Qubada kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı ilə bağlı sahibkarlarla görüş keçirilib.
Qubada kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı ilə bağlı sahibkarlarla görüş keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası məqsədilə 29 sentyabr 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətində sahibkarlarla görüş keçirilmişdir.
İclas Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimovun sədrliyi ilə keçirilmiş, tədbirdə aidiyyəti qurumların nümayəndələri, kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak etmişdir.
İclasda Dövlət Proqramından irəli gələn vəzifələr, Quba rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, istehsal və emal imkanlarının artırılması, həmçinin yeni layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunmuşdur.
Görüş zamanı sahibkarların qarşılaşdıqları problemlər və təkliflər dinlənilmiş, onların həlli, mövcud imkanlardan səmərəli istifadə və aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.
Sonda sahibkarların irəli sürdükləri təkliflərin nəzərə alınması, aidiyyəti məsələlərin araşdırılması və Dövlət Proqramından irəli gələn tədbirlərin icrası ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.








