Quba Rayon İcra Hakimiyyətinin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətiə rayon qadınlarına T Ə B R İ K İ
Quba Rayon İcra Hakimiyyətinin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətiə rayon qadınlarına
T Ə B R İ K İ
Əziz xanımlar,
Analar və bacılar,
Rayonumuzun bütün qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər bir xanıma cansağlığı, səadət və gələcək işlərində yeni-yeni uğurlar arzulayırıq.
Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində qadına dərin hörmət, ana sevgisi hər zaman uca tutulmuşdur. Əcdadlarımız qadına namus, qeyrət mücəssiməsi, sədaqət, ismət və paklıq rəmzi kimi yanaşmışlar. Xalqımız tarixə qadın hökmdarlar, sərkərdələr, diplomatlar, görkəmli ictimai-siyasi xadimlər, elm və incəsənət nümayəndələri, digər sahələr üzrə böyük simalar bəxş etmişdir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə qadınların cəmiyyət həyatının bütün sahələrində layiqincə təmsil olunması məqsədilə ardıcıl tədbirlər görmüşdür. Məhz bu tarixi şəxsiyyətin Azərbaycan qadınlarına olan yüksək diqqət və qayğısının, göstərdiyi böyük etimadın nəticəsi olaraq qadınlarımızın cəmiyyətin bütün sahələrində fəallıqları artmışdır.
Hazırda bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün qadınlarımız dövlət idarəçiliyi, elm, təhsil, səhiyyə, mədəniyyət, idman və cəmiyyətimizin bütün digər sahələrində yüksək fəallıq və fədakarlıq nümayiş etdirərək ölkəmizin daha da inkişaf etməsinə, həmçinin respublikamızın beynəlxalq arenada yüksək səviyyədə təmsil olunmasına layiqli töhfələrini verirlər. Bu istiqamətdə ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən mühüm layihələri xüsusi qeyd etmək lazımdır.
Əziz xanımlar,
Milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, gənclərimizin Vətənə və torpağa bağlılıq, müstəqil dövlətçiliyimizə və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda formalaşmaları sahəsində Sizin mühüm xidmətləriniz vardır. Tarix boyu Azərbaycan qadını kişilərlə birlikdə yurdumuzun müdafiəsində durmuş, bütün dövrlərdə doğma Vətənimizin inkişafı və çiçəklənməsi naminə rəşadət göstərmişlər. Xanımlarımız 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetirmişlər.
Xalqımıza xas ənənəvi ailə dəyərlərinə sadiq qalan çağdaş Azərbaycan xanımları, müstəqil dövlətimizin qısa vaxt ərzində bütün sahələrdə qazandığı tarixi nailiyyətlərdə də əvəzsiz rola sahibdirlər. Rayonumuzun ictimai-siyasi və mədəni həyatında da qadınlar mühüm rol oynayır, əldə etdiyimiz nailiyyətlərdə rayon əhalisinin təxminən yarısını təşkil edən qadınların müstəsna xidmətləri vardır.
Əminik ki, ölkəmizin bütün qadınları kimi qubalı ana və bacılarımız da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək respublikamızda bərqərar edilmiş ictimai-siyasi sabitliyin qorunması, xalqımızın daha böyük uğurlara nail olması, dövlətimizin davamlı tərəqqisi naminə öz səylərini əsirgəməyəcəklər.
Əziz xanımlar,
Hər birinizi bu əlamətdar bayram - 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, Sizlərə uzun ömür, can sağlığı və xoşbəxtlik arzu edirik.
Bayramınız mübarək!