Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyətinin Novruz bayramı münasibətilə rayon ictimaiyyətinə təbriki.

19 mart 2024 | 17:20

Quba  Rayon  İcra  Hakimiyyətinin  Novruz bayramı

münasibətilə rayon ictimaiyyətinə

 

T Ə B R İ K İ

 

        Əziz qubalılar,

Azərbaycan xalqının mənəvi həyatının ən dərin qatlarına nüfuz etmiş, milli-mədəni dəyərlərimizin təşəkkülündə müstəsna yer tutmuş və xalqımızın uzaq keçmişdən sevə-sevə bu günümüzə qədər yaşatdığı Novruz bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, hamınıza bahar təravətli günlər və xoşbəxtlik arzulayırıq.

Baharın yurdumuza hər gəlişi əsrlərin yaddaşında iz qoymuş mərasimlərimizə uyğun, yüksək təntənə ilə qeyd olunur, təbiət canlanır, yenilənir, insanların məişətində, dolanışığında və əhval-ruhiyyəsində kəskin dönüş yaranır. Minilliklərin sınağından çıxmış, mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və barışığın rəmzi omaqla yanaşı, həm də xeyirxahlıq, qonaqpərvərlik, səmimiyyət, xeyir-bərəkət və bolluq bayramıdır.

Ölkəmiz öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Novruzun daha böyük təntənə ilə, dövlət səviyyəsində qeyd edilməsinə başlanıldı. Bu isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun əsl vətəndaşlıq mövqeyi nəticəsində Novruz bayramının dövlət səviyyəsində qeyd olunması istiqamətində böyük işlər görülmüş və indi Novruz xalqımızın milli bayramı olmaqla yanaşı, həm də dövlət bayramıdır.

Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mədəniyyətimizin təbliği istiqamətindəki əvəzsiz xidmətləri və gərgin fəaliyyəti nəticəsində xalqımızın bir neçə digər maddi-mənəvi dəyərləri kimi Novruz bayramı da YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Siyahısına daxil edilmişdir.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun 44 günlük Vətən Müharibəsi nəticəsində əldə etdiyi parlaq tarixi Qələbənin qat-qat gücləndirdiyi xoş bahar ovqatı içində, artıq dördüncü ildir ki, azadlığına qovuşmuş Qarabağda və Şərqi Zəngəzurda sürətli bərpa, quruculuq və tikinti işləri aparılmaqda, doğma yurd yerlərimiz abadlaşdırılaraq öz əvvəlki dinc həyatına qaytarılmaqdadır.

Bu bayram günü biz həmçinin Vətənimizin suverenliyi və ərazi bütövlüyü naminə canlarından keçmiş mərd oğullarımızı da yad edir, bütün şəhidlərmizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət, yaxınlarına səbr, qazilərimizə can sağlığı arzulayırıq.

Hazırda respublikamızda geniş miqyaslı və çoxşaxəli iqtisadi islahatlar, Dövlət Proqramları və Strateji Yol Xəritələri uğurla icra olunur. Bu gün ana yurdumuz Azərbaycan regionda və beynəlxalq miqyasda ictimai-siyasi sabitlik məkanı, multikulturalizm və tolerantlıq örnəyi, həmçinin siyasi, iqtisadi və mədəni mərkəz kimi tanınır. Ölkəmizin dünyadakı nüfuzu və qüdrəti günbəgün artmaqdadır.

Əziz qubalılar,

Ötən Novruz bayramından keçən müddət ərzində rayonumuzda ictimai-siyasi və ideoloji sahələrdə silsilə tədbirlər davam etdirilmiş, Quba şəhəri, qəsəbə və kəndlərimizdə il ərzində xeyli işlər görülmüş, yeni yollar çəkilmiş, müxtəlif istiqamətlərdəki yollarda əsaslı təmir işləri həyata keçirilmiş, əhalinin mavi yanacaq, elektrik enerjisi, suvarma və içməli su ilə təchizatının, eləcə də rabitə xidməti ilə təminatın yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər icra edilmişdir.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı rayonumuzda beynəlxalq, respublika və regional səviyyəli müxtəlif ictimai-siyasi və mədəni-kütləvi tədbirlər keçirilmişdir. Rayonumuzun çoxlu sayda yerli və xarici qonaqları olmuşdur.

Qeyd olunan dövrdə respublikamızın, eləcə də rayonumuzun ictimai-siyasi həyatında baş vermiş ən mühüm hadisələrdən biri də 7 fevral 2024-cü il tarixdə keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri olmuşdur. Rayonumuzun seçiciləri də bu seçkilərdə böyük qürur hissi ilə fəal iştirak etmişlər, son 20 il ərzində xalqa verilən vədləri bütövlükdə yerinə yetirən, müstəqil Azərbaycanı yeni inkişaf mərhələsinə yüksəldən, müasir tariximizə Müzəffər Ali Baş Komandan kimi düşmüş Prezident İlham Əliyevə səs vermişlər.

Bu müddətdə rayonumuzda 4 yeni məktəb binası tikilərək istifadəyə verilmiş, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ötən ilin 18 dekabr və 27 dekabr tarixlərində imzalanmış müvafiq Sərəncamlara əsasən Quba rayonunun Qırmızı Qəsəbə qəsəbəsini Qusar rayonunun Quxuroba kəndi ilə birləşdirən Qırmızı Qəsəbə - Quxuroba avtomobil yolunun və Quba rayonunun Amsar - Əski İqrığ - Gültəpə - Möhüc - Aşağı Tüləkəran - Yenikənd - Tülər - Yuxarı Tüləkəran avtomobil yolunun əsaslı təmiri ilə bağlı işlərə başlanılmışdır.

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin kollegiya iclasının qərarına əsasən Quba 2024-cü il üçün “İdman paytaxtı” seçilmiş, artıq bununla bağlı rayonumuzda 2 genişmiqyaslı tədbir keçirilmişdir.

Görüləsi işlərimiz hələ çoxdur. Rayonumuzda bir sıra mühüm layihələrin icrası nəzərdə tutulur.

Əziz həmyerlilər,

Əminik ki, qubalılar hər zaman olduğu kimi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha sıx birləşməklə rayonumuzun və respublikamızın tərəqqisi naminə əlindən gələni əsirgəməyəcəklər.

        Bir daha hər birinizi bu gözəl el bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, sizlərə möhkəm cansağlığı, xoşbəxtlik və ailə səadəti arzulayırıq. Qoy, Novruz hər bir evə xeyir-bərəkət, ölkəmizə yeni-yeni uğurlar gətirsin. Ocaqlarınız daim yansın, süfrələriniz bol ruzili olsun.

        Bayramınız mübarək!

Keçidlər