Quba rayonunda qum-çınqıl karxanalarının fəaliyyəti müzakirə olunaraq zəruri işlərə başlanılmışdır.
12 oktyabr 2026 | 18:23
Quba rayonunda qum-çınqıl karxanalarının fəaliyyəti müzakirə olunaraq zəruri işlərə başlanılmışdır.
Quba Rayon İcra Hakimiyyəti başçısının 9 oktyabr 2026-cı il tarixli, 103 nömrəli Sərəncamının icrası ilə əlaqədar Quba rayonu üzrə qum-çınqıl karxanalarının fəaliyyətinin ətraflı araşdırılması və qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə yaradılmış komissiyanın üzvlərinin ilk iclası keçirilmişdir.
İclasda Quba rayonu ərazisindən keçən Qaraçay, Vəlvələçay və Qudyalçay çaylarında yerin təkindən istifadə ilə bağlı müvafiq icazə sənədi olmayan, lakin ərazidə avadanlıqları olan və qanunsuz fəaliyyətə cəhd göstərən yer təki istifadəçilərinin fəaliyyətinin qarşısının alınması məsələləri müzakirə edilib.
Görüşdən sonra komissiya tərəfindən çay yataqlarında monitorinqlərə başlanılıb, mövcud vəziyyətin dəqiq qiymətləndirilməsi üçün müvafiq ölçmələr aparılıb. Ərazidə qanunsuz fəaliyyətə cəhd göstərən avadanlıqların aşkarlanması və onların çıxarılması istiqamətində tədbirlər görülüb.
Eyni zamanda, yerli bələdiyyələrə və aidiyyəti qurumlara çayların ekoloji tarazlığının qorunması, torpaq və su ehtiyatlarının mühafizəsi ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsi tapşırılıb. Qanunsuz fəaliyyətin qarşısının alınması üçün hüquq-mühafizə orqanları ilə birgə nəzarət mexanizmlərinin tətbiqi nəzərdə tutulub.








