Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyətinin Qurban bayramı münasibətilə rayon ictimaiyyətinə təbriki

15 iyun 2024 | 18:37

Quba Rayon İcra Hakimiyyətinin Qurban bayramı

münasibətilə rayon ictimaiyyətinə

T Ə B R İ K İ

Əziz qubalılar,

Sizi dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik və qardaşlıq günü olan müqəddəs Qurban bayramı münasibətilə Quba Rayon İcra Hakimiyyətinin bütün kollektivi adından ürəkdən təbrik edirik.

Qurban bayramı bəşər övladına yüksək mənəvi-əxlaqi dəyərlərə hörmət, mərhəmət və dözümlülük təlqin edən İslam dininin insanları doğru yola dəvət etməsi ilə əlamətdardır. Bu əziz gündə müsəlmanlar Allah və din yolunda, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını, mənəvi dəyərlərə bağlılıqlarını nümayiş etdirir, Uca Tanrıya yaxınlığın fərəhini yaşayırlar.

Xalqımız əsrlər boyu Qurban bayramını özünün ən əziz  bayramlarından biri kimi qeyd etmişdir. Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqımızın təkidli xahişi və tələbi ilə ölkə rəhbərliyinə qayıdışı digər sahələr kimi dövlət-din münasibətlərində də tərəqqinin əsasını qoydu, dini dəyərlərə böyük qayğı göstərildi, milli və dini bayramların dövlət səviyyəsində qeyd olunması məqsədilə ardıcıl tədbirlər görüldü. Məhz Ulu Öndərin yüksək qayğısı sayəsində milli və dini bayramlarımız dövlət səviyyəsində qeyd olunmağa başladı.

Hazırda Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi müdrik daxili və xarici siyasət nəticəsində respublikamız dünyanın ən sürətli inkişaf edən ölkələrindən birinə çevrilmiş, dövlətimizin beynəlxalq aləmdəki nüfuzu və hörməti olduqca artmış, mövqeləri güclənmiş, xalqımızın maddi-rifah halı xeyli yaxşılaşmışdır. Respublikamızda möhkəm ictimai-siyasi və dini sabitlik, xalq və iqtidar birliyi mövcuddur.

Artıq dördüncü ildir ki, xalqımız Qurban bayramını haqq işi uğrunda mübarizədə qazandığımız şanlı Zəfərdən sonra hədsiz fərəh və qalibiyyət hissi ilə qeyd edir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci ildə otuz illik işğala son qoyaraq möhtəşəm Zəfər qazanmış, tarixi ədalət bərpa edilərək ölkəmizin ərazi bütövlüyü təmin olunmuşdur. Bu tarixi Zəfər Silahlı Qüvvələrimizin gücünü, dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirməklə yanaşı, həm də dünya azərbaycanlılarının həmrəyliyini sübut etdi.

Son illər ərzində məhz cənab Prezidentin və ölkəmizin Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın yüksək diqqəti və qayğısı sayəsində dövlət vəsaiti hesabına bir sıra İslam və qeyri-islam dini ibadətgahlarının binaları əsaslı təmir olunmuş, çoxlu sayda yeni məscid, kilsə və sinaqoq binaları tikilərək dindarların istifadəsinə verilmişdir. Bununla yanaşı, işğaldan azad edilmiş doğma Qarabağda və Şərqi Zəngəzurda tarixi ibadət ocaqlarının bərpa edilməsi və yeni məscidlərin tikintisinin aparılması ölkə rəhbərliyinin dini sahəyə, milli-mənəvi dəyərlərimizə göstərdiyi yüksək qayğının daha bir əyani sübutudur.

Əziz həmyerlilər,

Quba rayonu respublikamızda multikultural ənənələrin və tolerantlığın əsrlər boyu qorunub saxlandığı, müxtəlif xalqların qardaşlıq şəraitində yaşadığı bir rayondur. İnanırıq ki, rayonumuzda bu qardaşlıq münasibətlərinin, mehribançılığın qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi üçün bundan sonra da hər bir rayon sakini səylərini əsirgəməyəcəkdir.

Bir daha qarşıdan gələn Qurban bayramı münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, bayram günlərində xalqımızın rifahı, ölkəmizin əmin-amanlığı və daha da inkişafı naminə etdiyiniz dua və niyyətlərə, arzu və istəklərə şərik olduğumuzu bildirir, Vətən uğrunda canlarından keçən əziz şəhidlərimizin ölməz xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət, yaxınlarına səbr, qazilərimizə cansağlığı diləyirik.

        Hamınıza firavanlıq, ailə səadəti və işlərinizdə yeni-yeni uğurlar arzulayıriq. Qoy, qıldığınız namazlar, kəsdiyiniz qurbanlar, özünüz, ailəniz, xalqımız və dövlətimiz naminə etdiyiniz dualar Ulu Tanrının dərgahında qəbula keçsin.

        Bayramınız mübarək, əziz qubalılar!

Keçidlər