Quba şəhərində “Prezident kuboku” uğrunda marafon qaçışı keçirilib.
22 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Quba Rayon İcra Hakimiyyətinin və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Quba şəhərində Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq təşkil olunan və rayonumuzda bu ilin son idman tədbiri hesab olunan “Prezident “kuboku” uğrunda tam məsafəyə marafon qaçışı keçirilmişdir.
Yarışın rəsmi açılış mərasimində çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Qumru Məmmədova Azərbaycan idmanına göstərilən böyük diqqət və qayğının, idmanın geniş vüsətlə inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, dahi liderin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə digər sahələrə olduğu kimi, idmanın da inkişafına diqqətlə yanaşdığını, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınaraq maddi-texniki bazanın yaradılması üçün böyük işlər gördüyünü, bu gün Azərbaycanın dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrildiyini, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə paytaxt Bakı ilə yanaşı, demək olar ki, bütün regionlarımızda mükəmməl idman infrastrukturunun qurulmasını, ölkəmizdə ən mötəbər, hətta multi-idman yarışlarının lazımi səviyyədə təşkili üçün hər bir şəraitin olduğunu qeyd etmiş, 2024-cü il üçün respublikamızın “İdman paytaxtı” seçilmiş Qubada “İdmanın ürəyi Qubada döyünür” şüarı altında çoxlu sayda silsilə tədbirlərin və idman yarışlarının keçirildiyini vurğulamış və marafon qaçışı iştirakçılarına uğurlar arzulamışlar.
42 kilometr 195 metr məsafəyə təşkil olunan “Prezident kuboku” uğrunda Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Belçika, Rusiya, Gürcüstan və Çin Xalq Respublikası da daxil olmaqla 130 nəfər idmançının yarışında sonda qaliblər mükafatlandırılmışdır.