Qubada “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans işə başlayıb.
2 avqust 2023-cü il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba rayon Heydər Əliyev Mərkəzində “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans işə başlayıb. Konfransdan əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri cənab Mübariz Qurbanlı və Quba Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini cənab Tariyel İbrahimov Ulu Öndər Heydər Əliyevin adını daşıdığı parkda Ümummilli Liderimizin abidəsini ziyarət etmiş, Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərgi və kitab sərgisi ilə tanış olmuşlar. Ardınca Mərkəzdə RİHB-nin İƏD-lər üzrə nümayəndələri, bələdiyyə sədrləri, ağsaqqallar, din xadimləri və QHT nümayəndələrinin iştirakı ilə konfrans keçirilmişdir. Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri cənab Mübariz Qurbanlı, Quba Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini cənab Tariyel İbrahimov, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədr müavini, İnsan Hüquqları üzrə müvəkkilin (Ombudsman) Şimal regional mərkəzinin rəhbəri, Quba Rayon İcra Hakimiyyəti yanında İctimai şuranın sədri, Quba rayon Ağsaqqallar Şurasının sədri, Qafqaz Müsəlmanları İdarəsinin Quba, Qusar və Xaçmaz rayonları üzrə qazısı çıxış edərək ölkədə dini sahədə mövcud vəziyyət, görülmüş işlər və qarşıda duran vəzifələr barədə danışmışlar.