Sərəncama əsasən 2024-cü il respublikamızda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdu. İl çərçivəsində rayonumuzda çoxsaylı ağacəkmə aksiyaları və digər tədbirlər keçirilmişdir. Bu ilin yaz və payız fəsillərində keçirilən ağacəkmə aksiyaları zamanı rayon üzrə 20 minə yaxın müxtəlif növ ağac və gül tingləri əkilmişdir.

Həmçinin, ötən ilin dekabr ayının 7-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin kollegiya qərarı ilə Quba şəhəri respublikamızın 13 şəhər və rayonu arasından 2024-cü il üçün ölkəmizin “İdman paytaxtı” seçilmiş, “Quba - İdman Paytaxtı 2024” çərçivəsində “İdmanın ürəyi Qubada döyünür” şüarı altında rayonumuzda çoxlu sayda silsilə tədbirlər və idman yarışları keçirilmişdir.

Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı nazirlərinin 26 sentyabr 2023-cü il tarixdə Bakı şəhərində keçirilmiş İkinci Toplantısında rayonumuz Türk Dövlətləri Təşkilatının “Kənd Təsərrüfatı Paytaxtı” elan edilmiş, il çərçivəsində rayonda çoxsaylı tədbirlər və forumlar keçirilmişdir.

Əziz həmyerlilər,

        Xalqımızın və dövlətimizin qüdrətinin daim yüksəklərdə olması, həmçinin bütün arzularımızın reallaşması naminə biz bundan sonra da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında hər zaman olduğu kimi sıx birləşərək böyük əzmlə çalışmalıyıq.

Qarşıdan gələn gözəl bayramlar münasibətilə bir daha sizləri səmimi qəlbdən təbrik edir, hamınıza möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, bol ruzi-bərəkət və işlərinizdə müvəffəqiyyətlər arzu edirik.

Bayramlarınız mübarək!

Keçidlər