Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyətinin Novruz bayramı münasibətilə rayon ictimaiyyətinə təbriki.

19 mart 2025 | 10:33

Quba  Rayon  İcra  Hakimiyyətinin  Novruz bayramı

münasibətilə rayon ictimaiyyətinə

 

T Ə B R İ K İ

 

        Əziz qubalılar,

Müdrik xalqımızın mənəvi həyatının ən dərin qatlarına nüfuz etmiş, milli-mədəni dəyərlərimizin təşəkkülündə müstəsna yer tutmuş və əcdadlarımızın uzaq keçmişdən sevə-sevə bu günümüzə qədər yaşatdığı Novruz bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, hamınıza bahar əhval-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayırıq.

Minilliklərin sınağından çıxmış, ulu babalarımızın yüksək həyat eşqini, zəngin mənəviyyatını, geniş dünyagörüşünü və gələcəklə bağlı nikbin düşüncələrini dolğun təcəssüm etdirən Novruz insanlar arasında birliyin və barışığın rəmzi omaqla yanaşı, həm də xeyirxahlıq, qonaqpərvərlik, səmimiyyət, xeyir-bərəkət və bolluq bayramıdır. Baharın yurdumuza hər gəlişi əsrlərin yaddaşında iz qoymuş mərasimlərimizə uyğun, yüksək təntənə ilə qeyd olunur, təbiət canlanır, yenilənir, insanların məişətində, dolanışığında və əhval-ruhiyyəsində kəskin dönüş yaranır.

Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra Novruzun daha böyük təntənə ilə, dövlət səviyyəsində qeyd edilməsinə başlanması Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun əsl vətəndaşlıq mövqeyi nəticəsində Novruz bayramının dövlət səviyyəsində qeyd olunması istiqamətində böyük işlər görülmüş və indi Novruz xalqımızın milli bayramı olmaqla yanaşı, həm də dövlət bayramıdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mədəniyyətimizin təbliği istiqamətindəki əvəzsiz xidmətləri və gərgin fəaliyyəti nəticəsində xalqımızın bir neçə digər maddi-mənəvi dəyərləri kimi Novruz bayramı da YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Siyahısına daxil edilmişdir.

Builki Novruz bayramı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasının beşinci ildönümünə təsadüf edilməsi ilə əlamətdardır.

Bu bayram günü biz həmçinin Vətənimizin azadlığı, dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü naminə canlarından keçmiş mərd oğul və qızlarımızı da dərin ehtiramla yad edir, bütün şəhidlərmizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət, yaxınlarına səbr, qazilərimizə can sağlığı arzulayırıq.

Hazırda respublikamızda geniş miqyaslı və çoxşaxəli iqtisadi islahatlar, Dövlət Proqramları və Strateji Yol Xəritələri uğurla icra olunur. Öz azadlığına qovuşmuş Qarabağda və Şərqi Zəngəzurda sürətli bərpa, quruculuq və tikinti işləri aparılmaqda, doğma yurd yerlərimiz abadlaşdırılaraq öz əvvəlki dinc həyatına qaytarılmaqdadır. Artıq minlərlə soydaşımız “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına dönmüşdür.

Bu gün ana yurdumuz Azərbaycan regionda və beynəlxalq miqyasda ictimai-siyasi sabitlik məkanı, multikulturalizm və tolerantlıq örnəyi, həmçinin siyasi, iqtisadi və mədəni mərkəz kimi tanınır.

Əziz qubalılar,

Ötən Novruz bayramından keçən müddət ölkəmizin bütün sakinləri kimi bizim üçün də uğurlu və yaddaqalan olmuşdur. Bu müddətdə rayonumuzda ictimai-siyasi və ideoloji sahələrdə görülən işlər, eləcə də tikinti, təmir, yenidənqurma və abadlıq işləri davam etdirilmiş, rayonumuzda bir sıra respublika səviyyəli, regional və müxtəlif ictimai-siyasi və mədəni-kütləvi tədbirlər keçirilmiş, çoxlu sayda yerli və xarici qonaqlarımız olmuşdur.

1 sentyabr 2024-cü il tarixdə keçirilmiş növbədənkənar parlament seçkiləri və 29 yanvar 2025-ci il tarixdə keçirilmiş bələdiyyə seçkiləri rayonumuzda böyük uğurla başa çatmışdır.

