Quba Rayon İcra Hakimiyyətinin Ramazan bayramı münasibətilə rayon ictimaiyyətinə təbriki
Əziz qubalılar,
Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımızı bildiririk. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu Ramazan ayında əməl edilən şərtlər insanların qəlbini və təfəkkürünü nurlandırır, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edir.
İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda tarixin ayrı-ayrı dövrlərində baş vermiş müxtəlif prosseslərə baxmayaraq xalqımız öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlamışdır. Ötən əsrin sonlarında ölkəmiz özünün dövlət müstəqilliyini bərpa etdi. 1993-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı digər sahələr kimi dövlət-din münasibətlərində də tərəqqinin əsasını qoydu. Hər zaman milli və dini dəyərlərə diqqət göstərmiş, bu məqsədilə ardıcıl tədbirlər görmüş Ulu Öndərimizin yüksək qayğısı sayəsində Ramazan, Qurban və xalqımızın digər milli və dini bayramları dövlət səviyyəsində qeyd olunmağa başladı.
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də milli-mənəvi dəyərlərimizə, dini adətlərimizə hər zaman yüksək diqqət və qayğı göstərilir, respublikamızda İslam və digər dinlərə məxsus ibadətgahların binaları əsaslı təmir olunur. Son illərdə ölkəmizdə çoxlu sayda yeni məscid, kilsə və sinaqoq binaları tikilərək istifadəyə verilmişdir.
Əziz həmyerlilər,
Builki Ramazan bayramı həm də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin beşinci ildönümü ilə əlamətdardır. Bu gün işğaldan azad olunmuş dədə-baba torpaqlarımızda həyat yenidən dirçəlir, tarixi-mədəni irsimiz, ibadət yerlərimiz bərpa olunur, məscidlərimizdən azan sədaları yüksəlir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 30 ilə yaxın bir dövrdə düşmən işğalı altında olan ərazilərdə dağıdılan dini ibadətgahlarımızı ziyarət etməsi və bu ibadətgahların bərpa olunmasına xüsusi diqqət yetirməsi ölkəmizdə dini sahəyə göstərilən yüksək dövlət qayğısının daha bir sübutudur.
Bu müqəddəs Ramazan bayramı günlərində biz Vətənimizin ərazi bütövlüyü naminə canlarından keçmiş mərd oğullarımızı da böyük ehtiramla yad edir, şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət, yaxınlarına səbr, qazilərimizə şəfalar diləyirik.
Hazırda dünyanın müxtəlf ölkələrində olduqca mürəkkəb prosseslərin baş verdiyi bir dövrdə mühüm bir geosiyasi məkanda, qərblə-şərqin kəsişməsində yerləşən Azərbaycan Respublikasında möhkəm ictimai-siyasi və dini sabitlik mövcuddur. Doğma Azərbaycanımız dünyada multikulturalizm və tolerantlıq nümunəsi kimi, tarix boyu müxtəlif dinlərə məxsus olan xalqların mehriban ailə kimi yaşadığı, bütün xalqların adət-ənənələrinə, dini dəyərlərinə, inanclarına böyük qayğı göstərildiyi, heç bir ayrı-seçkiliyin olmadığı məmləkət kimi tanınmışdır.
Multikultural ənənələrin və tolerantlığın qorunub saxlandığı, müxtəlif xalqların qardaşlıq şəraitində yaşadığı Quba rayonunda hazırda 72 məscid, 2 sinaqoq fəaliayyət göstərir, 26-sı İslam, 1-i isə Yəhudi dini icması olmaqla dövlət qeydiyyatından keçmiş 27 dini icma vardır. Əminik ki, bundan sonra da rayonumuzda bu qardaşlıq münasibətlərinin, mehribançılığın qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi üçün hər bir rayon sakini əlindən gələni əsirgəməyəcəkdir.
Əziz qubalılar,
Müsəlman bacı və qardaşlar,
Bütün müsəlman dünyası müqəddəs Ramazan bayramını qeyd etməyə hazırlaşır. Sizlərin hər birinizi bir daha qarşıdan gələn bu əlamətdar bayram münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm can sağlığı və xoşbəxtlik diləyirik. Qoy qıldığınız namaz, tutduğunuz oruc, etdiyiniz dualar qəbul olsun.
Bayramınız mübarək!