Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyətinin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbriki

06 mart 2026 | 14:45
Quba Rayon İcra Hakimiyyətinin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətiə rayon qadınlarına
T Ə B R İ K İ
Əziz xanımlar,
Analar və bacılar,
Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, səadət və gələcək işlərində yeni-yeni uğurlar arzulayırıq.
Xalqımızın milli-mənəvi dəyərlər sistemində qadına dərin hörmət, ana sevgisi hər zaman uca tutulmuşdur. Əcdadlarımız qadına namus, qeyrət mücəssəməsi, sədaqət, ismət və paklıq rəmzi kimi yanaşmışlar. Xalqımız tarixə qadın hökmdarlar, sərkərdələr, diplomatlar, görkəmli ictimai-siyasi xadimlər, elm və incəsənət nümayəndələri, digər sahələr üzrə böyük simalar bəxş etmişdir.
Ulu Öndər Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə qadınların cəmiyyət həyatının bütün sahələrində layiqincə təmsil olunması məqsədilə ardıcıl tədbirlər görmüş, qadınların dövlət idarəçiliyində, ictimai-siyasi həyatda, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə təmsilçiliyi əhəmiyyətli dərəcədə artmışdır.
Bu siyasət bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Qadınların hüquqlarının müdafiəsi, sosial rifahının yaxşılaşdırılması, sahibkarlıq və ictimai fəallığının dəstəklənməsi, həmçinin respublikamızın beynəlxalq arenada yüksək səviyyədə təmsil olunması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Bu istiqamətdə ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən mühüm layihələri xüsusi qeyd etmək lazımdır.
Əziz xanımlar,
Milli-mənəvi dəyərlərimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi, gənclərimizin Vətənə məhəbbət, torpağa bağlılıq və müstəqil dövlətçiliyimizə sədaqət ruhunda formalaşmasında Sizin mühüm xidmətləriniz vardır. Tarixin bütün mərhələlərində qadınlarımız xalqımızın taleyüklü anlarında ön sırada dayanmış, ailənin mənəvi dayağı olmaqla yanaşı, cəmiyyətin də güc mənbəyinə çevrilmişlər. 44 günlük Vətən müharibəsi dövründə də Azərbaycan qadını həm ön cəbhədə, həm də arxa cəbhədə göstərdiyi iradə, səbr və mənəvi möhkəmliklə milli birliyimizin rəmzinə çevrilmiş, xalqımızın Qələbə əzmini daha da gücləndirmişdir.
Rayonumuzun ictimai-siyasi və sosial-iqtisadi həyatında da qadınlar fəal iştirak edir, dövlət qulluğunda, təhsil və səhiyyə müəssisələrində, mədəniyyət və digər sahələrdə məsul vəzifələrdə çalışaraq rayonun inkişafına öz töhfələrini verirlər. Ailə institutunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında qadınlarımızın rolu danılmazdır.
Əminik ki, ölkəmizin bütün qadınları kimi qubalı ana və bacılarımız da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək respublikamızda bərqərar edilmiş ictimai-siyasi sabitliyin qorunması, xalqımızın daha böyük uğurlara nail olması, dövlətimizin davamlı tərəqqisi naminə öz səylərini əsirgəməyəcəklər.
Əziz xanımlar,
Bir daha hər birinizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və yeni nailiyyətlər arzulayırıq.
Bayramınız mübarək!
Keçidlər