Qubada kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair İş Planının hazırlanması ilə bağlı geniş tərkibli tədbir keçirilib.
14 iyul 2026 | 15:43
Qubada kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair İş Planının hazırlanması ilə bağlı geniş tərkibli tədbir keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrası məqsədilə 14 iyul 2026-cı il tarixdə Qubada rayon üzrə "2026–2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair İş Planı"nın hazırlanmasına həsr olunmuş geniş tərkibli iclas keçirilmişdir.
İclas Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Tariyel İbrahimovun sədrliyi ilə keçirilmişdir.
Tədbirdə yeni yaradılan Qərargahın üzvləri, fermerlər iştirak etmişdir.
İclasda Dövlət Proqramının əsas məqsəd və vəzifələri, rayonun kənd təsərrüfatı və emal sahələrinin mövcud vəziyyəti, mövcud potensialdan səmərəli istifadə imkanları, istehsalın və emalın genişləndirilməsi istiqamətində görüləcək işlər, həmçinin hazırlanacaq İş Planında əksini tapmalı prioritet məsələlər müzakirə olunmuşdur.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Tariyel İbrahimov bildirmişdir ki, hazırlanacaq İş Planı rayonun kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunmasına, istehsal və emal sahələrinin genişləndirilməsinə, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasına, yeni məşğulluq imkanlarının yaradılmasına və kənd yerlərinin sosial-iqtisadi inkişafına mühüm töhfə verəcəkdir.
Müzakirələr zamanı iştirakçıların təklifləri dinlənilmiş, aidiyyəti qurumlar arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, statistik məlumatların dəqiqləşdirilməsi, mövcud problemlərin müəyyənləşdirilməsi və onların həlli istiqamətində görüləcək tədbirlərlə bağlı fikir mübadiləsi aparılmışdır.
Sonda Qərargahın fəaliyyətinin təşkili, İş Planının vaxtında, geniş və mükəmməl hazırlanması, aidiyyəti məlumatların toplanması və əlaqələndirmə işlərinin operativ həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.