Rayonumuzun ərazisində xeyli işlər görülmüş, 2 yeni məktəb binası tikilərək istifadəyə verilmiş, yollarda əsaslı təmir işləri həyata keçirilmiş, yeni yollar çəkilmiş, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən imzalanmış müvafiq Sərəncamlara əsasən rayonun Qırmızı Qəsəbə qəsəbəsini Qusar rayonunun Quxuroba kəndi ilə birləşdirən Qırmızı Qəsəbə - Quxuroba avtomobil yolunun və rayonun Amsar - Əski İqrığ - Gültəpə - Möhüc - Aşağı Tüləkəran - Yenikənd - Tülər - Yuxarı Tüləkəran avtomobil yolunun əsaslı təmiri ilə bağlı işlər sürətlə aparılmış, əhalinin mavi yanacaq, elektrik enerjisi, suvarma və içməli su ilə təchizatının, eləcə də rabitə xidməti ilə təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər icra edilmiş, hazırda da bu istiqamətdə işlər davam etdirilməkdədir. Qarşıda görüləsi işlərimiz hələ çoxdur.

Dövlətimizin başçısı tərəfindən imzalanmış müvafiq Sərəncama əsasən ötən ilin respublikamızda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar il çərçivəsində rayonumuzda çoxsaylı ağacəkmə aksiyaları və digər tədbirlər keçirilmiş, 2024-cü ilin yaz və payız fəsillərində keçirilən ağacəkmə aksiyaları zamanı rayon üzrə 20 minə yaxın müxtəlif növ ağac və gül tingləri əkilmişdir.

Həmçinin, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin kollegiya qərarı ilə Quba şəhərinin respublikamızın 13 şəhər və rayonu arasından 2024-cü il üçün ölkəmizin “İdman paytaxtı” seçilməsi ilə əlaqədar, “Quba - İdman Paytaxtı 2024” çərçivəsində “İdmanın ürəyi Qubada döyünür” şüarı altında rayonumuzda çoxlu sayda silsilə tədbirlər və idman yarışları keçirilmişdir.

Bununla yanaşı Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı nazirlərinin Bakı şəhərində keçirilmiş İkinci Toplantısında rayonumuz ötən il üçün Türk Dövlətləri Təşkilatının “Kənd Təsərrüfatı Paytaxtı” elan edilmiş, il çərçivəsində rayonda çoxsaylı tədbirlər və forumlar keçirilmişdir.

Hazırda Quba şəhərində Peşə liseyi üçün yeni bina tikilir, Nizami adına mədəniyyət və istirahət parkında əsaslı şəkildə təmir və yenidənqurma işləri aparılır, rayonun Şəhidlər Xiyabanı yeni layihə əsasında qurulur, Quba şəhərinin bir sıra küçələrində asfaltlama işləri aparılır, Hacıhüseynli kənd tam orta məktəbinin yeni binasının tikintisi davam etdirilir. Qarşıdakı dövrdə rayonumuzun bir sıra yaşayış məntəqələrində yeni modul tipli məktəblərin quraşdırılması, Quba DOST və Peşə hazırlığı mərkəzinin inşasının başa çatdırılması, Alekseyevka kəndinin ərazisində “Frutena” MMC tərəfindən Meyvə konsentratı, meyvə şirəsi istehsalı və doldurulması müəssisəsinin  tikintisinə başlanılması və digər layihələrin icrası nəzərdə tutulmuşdur. Görüləsi işlərimiz hələ çoxdur.

Əziz həmyerlilər,

Əminik ki, qubalılar hər zaman olduğu kimi bundan sonra da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha sıx birləşməklə rayonumuzun və respublikamızın tərəqqisi naminə əllərindən gələni əsirgəməyəcəklər.

        Bir daha hər birinizi bu gözəl el bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, sizlərə möhkəm cansağlığı, xoşbəxtlik və ailə səadəti arzulayırıq. Qoy, Novruz hər bir evə xeyir-bərəkət, ölkəmizə yeni-yeni uğurlar gətirsin. Ocaqlarınız daim yansın, süfrələriniz bol ruzili olsun.

        Bayramınız mübarək!

Keçidlər