Şriftin ölçüsü :

Saytın rəngi :

“Quba rayonunun Talabıqışlaq kəndində tibb məntəqəsinin inşası” layihəsinin təqdimat mərasimi həyata keçirildi.

26 dekabr 2022 | 15:01

“Quba rayonunun Talabıqışlaq kəndində tibb məntəqəsinin inşası” layihəsinin təqdimat mərasimi həyata keçirildi.
26 dekabr tarixində Quba rayonunda, Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunmuş “Quba rayonunun Talabıqışlaq kəndində tibb məntəqəsinin inşası” layihəsinin təqdimat mərasimi həyata keçirildi. Mərasimdə Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Vada Cüniçi, Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri, TƏBİB- in icraçı direktorunun müavinləri Araz Nəsirov, Anar İsrafilov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, benefisiar təşkilat olan Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək İctimai Birliyinin sədri Cavid Əliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon və kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Bu layihənin məqsədi Quba rayonunun Talabıqışlaq kəndində ginekoloji otaq, təcili tibbi yardım otağı, vaksinasiya otağı, müalicə otağı və xəstə otağından ibarət tibb məntəqəsinin inşa etməklə Talabıqışlaq kəndi və ətraf 8 kənd (Xaruşa, Talabı, Küçeyi, Cağacuq, Toxmar, Aspərəsti, Qorxmazoba, Mirzəqışlaq kəndləri) əhalisinin sağlamlığının qorunmasına töhvə verməkdir. Yaxın gələcəkdə Quba Mərkəzi Xəstəxanası tərəfindən bu tibb məntəqəsinə 2 həkim, 4 tibb bacısı, 1 mama-ginekoloq və 2 xadimə ştatının təyin edilməsi və əhaliyə xidmət göstərməsi nəzərdə tutulur.
“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” Azərbaycan Respulikasının əhalisinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə səhiyyə, ictimai sağlamlıq, təhsil və kənd təsərrüfatı sahələrində bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçik miqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır. Bu yardımla bağlı yerli bələdiyyə və icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, təhsil, səhiyyə orqanları və digər qeyri-kommersiya qurumlarının müraciəti mümkündür.

Keçidlər