Qubada “27 sentyabr Anım Günü: suverenlik və dövlətçilik - tarixi yol və müasir reallıqlar” mövzusunda tədbir keçirilib.
Qubada “27 sentyabr Anım Günü: suverenlik və dövlətçilik - tarixi yol və müasir reallıqlar” mövzusunda tədbir keçirilib.
24 sentyabr 2026-cı il tarixdə rayonun Birinci Nügədi kənd 1 nömrəli tam orta məktəbində Quba Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə “27 sentyabr Anım Günü: suverenlik və dövlətçilik - tarixi yol və müasir reallıqlar” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Anar Məmmədov, DQİDK-nin Quba-Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev, İnsan Hüquqları üzrə müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba rayonu Birinci Nügədi 1 saylı kənd tam orta məktəbinin direktoru Arzu Hüseynova, məktəbin müəllimləri və şagirdləri iştirak etmişlər.
Tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələrinə dərin ehtiram bildirilmiş, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışılmışdır. Bildirilib ki, Prezident cənab İlham Əliyev İkinci Qarabağ müharibəsi bitdikdən sonra, Vətən müharibəsinin başladığı günü "Anım Günü" kimi qeyd etmək barədə 2020-ci il dekabrın 2-də Sərəncam vermişdir. Haqq və şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin əziz ruhlarını dərin ehtiramla anırıq.








