Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada "Aqrar təhsil və istehsalatın inteqrasiyası: məhsuldarlıq, məşğulluq və ərzaq təhlükəsizliyi" mövzusunda regional konfrans keçirilib.

09 sentyabr 2026 | 16:52

Qubada "Aqrar təhsil və istehsalatın inteqrasiyası: məhsuldarlıq, məşğulluq və ərzaq təhlükəsizliyi" mövzusunda regional konfrans keçirilib.

9 sentyabr 2026-cı il tarixdə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda baş tutan tədbir Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin, Quba Rayon İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının və Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə təşkil olunmuşdur.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatları Əlibala Məhərrəmzadə və Müşfiq Məmmədli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, ADPU-nun Quba filialının direktoru Yusif Alıyev, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Kənd Təsərrüfatı Nazirliyinin Elm, Təhsil və İnsan Resursları şöbəsinin müdir müavini Emin Əliyev, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı, ADPU-nun Quba filialının və Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun kollektivi, ictimaiyyət nümayəndələri və ADPU-nun Quba filialında yeni tədris ilindən fəaliyyətə başlayacaq “Aqronomluq” ixtisasına qəbul olmuş tələbələr iştirak etmişdir.
Tədbirdə aqrar təhsil, elmi-tədqiqat və istehsalat arasında əməkdaşlığın gücləndirilməsi, regionun kənd təsərrüfatı potensialına uyğun yüksəkixtisaslı mütəxəssislərin hazırlanması və əmək bazarının tələbləri ətrafında geniş fikir mübadiləsi aparılmış, konfrans çərçivəsində ADPU-nun Quba filialında yeni açılmış “Aqronomluq” ixtisasının elmi, tədris və istehsalat imkanları təqdim olunmuş, müasir aqrotexnologiyaların və elmi yeniliklərin istehsalata tətbiqi, tələbələrin qabaqcıl fermer təsərrüfatlarında, elmi-tədqiqat institutlarında və aqrar emal müəssisələrində təcrübə imkanlarının genişləndirilməsi məsələləri müzakirə edilmişdir.
Konfransın əsas istiqamətlərindən biri “universitet–dövlət–elm–istehsalat” əməkdaşlığına əsaslanan davamlı regional tərəfdaşlığın və “təhsil–tarla–istehsalat” klasterinin formalaşdırılması olmuşdur. Vurğulanmışdır ki, bu cür əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi regionda məhsuldarlığın artırılmasına, dayanıqlı məşğulluğun təmin olunmasına, gənclərin aqrar təhsilə və sahibkarlığa marağının yüksəldilməsinə, eləcə də ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verəcəkdir.

Keçidlər